Dərc edilib: 08-05-2021

https://www.nuh.az/28685-.html

Hitler və ÖZBƏKLƏR

08.05.2021 00:22:27

Müsahibə

 

SSRİ ilə ildırımsürətli qələbəyə ümid edən Hitlerin planları alınmamışdı. Müharibə uzanır, belə uzunmüddətli müharibəyə alışmamış alman əsgərləri arasında ruh düşkünlüyü yaranırdı. Smolensk şəhərini çətinliklə ələ keçirən faşistlər daha ağır, müharibənin taleyini həll edəcək Moskva hücumuna hazırlaşırdılar. Hitler hərbi əməliyyat qabağı əsgərlərin döyüş ruhunu yüksəltmək üçün Təbliğat naziri Yozef Gebbelsə müvafiq tədbirlər görməyi tapşırır.

Gebbels qərara gəlir ki, düşməni acız və vəhşi kimi göstərməklə sovet əsgərləri ilə müqayisədə alman əsgərlərinin yüksək mənəvi üstünlüyünü təbliğ etsin. Bu məqsədlə o, qısa bir film çəkmək, filmdə sovet əsgərlərinin bir parça çörək üstündə bir-biri ilə vəhşicəsinə didişməsini göstərmək istəyir.
Film üçün hərbi əsirlər arasından qeyri-avropa xarici görünüşlülər – özbəklər xüsusi olaraq seçilmişdi. Çəkilişdən əvvəl seçilmiş əsirlər, müxtəlif qeyri-insani işgəncələr verilməklə, günlərlə ac saxlanılmaqla, elə heyvanı vəziyyətə gətirilməli idilər ki, onlara bir tikə çörək atan kimi bir-birilərini ac hevan sürüsü kimi parçalamağa hazır olsunlar.
Müəyyən olunmuş vaxtda həbs düşərgəsinə yüksək rütbəli zabitlər, Almaniyanın ən yaxşı rejissor və kinooperatorlar qrupu gəlir. Bəzi məlumatlara görə, filmin çəkilişlərini müşahidə etmək üçün Gebbels özü də düşərgəyə gəlmişdi...
“İşıq, kamera, motor!” Çəkiliş meydançasının perimetri üzrə sanki moda jurnalları üçün seçilmiş ucaboylu, yaraşıqlı, ağımtılsaçlı, mavigözlü ari əsgərlər sıraya düzülüb. Onlar əsmərbənizli, qıyıqgözlü, bəstəboy, işgəncələrdən və aclıqdan pis günə düşmüş sovet əsirləri ilə kəskin təzad təşkil edirdilər.
Operatorlar bu təzadları tam göstərdikdən sonra meydançaya bir maşın yaxınlaşır. Dayanır və baqajını açırlar. Oradan yenicə bişirilmiş çörəyin ağlı başdan aparan dadlı iyi gəlir. Sevincdən əsirlərin hətta gözləri yaşla dolur.
İdeyaya görə, filmin kulminasiya anı kinokameralar altında olan meydançaya çörəyin atılması olmalı idi. Bu yarımheyvanların bir tikə çörəyə görə özünəbənzərləri dişləri ilə didəcəyi dəhşətli bir film olmalı idi. Faşist əsgərlər isə filmdən belə bir nəticə çıxartmalı idilər: “Bu canlılara qarşı sizin rəhminiz olmamalıdır. Onlar insan deyillər!”
Lakin hər şey gözlənildiyinin əksinə oldu. Atılmış çörək meydançanın ortasına düşdü. Əsirlərdən ən kiçiyi yaxınlaşıb, çörəyi yerdən qaldırdı. Araya qulaqbatırıcı sükut çökmüşdü. O, üç dəfə çörəyi öpüb, alnına toxundurdu. Sonra isə onu yoldaşlarından ən böyüyünə verdi.
Sonra isə əsirlər bardaş quraraq, dairəvi şəkildə oturdular və sanki Səmərqənd toyunda plov paylayırmış kimi çörəyi kiçik tikələrə parçalayaraq, bir-birinə ötürməyə başladılar. Hər kəs öz çörək tikəsini aldı, əvvəl onun istisinə əllərini qızdırdı, sonra isə gözlərini yumaraq, tələsmədən yedi.
Almanlar bir dini ayinə oxşayan bu səhnəni təəccüblə seyr edirdilər. Bu qəribə “ayin”in sonunda hamı “Xudoya şükür” dedi.
Gebbelsin planları özbək xalqının alicənablığı qarşısında darmadağın olmuşdu. O, başqa irqə məxsus millətin necə böyük mədəniyyətə malik olmasını, yoldaşlarını necə sədaqətlə sevməsini və çörəyə necə ləyaqətlə hörmət etməsini təsəvvür belə etməzdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib