Dərc edilib: 09-05-2021

https://www.nuh.az/28711-.html

Möcüzə - Ağzıbağlı OXUYAN qız: Nəfəs alıb ... VİDEO

09.05.2021 15:18:37

Müsahibə

Ağzıbağlı şəkildə mahnı oxuyan Leyla Tağıyeva Moderator.az-ın suallarını cavablandırıb.

 

  - Öncə istərdim özünüzü Moderator.az oxucularına təqdim edəsiz.

 

- Öncəliklə, dəyərli oxucuları salamlamaq istərdim. Mən Leyla Tağıyeva, 21 yaşım var və ADA Universitetinin 4-cü kurs tələbəsiyəm. Fakültəm beynəlxalq münasibətlərdir və fəaliyyətimin əksəriyyəti də məhz bu sahə ilə bağlıdır. Qısaca qeyd etmək istərdim ki, 2 il öncə Avropa Parlamentində təcrübə proqramında iştirak üçün seçilmişəm, Erasmus Tələbə Şəbəkəsi ADA-nın Prezidenti olmuşam və mübadilə proqramı ilə Fransada təhsil almışam. 10-larla ictimai tədbirin təşkilatçısı və ya iştirakçısı olmuşam. Lakin, bütün bunlar bir kənara, uşaqlıqdan həvəskarcasına musiqi ifa edirəm və bəstələyirəm. 2-ci Qarabağ müharibəsi ərzində “Sən Qarabağsan” və yarı ingiliscə rep tərzində yazılan “Torpaq” mahnılarını bəstələmişəm. Önümüzdəki aylarda sözlərini yazdığım “Sənsiz” mahnısını musiqi platformalarında paylaşaraq Azərbaycana “dark (qaranlıq) pop” janrını gətirmək istəyirəm.

 

- Siz musiqi istedadınızla yanaşı fərqli bir bacarığa da sahibsiniz. İstərdim bu haqda özünüz danışasınız.

 

- Ağzı bağlı danışanlara bildiyim qədəri ilə vantroloq deyirlər. Ağzı bağlı mahnı oxumaq üçünsə həm vantroloq, həm də vokal cəhətdən istedadlı olmaq lazımdır. Bunu 2021-ci ilin əvvəllərində özümdə kəşf etmişəm. Böyük Britaniya və Türkiyədə təşkil olunan beynəlxalq istedad müsabiqələrində dişləri bağlı şəkildə oxuyan insanlar olub. Bunu da bacarıram, daha asandır. Ağzı bağlı ifalarımı isə sadəcə əyləncə məqsədi ilə və maraqlı olduğu üçün sosial şəbəkələrdə ilk dəfə paylaşmışam. Heç gözləmədiyim səbəbə görə qısa zamanda gündəm oldum. Məsələ hətta ölkə xaricinə belə gedib çıxdı.

 

- Ağzı bağlı şəkildə oxumağa necə başlayırsınız? Prosesi bizə izah edə bilərsiniz?

 

- Nəfəs alıb ağzımı şişirirəm və bu nəfəslə normal mahnı ifa edəndə işlətdiyim eyni metodları işlədirəm. Vokal və ya vantroloq təhsili almadığım üçün prosesi daha yaxşı izah edə bilməyəcəyəm. Sadəcə alınır.

 

- Çətindirmi? Nə kimi çətinlikləri var?

 

- Həmin vaxt nəfəs almadığım üçün vokal potensialımın ancaq kiçik bir hissəsini göstərə bilirəm. Ağzı açıq ifa etdikdə isə səsim daha təmiz və sərhədsiz olur

 

- Ağzı bağlı danışmaq asandır yoxsa oxumaq?

 

- Danışmaq. Çünki, oxumaq üçün güclü nəfəs alma texnikası və vokal istedadlar da tələb olunur.

 

- Ətrafdakı insanların reaksiyası sizə necədir?

 

- Bunu edə bilməyim ətrafımdakı insanlara qeyri-adi gəlir və pozitiv qarşılanır. Məni tv-lərdən və mediyadan tanıyanlar isə 2 yerə ayrılır: məni tanımayıb neqativ fikir bildirənlər və məni araşdırıb müsbət fikir bildirənlər. 1-ci kateqoriya ancaq ilk 3-5 gün mənə təsir edə bildi. Bəzi insanlar özləri bacarmadığı şeylərə şübhə və kin ilə yanaşırlar. İkinci kateqoriyadan çox insan isə artıq daimi izləyicimə çeviriblər. Mənim sosial aktivliyimlə, musiqimlə, cəmiyyət üçün gördüyüm işlərlə də maraqlanırlar və bu məni hədsiz xoşbəxt edir.

 

- Bu bacarığınızı inkişaf etdirməyi düşünürsünüz?

 

- Bu bacarığa sadəcə əyləncə kimi yanaşıram. Məqsədim vantroloq kimi yox, musiqiçi və diplomat kimi tanınmaqdır. Özümdə daha nələri kəşf edəcəyimi isə zaman göstərəcək. Məsələn, yenicə öyrəndim ki, ağzı bağlı yanıltmac da deyə bilirəm. Məncə, incəsənət sərhədsiz olmalıdır. - Kiməsə öyrədə bilərsiz bunu? - İzah edə bilmədiyim üçün, yəqin ki, yox. Ancaq, bacaranlar var. Məsələn, Jessie J.

NUH informasiya agentliyi səhifəsindən çap edilib