Dərc edilib: 23-05-2021

https://www.nuh.az/28855-.html

Azərbaycanın ilk KLOUNları

23.05.2021 20:21:47

Maqazin

"Bizim ustadımız, Xalq artisti Bəxtiyar Xanızadə deyirdi ki, bizdən öncə sirkdə bir aktyor olub, adı indi yadımda deyil, o çox gözəl kloun idi. O tək idi. Amma müasir dövrdə ürəklə deyə bilərəm ki, Azərbaycanın ilk klounları bizik-məşhur üçlük, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Qurban Məsimov və mən Elman Rəfiyev. Yəqin ki, bu adlar hamıya tanışdır. Bu klounların da yaradılmasının səbəbkarı Bəxtiyar Xanızadədir"
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Pantamim teatrının aktyoru və direktoru Elman Rəfiyev deyib.
 
Sənətkar daha sonra əlavə edib:
 
"1996-cı ildə televiziyalardan birində yeni il ilə bağlı gözəl bir veriliş çəkilirdi. Xalq artisti Ramiz Həsənoğlu Bəxtiyar Xanızadəni dəvət edib dedi ki, mən istəyirəm, ilk klounlar televiziyaya ayaq açsın. Biz də bu dəvəti sevə-sevə qəbul etdik. İlk idik, yeni idik, Bəxtiyar müəllim hər bizim çıxışımızdan sonra məsləhətlərini verirdi, başa salırdı ki, klounada janrı nədir? O vaxt internet çox inkişaf etməmişdi, ordan-burdan məlumatlar toplayırdıq, Bəxtiyar müəllim əlində olan video yazıları bizə göstərirdi. Biz efirə çıxsaq da adsız idik. Adımızın yaranmasının da çox maraqlı tarixçəsi var. Həmin verilişdə bütün yeni il gecəsini biz aparırdıq. Rəhmətlik meyxanaçılar Nizami Rəmzi və Kəbir meyxana deyirdi, biz də onların yanında çırtma çalırdıq. Nizami Rəmzi baxdı bizə və dedi ki, siz nə yaxşı klounlarsız. Bizim də 25 yaşımız ancaq olardı. Soruşdu ki, sizin adınız var? Dedik ki, yox! Başladı danışmağa ki, bizim kənddə iki dost var, hər gün səhər bir-birləri ilə görüşəndə deyirlər ki, "appa nini", o biri də deyir ki, "nini appa". Yəni sabahın xeyir, aqibətin xeyir! Birinizin adı olsun Appa, o birinin isə Nini olsun. Nini adını mən, Appa adını isə Qurban götürdü. Pərviz qaldı kənarda, bir az kədərləndi. Dedi ki, onda sənin də adın olsun "Zır-zır". Uzun müddət biz el şənliklərində, doğum günlərində bu adlarla iştirak etdik. Bəxtiyar Xanızadə həmişə arzulayırdı ki, kloun janrı səhnəyə çıxsın. Çünki səhnədə kloun tamam başqadır. O vaxt bir çox xarici kollektivlərdən klounlar gəlmişdi, biz onları gördük, bu da bir növ bizə dəstək idi. Beləliklə, klounlar səhnəyə çıxdı. Son illərdə teatrımızın  aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğlunun quruluş verdiyi "Ora-bura" tamaşasında mən Nini kloun obrazı ilə səhnəyə çıxıram. Kloun janrı insanlar və teatrsevərlər  arasında sevilməyə başladı. Biz maska arxasında maskalanmış insanlara baxırıq. Kloun çox çətin janrdır, sən həm hazırcavab olmalısan, söz bazan çox olmalıdır, düşdüyün məqamdan çıxmağı bacarmalısan. Ona görə də hər yerindən duran kloun ola bilməz. Üzünə qrim çəkib, rəngli paltar geyinməklə kloun olmaq olmur, o rənglənmiş oyuncaq olur. Klounun dünyagörüşü olmalıdır, onun həyata baxışı, onun bir istəyi olmalıdır ki, mən bu həyatdan nə istəyirəm?! Kloun həm də insan psixologiyasını bilməlidir, insan psixologiyasını biləndə onlara düzgün yanaşıb, ünsiyyət qurub, zarafat edə bilir".
 
"Biz kloun deyəndə sirki yada salırıq, sirkdəki kloun aradakı pauzaları doldurmaq üçündür. Onu da deyim ki, biz sirkdə də kloun kimi çıxış etmişik. O da insandan böyük enerji tələb edir, çünki sirkdə kloun kimi çıxış etmək tamam başqa bir istedaddır, səhnədə və el şənliyində isə tamam başqa bir istedad. Get-gedə kloun janrı ucuzlaşdığı üçün biz qərara gəldik ki, həmin o getdiyimiz el şənliklərindən, ad günlərindən uzaqlaşaq. Bəxtiyar müəllim dedi ki, mən istəyirəm, sizin klounlarınız səhnədə öz ağrısını, acısını tamaşaçılara çatdırsın. Beləliklə, klounlarımız sırf səhnədə qaldı. Bir maraqlı hadisəni də sizinlə bölüşmək istəyirəm. Mənim qızım ailə həyatı qurdu, günlərin bir günü qızımın qaynanası mənə bir şəkil yolladı, baxdım gördüm ki, mən kloun geyimində dayanmışam və yanımda 5 uşaq dayanıb. Dedi ki,  yanında dayanan oğlan sənin gələcək kürəkənindir. Bu kimi təsadüf hallara dünyada çox az rast gəlinir",deyə Elman Rəfiyev bildirib.
 
 
 
 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib