Dərc edilib: 12-05-2021

https://www.nuh.az/28751-.html

Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya getdidlər

12.05.2021 11:21:10

Hadisə

Bir qrup mədəniyyət, incəsənət və ictimai xadim, eləcə də jurnalistlər Şuşaya səfər ediblər.
 
Səfəri Heydər Əliyev Fondu təşkil edib.
 
Şuşa yolçuluğuna çıxan tanınmış simalar iki gün Azərbaycanın mədəniyyət paytaxtında qonaq olacaq - "Xarı bülbül" festivalında iştirak edəcəklər.
 
Səfər öncəsi təəssüratlarını bölüşən “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Biriyinin katibi Rəşad Məcid bildirib:
 
- “Bütün gecəni yol gedəcəyik, bir az yatıb gözümün acısını alım” düşüncəsiylə gün uzunu nə qədər əlləşdim, xeyiri olmadı. Nə illah eləsəm də, tanış küçələr, doğma mənzərələr hərlənib-firlanıb yenə gəlib durdu gözlərimin qabağında. Şuşanı görmək duyuğusunun yaratdığı həyəcan, ürək çırpıntısı çimir eləməyə imkan vermədi.
 
... Əziz Şuşa! Səni görmək, sənə qovuşmaq yanğısından üstün nə ola bilər? Hansı hiss bu həyəcana tən gələr? Az qala, Daşaltıda əks-səda verən, Cıdır düzündə eşidilən bu ürək çırpıntılarını necə duymamaq olar?
 
Əlimi uzadıb ulduzlarını sığallasam, daşını-torpağını oxşayıb gözlərimin üstünə qoysam, günahımdan keçərsənmi? Son dəfə 1991-ci ilin payızında tək-tənha baş çəkdiyim, hüzünlü, bənizi saralmış Cıdır düzü məni əfv edərmi? Şuşa məni bağışlayarmı?
 
Kim bilir, bəlkə, bağışlanmamaq qorxusu itirmək qorxusundan daha ağırdır.
 
Fərhad Bədəlbəyli kimi hamılıqla hüzurunda diz çökərək, “Bizi bağışla, Şuşa!” deyib bəraət istəsək, bizi əfv edərsənmi?!..
 
Mərhəmətinə sığınaraq hüzuruna gəlirik!..

NUH informasiya agentliyi səhifəsindən çap edilib