Dərc edilib: 18-04-2021

http://www.nuh.az/28526-.html

Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və...

18.04.2021 16:27:14

Müsahibə

45 ildən çoxdur ki, sükan arxasındayam. O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı. Aktrisalar içərisində ilk avtomobili mən sürmüşəm. Sürücülük həvəsi məndə ehtiyacdan yaranıb. Belə ki, həyat yoldaşım xəstə idi, məcbur idim ki, bütün evin işini mən görüm. Övladlarımı məktəbə, bağçaya aparıb qoyurdum. O vaxt mənə yaxşı da baxan var idi, pis də. Deyirdilər ki, buna bax, əri maşın sürməyə icazə verib. Ailəm üçün istifadə etdim maşından, uşaqlarımızı böyütdük, elə bilin ki, bu bizim ikinci köməkçimiz idi. Yoldaşımı işə aparıb qoyurdum, evə bazarlıq edirdim. Dükan-bazar hamısı üstümdə idi. Elə gün olub ki, 300 kilometr maşın sürmüşəm”
 
Bunu Moderator.az-a açıqlamasında aktrisa Məsumə Babayeva bildirib. Aktrisa avtomobildən uzaq düşməsinin səbəblərindən də danışıb.
 
“Yadımdadır, o vaxt avtomobilimi həyat yoldaşımla birlikdə almışdım. Maşını o qədər çox sevirdim ki, heç vaxt ağlıma gəlməzdi ki, ondan bu qədər uzaq qalacam. İndi isə sevmirəm, nifrət edirəm. İndikindən uzaq, nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail gözü ilə baxıram. Hər il dünyada, ölkəmizdə avtomobil minlərlə insanların həyatına son qoyur. İndi maşınsızam, ya avtobusdan, ya da taksidən istifadə edirəm. Vaxtilə mənə çox yaxın yoldaş olan olan maşın indi mənim düşmənimdir. Bundan sonra avtomobil idarə etməyi düşünmürəm” deyə aktrisa bildirib.
 
Aktrisa hal-hazırda Gənc Tamaşaçılar Teatrında çalışdığın bildirib.
 
“Biz sənətçilər sənətsiz yaşaya bilmərik. Hal-hazırda pandemiya hökm sürür. Mən teatrda müqavilə ilə çalışıram. Zəng edirlər ki, Məsumə xanım sabaha tamaşanız var, mən də onda gedirəm. Teatrların pərdələri tamaşaçı üçün darıxıb. Mən teatra gələndən fəaliyyətdə olmuşam. İstedadıma görə işlərim də çox olub. Hər zaman da teatrda baş rollar, xarakterik obrazları canlandırmışam.  Öncə oğlan, sonra isə ana və nənə rolları. Hər zaman tələb olunan aktrisa olmuşam. İş olanda yaşama stimulum artır” deyə Məsumə Babayeva deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib