Dərc edilib: 14-05-2021

https://www.nuh.az/28767-.html

Şuşada yatmış idim, Top atdılar oyanmadım..

14.05.2021 12:20:59

LIVE

“Elə sovet dövründə tut arağının küpünə, erməni axçilərin ağuşuna girib İsa bulağında, Turşsuda div yuxusuna getdik ki, təzədən bizi qanımıza qəltan edib torpaqlarımızı da 30 il işğalda saxladılar...”
 
“Qarşıda “Böyük Qayıdış” proqramına uyğun olaraq büdcədən ayrılacaq milyonları, milyardları düzgün(!), səmərəli(!) xərcləyərək insanların o torpaqlarda daimi məskunlaşmasına  şərait yaratmaq var axı...”
 
Məlum olduğu kimi, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun  doğma Şuşasında "Xarıbülbül" musiqi festivalını izləyərkən yuxuya getməsi haqda xəbər və fotolar yayılıb.
 
Bu, Şuşa(!) icra başçısının dövlət əhəmiyyətli kütləvi tədbirlər zamanı qeydə alınan ikinci mürgüləməsidir...
 
Xatırladaq ki, Bayram Səfərov  2018-ci ildə  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi...
 
Dövlət məmurlarının tənbəl, yatağan olması heç xoşagələn hal deyil. Əslində yolverilməz haldır.  Xüsusən də nazirlər, icra başçıları, ələlxüsus da əhalisi hələ də torpaqlarına qayıtmamış işğaldan azad rayonların icra başçılarının...
 
Bilirik, yuxu şirin şeydir. Özü də Şuşada, Cıdır düzündə Üzeyir bəyin “Koroğlu” üvertürasının  möhtəşəm sədaları altında... Paa!..
 
Fəqət, Xankəndini, Malıbəylini, Quşçuları, Meşəlini, Kosaları, Kərkicahanı, Xocalını, Əsgəranı, Ağdərəni, Xocavəndi, Qırmızı Bazarı və s. düşmən qüvvələrdən sözün əsl mənasında azad etməmiş, Böyük Kirs, Bala Kirs, Sarıbaba, Qırxqız və s. zirvələrin tam nəzarətimizdə olmasına əmin olmamış Şuşada  nəinki yatmaq, mürgüləmək, heç göz yummaq da haramdır, Bayram müəllim!.. 
 
Özü də belə mürgü vurmaq heç, işgüzar-maddi(!) baxımdan da Şuşa ilə yanaşı, Laçının, Kəlbəcərin, Xocalının, Ağdamın, Qubadlının, Zəngilanın, Füzulinin, Cəbrayılın, Xocavəndin və s. başçılarına da sərfəli deyil. Qarşıda “Böyük Qayıdış” proqramına uyğun olaraq büdcədən ayrılacaq milyonları, milyardları düzgün(!), səmərəli(!) xərcləyərək insanların o torpaqlarda daimi məskunlaşmasına,  “ağıllı” şəhər, qəsəbə və kəndlər, böyük fermer təsərrüfatları, fabriklər, zavodlar qurulmasına şərait yaradaraq düşmənə növbəti gözdağı vermək var axı...
 
Atalar əbəs yerə deməyib: 
 
"Yuxu - ölümün qardaşıdır",  "Yatan aslan olsa da, fürəst oyağındır",  "İlan yatar - düşmən yatmaz", "Düşmənə fürsət vermə, ayıq ol"...
 
Elə 1920-1930-cu illərdən sonra, sovet dövründə, yəni ermənilərlə “kirvə”ləşəndən, “qardaş”laşandan, ermənilərin çəkdiyi “göz yaşı” kimi tut arağının, Çartaz çaxırının küpünə, erməni axçilərin ağuşuna girib Şuşanın İsa bulağında, Turşsusunda, Laçının Turşsusunda, Kəlbəcərin İstisuyunda, Qubadlının Bərgüşadında, Zəngilanın çinarlığında və s. div yuxusuna getdik ki, təzədən bizi qanımıza qəltan edib torpaqlarımızı da 30 il işğalda saxladılar...
 
Yenidən azad Qarabağda eyni qaydada nəfsimizə uyub, ermənilərlə eyni “kirvəliyi”, axçilərlə eyni  eyni eyş-işrəti yaşamaqdan əlhəzər!!.
 
Sultan Laçın 

NUH informasiya agentliyi səhifəsindən çap edilib