Dərc edilib: 23-05-2021

https://www.nuh.az/28856-.html

Onlara “sizi sevirəm” deyin, onları öpün...

23.05.2021 23:14:22

Müsahibə

Bir dəfə bunu demişdim, Allahın məqsədlərini öyrənmək istəyirəm. Nəyə görə insanları yaradıb? Bəlkə yazıçı kimi düz fikirləşmirəm, ancaq düşünürəm ki, Allah bizi bədbəxtçilik üçün yaratmayıb.


Yeniavaz.com   xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev bildirib. O qeyd edib ki, insan üçün valideynlər və cansağlığı ən dəyərli məfhumlardır:

“Borxes yazır ki, əgər insan Allaha heç olmasa 1 faiz inanırsa, o, Allahın bütün bəşəriyyəti yaratdığına da inanmalıdır. Əgər hər şeyi Allah yaradıbsa, onda iblisi də Allah yaradıb. Borxes bu anda soruşur: “Axı nə üçün iblis yaradılıb? Bizə axı iblis olmadan yaşamaq yaxşı olmazdımı?” Çünki iblisi yaratmaqla Allah bizə seçim verib. Yolumuzu biz özümüz seçirik. İki yol var: Allahın yolu, iblisin yolu. Elə insanlar var, sona qədər iblisin yolunu gedirlər. Mən inanıram ki, Allah insanı xoşbəxtlik üçün yaradıb”.

Xalq yazıçısı bildirib ki, həyatda ancaq iki gününü, ana və atasını itirdiyi günləri dəyişmək istərdi:

“Həmişə deyirəm ki, evə gedəndə ananıza, atanıza “mən səni sevirəm” deyin. Onları öpün. Bilirsiz, necə sevinəcəklər?! Bir az fikirləşin ki, siz bu dünyaya niyə gəlmisiniz, sizdən sonra nə qalacaq. Siz elə yeyib-içmək və heç nə etməmək üçün bu dünyaya gəlmisiniz? Biz bunları deyəndə kimisi hirslənir, deyinir. Puldur, kitablardır - bunlar o qədər də ciddi deyil. Ciddi olan cansağlığıdır. İnsan uşaqlarının canı sağ olanda xoşbəxt olur, ata-anası sağ olanda xoşbəxt olur. Mənim anam 87 yaşında, atam 81 yaşında dünyasını dəyişib. Amma onların mənə verdiyi xoşbəxtlik əbədi mənim qəlbimdə yaşayacaq, həmişə mənimlə qalacaq. Görün mən neçə yaşınadək uşaq qalmışdım. İtirəndən sonra nə itirdiyimizi başa düşürük. Onlardan çox bizi heç kəs sevməyəcək. Düzdür, bizim həyat yoldaşımız, uşaqlarımız var. Ancaq biz onları sevirik. Valideynlərimiz yanımızda olanda biz başa düşmürük ki, necə xoşbəxtik. Sonra anlayırıq ancaq, onda da gec olur.

Mən həyatda iki günümü dəyişmək istərdim. Biri atamı itirdiyim, digəri isə anamı itirdim gündür. Mən istəyərdim, bu bir az da gec olsun. Düzdür, bunu deyəndə mənə bildirirlər ki, anan 87, atan 81 yaşında dünyasını dəyişib, istəyirdin 200 il yaşasınlar? Bəli istəyərdim, istəyərdim... Amma başqa heç nəyi dəyişmək istəməzdim”. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib