Dərc edilib: 14-04-2021

https://www.nuh.az/28491-.html

Rüstəm Usubov da həbs olunur

14.04.2021 07:58:12

LIVE

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin  azadlıqda qalan əsas simalarından biri - Mövlam Şıxəliyev, nəhayət, həbs edildi.

Azərbaycan dövlətçiliyinə, vətəndaşların hüquq və azadlıqlarına qəsddə bulunan bu dəstənin cinayətləri o qədər sensasion, dövlət adına ləkə oldu ki, ölkə rəhbərliyi “MTN” adında nazirliyi belə ləğv etmək məcburiyyətində qaldı.


MTN-nin ləğvindən 5 il keçməsinə, bu qurumdan 20-yə yaxın vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, nazirliyin İstintaq Baş İdarəsinin rəisi general Mövlam Şıxəliyev azadlıqda qala bilmişdi.

Baxmayaraq ki, MTN cinayətlərinin qurbanl olan  vətəndaşlar uzun zamandır onun da cəzalandırılmasını tələb edirdi.

Mövlam Şıxəliyevlə bərabər bu ölkədə cinayət məsuliyyətinə cəlb olunmalı olan hələ bir çox adamlar azadlıqda qalıb.

 

Bunlar o şəxslərdir ki, illərlə Eldar Mahmudovun cinayətkar qruplaşmasının əsas simaları olub və ağır cinayətlərdə iştirakçı olublar.

Onlar arasında baş prokurorun sabiq birinci müavini Rüstəm Usubov da var.

Bu o, Usubovdur ki, MTN-nin şərlədiyi insanların həbsinə birbaşa təqdim verib.

Bu o adamdır ki, MTN-nin şərlədiyi insanların saxta ittiham aktını imzalayıb.

Baş Prokurorluqda çalışan hər kis bilir ki, gözünü qan örtmüş, hüquqa tüpürən, vəzifəsinin məsuliyyətini anlamayan Rüstəm Usubov qarşısına qoyulan ittiham aktlarını oxumadan imzalayırdı.

Onun MTN cinayətlərinə şərikliyi barədə danışılanları eşidəndə beynimdə bir sual yaranırdı:

Görəsən, o doğrudanmı Ana südü, yoxsa canavar südü əmib? 

Qısası, MTN cinayətlərinin qurbanı olan hər kəs  bu gün Rüstəm Usubovun da həbsini gözləyir.

Ölkənin yeni Baş Prokuroru Kamran Əliyevə edilən müraciətlərin birinin araşdırılması kifayyətdir ki, Rüstəm Usubovun ətrafa nifrət ifadə edən və qan daman  gözləri dəmir barmaqlıqlar arasından boylansın.

Bu gün Eldar Mahmudovun tör-töküntüləri MTN-nin varis qurumundan təmizlənibsə (bir-iki adamın qalması istisna deyil-P.H) eyni addımlar Baş Prokurorluqdan və məhkəmə sistemindən də atılmalıdır.

Eldar Mahmudovun nazir olduğu dövrdə Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin fəaliyyəti formal olub.

Bu idarənin rəisi, onun prokurorları MTN-dəki istintaqlarla maraqlanmağa cəsarətləri çatmayıb. İradəsiz, qorxaq Baş Prokuror Zakir Qaralovun özü də Eldar Mahmudov qarşısında ikiqat əyilirdi.

Azərbaycanda heç kəsə sirr deyil ki, Eldar Mahmudovun hakim korpusuna yerləşdirdiyi xüsusi hakimləri vardı.

Novruz Kərimov, Eldar İsmayılov, Faiq Qəniyev kimi hakim adına ləkə olan bu adamlar MTN-nin şərlədiyi şəxslərin işinə baxırdı və bilə-bilə qanunsuz hökm çıxarmaqla daha bir cinayətə imza atırdılar. 

O cinayət ki, dövlətin adından törədilirdi.

Özlərini o qədər cəzasız mühitdə hesab edirdilər ki, qanun, ədalət anlayışı onlar üçün ölmüşdü.

Onlar kimi vicdan hissini unutmuş, qanunçuluğa tüpürən adamların əməlləri nəticəsində on minlərlə vətəndaşın dövlətə olan inamı da  sarsılmışdı.

Dostoyevskinin məşhur “Ədalətsizliklər arasında ən dözülməsi, qanun adı altında törədilənlərdir” fikri Azərbaycan reallıqlarının tam ifadəsidir.

Əgər doğrudan da Azərbaycan hakimiyyəti MTN cinayətlərinin hərtərəfli və obyektiv araşdırılmasında maraqlıdırsa, o zaman Eldar Mahmudovun özü başda olmaqla, prokurorluq və məhkəmə hakimiyyəti orqanlarına yerləşdirdiyi bu adamlar da həbs olunmalıdır. 

Pərviz Həşimli

NUH informasiya agentliyi səhifəsindən çap edilib