Dərc edilib: 09-05-2021

https://www.nuh.az/28719-.html

Topçubaşov professor adından niyə imtina etmişdi ?

09.05.2021 22:14:09

LIVE

Bu gün görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun doğum günüdür.


Kult.az Əlimərdan bəy Topçubaşovla bağlı 7 faktı təqdim edir:

1. Əlimərdan bəy 1863-cü il mayın 4-də Tiflisdə anadan olub. Babaları hərbçi olublar və Topçubaşov soyadı da buradandır.

2. Əlimərdan bəy 1885-ci ildə birinci Tiflis gimnaziyasında orta təhsilini başa vurub. Elə həmin il Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olub və 1889-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

3. Peterburq Universitetinin Hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun professor olması haqda qərar qəbul edib. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov pravoslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy isə pravoslavlığı qəbul etməkdən imtina edib.

4. Topçubaşov 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanımla evlənib. Zərdabi qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəyib.

5. 1894-cü ildə Əlimərdan bəy ailəsi ilə birlikdə Bakıya köçüb və 4 il sonra “Kaspi” qəzetinin baş redaktoru olub. Onu bu vəzifəyə qəzetin sahibliyini yenicə almış milyonçu Hacı Zeynalabdin Tağıyev təyin edib.

O, burada Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev kimi ziyalılarla birlikdə işləyib.

6. Əlimərdan bəy Kadet Partiyasının üzvü idi və Birinci Dumaya 1905-ci ildə Bakı dairəsindən seçilmişdi. Kadetlər - Konstitusiyalı Demokratlar Rusiyada da Britaniyadakına bənzər konstitusiyalı monarxiyanın bərqərar edilməsinə çalışırdılar.

Topçubaşov Dumada müsəlman fraksiyasının üzvü idi. Beləliklə o, təkcə azərbaycanlıların deyil, Krım tatarlarından tutmuş Orta Asiyanın türkmənlərinədək, bütün Rusiya müsəlmanlarının lideri idi.

7. Topçubaşov 1919-cu ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri kimi Parisə yollanıb və orada Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün danışıqlar aparıb. O, burada ABŞ Prezidenti Vudro Vilson və başqa rəsmilərlə görüşüb. Məhz onun diplomatik səyləri nəticəsində bu dövlətlər AXC-ni de-fakto tanıyıblar.

Qeyd edək ki, Əlimərdan bəy Topçubaşov iki il davam edən xəstəlikdən sonra 8 noyabr 1934-cü ildə Paris ətrafında vəfat edib. Onun məzarı Sen Klu şəhər qəbiristanlığında yerləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib