Dərc edilib: 28-05-2021

https://www.nuh.az/28899-.html

Atam Azərbaycan musiqisində elə bir iz qoydu ki...

28.05.2021 09:26:25

Maraqlı

 

"Bu gün atamın doğum günüdür, 94 yaşı olardı əgər yaşasaydı. 6 ildir ki, artıq o bizim aramızda yoxdur, 2015 - ci il sentyabrın 8-də dünyasını dəyişdi. Sonuncu dəfə elə 2015-ci ildə öz doğum günündə ailə üzvləri-övladları, nəvələri, nəticələri ilə birgə masa başında oturdu, biz onun sonuncu 88 yaşını qeyd etdik. Çox sevinirdi, fərəhlənirdi"
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva bildirib. Sənətkarın qızı daha sonra əlavə edib:
"Atam elə bir insan idi ki, özünə doğum günü keçirməzdi, bu cür şadyanalıqla keçən tədbirləri sevməzdi. Bu bəlkə də ondan irəli gəlirdi ki, o dövlət tərəfindən böyük diqqət görürdü. Atamın 80, 85 illik yubileyləri çox gözəl qeyd olunmuşdu. Ona görə də atam bu tədbirlərlə kifayətlənirdi, ayrıca özünə doğum günü keçirməzdi, şan-şöhrətdən uzaq idi. Ailə üzvləri ilə bir yerdə olmağı sözsüz ki, sevirdi. Biz hər il istər doğum günündə, istərsə də anım günündə fəxri xiyabana gedərək Habil müəllimi yad edirik. Təbii ki, bu gün də gedəcəyik, istər nəvələri, istərsə də nəticələri ilə. Atamın yoxluğu çox görünür, bizim həyatımızda çox böyük boşluq var. Onun yoxluğunu bütün ailə üzvləri, nəvələri, nəticələri belə hiss edir. Nəticələri ona "qoca baba" deyə müraciət edərdi. Çünki öz babaları var idi, Habil müəllimi artıq qoca baba adlandırırdılar. İndi istəməsinlər, çox sevirdilər onu, o da həmçinin. Nəticələri deyir ki, kaş yaşasaydı, bizi görsəydi. Elə bir gün yoxdur ki, evdə mənim atamdan danışılmasın, söhbət olunmasın. Mən Habil Əliyevin qızı olduğuma görə qürur duyuram. Atam Azərbaycan musiqisində iz buraxdı getdi. Elə bir iz qoydu ki, o heç vaxt unudulmur, hər zaman qəlblərdədir, çünki o xalqın sevgisini qazandı. Biz bu sevgini bu gün də hiss edirik. Hər kəs onun övladı olduğumuzu bildikləri anda həqiqətən də gözəl sözlər eşidirik və bu bizə qürur verir. Hər zaman da insanların ürəyində, qəlbindədir.. Onu sevənlər çoxdur.  Atam ermənilərin əlindən kamançanı aldı, bu böyük bir inqilab idi. Elə bu xidmətlərinə görə də Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev və vitse prezidentimiz Mehriban xanım Əliyeva onun fəaliyyətini yüksək qiymətləndirdi. Biz ailəmiz adından onların hər birinə öz təşəkkürümüzü bildiririk. Həm sağlığında, həm də xəstələnəndə dövlətdən çox dəstək aldı. Allah bütün valideynlərə rəhmət etsin, məkanları cənnət olsun".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib