Dərc edilib: 28-05-2021

https://www.nuh.az/28901-.html

M.Ə.Rəsulzadə - “Bu günün ilhamı” - Nəsiman Yaqublu

28.05.2021 09:50:11

Mədəniyyət

Bu gün tariximizin ən böyük günüdür-28 May istiqlalıdır, Respublika Günüdür.Bu münasibətlə M.Ə.Rəsulzadənin “Odlu Yurd” jurnalında 1929-cu ildə çap olunmuş yazısını oxuculara təqdim edirəm.
 
M.Ə.Rəsulzadə “Bu günün ilhamı”
 
28 Mayıs!.. İştə idealist Azərbaycan nəslinə ilham verən bir gün! Hürriyət və İstiqlal günü!
Əsrin ən qüvvətli şüarını təşkil edən milliyət prinsipi və milli istiqlal haqqından bilistifadə bundan on bir yıl əvvəl kəndi istiqlalını elan edən Azərbaycan xalqı, 28 Mayıs Bəyannaməsilə bir milliyət olaraq əsrlərdən bəri təəzüv edən və sənələrdən bəri genişləyərək nəhayət siyasi şüur və milli ehtiyac halına gələn davasını təsbit ilə mədəni millət  olaraq yaşamaq əzmində olduğunu bütün cahana elan etdi. 
Bu gündən etibarən 28 Mayıs Azərbaycan xaqlının həyatında siyasi ən mühüm bir amil oldu.
Hər hanki bir müəssisədə olduğu kibi, fikir müəssislərinin də sənəlik bilanço günləri vardır. On bir sənədən bəri milli Azərbaycan fikri yaşadığı həyat bilançosunu 28 Mayısda yoxlar və kəndi ilhamını bu tarixi gündən alır.
28 Mayıs müasir Azərbaycan cəmiyyətinin daha Mirzə Fətəli ilə başlayan milli tərəqqiyət və harsi inkişaf seyrini icmal edərək, ona yaşadığımız milli istiqlal məfkurəsilə məşbu böyük dövr ilə mütənasib bir şəkil və istiqamət vermişdir.
Bu şəklin hanki ümdələrə istinad etdiyi ilə bu istiqamətin hanki hədəflərə doğru getdiyini bilmək istəyənlər ilk səyfəmizdəki bəyannaməni oxusunlar. Bu bəyannamə milliyət, cumhuriyyət, demokrasi və müasirlik kibi dörd böyük rükün üzərinə qaim bir fikir mənzuməsindən mülhəmdir.
Öylə bir ilham ki, bu gün ən Uzaq Şərqdəki Çindən tutaraq, Qərbin ən son nöqtəsindəki İrlandiya, cənubdakı Hindistandan alaraq şimaldakı Fin qövmlərinə qədər dünyanın hər tərəfində böyük hərəkətlər yaradıyor, insan kümələrini xatır və xəyala gəlməyən bir enerji ilə tərəqqi və inkişaf yoluna sövq ediyor.
18-ci əsrin sonları və 19-cu əsrin ibtidalarından etibarən mədəniyət dünyası tarixində ən böyük rol oynayan bu ilham verən fikir, milliyət ümdəsi, iyirminci əsrin hülulu ilə daha ziyadə qüvvət almış, Avropa və Amerika hüdudunu aşaraq, yaxın və uzaq şərq məmləkətlərini dəxi kəndi təsirilə sarmışdır.
Cahanı içindən gəmirən təzadların zəruri çarpışmasından vücuda gələn böyük müharibə əsnasında bu böyük qüvvətin icra etdiyi təsiri gördük. Cahan hərbi kəndisini doğuran böyük təzadları tamamilə həll edəmədi bu, tamamilə həll edilməyən məsələlər meyanında milliyət məsələsi də vardır. Fəqət bu məsələ təmamilə həll edilməmişsə də, qismən həll olunmuş, qismən də həlli önünə keçilməz bir inad və israrla vəzedilmişdir.
Bu üzərində israr edilən məsələlərdən biri də 28 Mayısda vəz olunan Azərbaycan məsələsidir.
İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir türk cumhuriyyətinin istiqlalını təsbit edən 28 Mayıs Bəyannaməsi Böyük Millət Məclisinin Türkiyə Cumhuriyyətinin hürriyət və istiqlalını təzəmmün edən “misaqi milli” növindən bir vəsiqədir. Bu vəsiqə, böyük Fransız ixtilalı, böyük Amerika istiqlal hərbi, böyük Almaniya istixlası, böyük İtalyan ittihadı kibi hürriyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyəti ilə imtizaç etdiyini göstərən bir vəsiqədir.
Milli istiqlal davası − mədəni millətlər ailəsi meyanında kəndinə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih haqqına daha malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə məşğuldur. Azərbaycan xalqı bu ikinci növə daxildir. 
Əvət, on bir sənə əvvəl biz bu haqqımızı iqtisab etmiş, kəndi yuvamızı qurmuş, kəndi həyatımızı kəndimiz idarəyə başlamışdıq. Bizim böylə bir haqqa malik olduğumuzu və kəndi kəndimizi idarəyə layiq olduğumuzu mədəniyət dünyası da qəbul eyləmiş, Azərbaycan Cumhuriyyətinin İstiqlalı böyük dövlətlər tərəfindən dəxi tanınmışdı.
Fəqət sözdə millətlərin kəndi müqəddəratlarını bizzat həllə haqlı olduqlarını qəbul edən bolşeviklər, iştə təvarüs etdikləri rus imperializminin ənənəsinə sadiq qalaraq − o zamankı siyasi vəziyətdən  bilistifadə − böyük bir qüvvətlə  Azərbaycan hüdudunu keçərək hürriyət və istiqlalımıza təcavüz etdilər: milliyyət, cumhuriyyət və demokrasi ümdələrini təhqir ilə milli müqəddəsatımızı kirli ayaqları altında çeynədilər.
Onlar bu ani zərbə ilə həyatı durdurmaq, tarixi çevirmək istədilər. Fəqət bihudə!..
Tətbiq olunan bütün məzalimə, təcrübə olunan şeytani sistemlərə rəğmən, Azərbaycan həyatı müstövli bolşevizmin deyil, xilaskar milliyyətçiliyin hədəfi üzərində inkişaf etməkdədir. Komunizm ixtilalının iğfal edici şüarlarilə ovudaraq, mücadilə həyatına cəlb etdityi xalq kütlələri həqiqi əsasdan ari olub xəyallar üzərində qurulan sistemin iflası nisbətində tarixin təbii yolundan getməyi  bolşeviklərə rəğmən öyrəniyor, milli müqavimət gündən-günə qüvvətləniyor. Qismi məxsusumuzda təsbit edildiyi kibi, millət, başına çökən bu kabusa müsəlləh qiyamlar, siyasi mücadilələr və harsi müqavimətlərlə qarşı gəliyor.
Şöylə ki, müqəddəs cidalın on birinci yıl dönümünə aid bilançoyu yaparkən bax nələr qeyd edə biliyoruz:
Köylülər əkin sahələrini azaldıyor, hökumətə ərzaq satmaq istəmiyorlar; sovet seçkiləri bolşevizyada hökmüfərma olan o müdhiş terrora rəğmən, sovet əleyhində bir nümayiş şəklinə giriyor. Komunistləri öldürüyorlar, komisyonları basıyorlar, köylü, komunistlərin verdiyi listəyi deyil, kəndi adamlarını seçdirmək istiyor.
Gənclər milliyə ruhu ilə mütəxəssisdir. Bu ixtisas gəncliyə qarşı tətbiq olunan təqibat sistemilə məkusən mütənasib olaraq artıyor. Komsomollar belə milliyətçi oluyorlar. Nə nəfilər, nə həbslər, nə də qətllər bu gəncliyi milli məfkurəyə mərbutiyətdən alıkoyamıyor. Böyük kafilələr şəklində şimali Rusiyaya sürülən mücahidlər “Yaşasın Azərbaycan!” deyə vaqonlara atılıyor və arxasından ağlayan gəlinə “türk qızı ağlamaz!”  bağırıyorlar!..
İstila qüvvəti gün keçdikcə sisteminin həyatın canlı qüvvətlərilə mücadilədə məğlub olduğunu görüyor və kəndi istinad etdiyi qüvvətlərdən də şübhələnməyə başlıyor. Nəticədə biz qızıl ordu nəfərləri arasında dəxi həbslər, nəfylər və qətllər icra edildiyini xəbər alıyoruz, duyuyuruz ki, komunistlər belə silahlarından təcrid olunuyorlar. 
Əvət, zaman milli istiqlal fikrinin lehinə işliyor. Qəlblərini bu qayəyə bağlayan və cəhdlərini bu uğurda sərf edən azərbaycanlılar hər sənə 28 Mayısda keçdikləri cidal yolunu seyr edər, hədəfə vuracaq məsafəyi tədqiq edərlər, hərəkatın aktiv və passivini ölçərək yıllık bilançoyu yapdıqdan sonra yeni bir qüvvət və ilham ilə mücadiləyi davam etdirirlər!
Bu gün bizə nə ilham ediyor? On bir sənəlik mücadilə nəticəsində nə görüyoruz?
Mücadilə əzm və iradəsi mətinləşən bir millət görüyoruz ki, hər dürlü maneələrə rəğmən bir dəfə təsbid olunan böyük hədəfə doğru durmadan yürüyor! Cahan tarixinin təcrübəsindən, milliyət fikrinin qüvvətindən və türkün əzəli qabiliyətindən mülhəm olan bu yürüyüş mütləqa zəfərə nayil olacaq, bu gün Çekanın qanlı bodrumlarında, Sibiryanın günəş görməyən tundralarında, mühacirətin səfalət və məhrumiyətlə dolu şəraiti daxilində hürriyət, istiqlal və məmləkət eşq və həsrətilə çarpan həzin qəlblər çox çəkməz vətənin ağuşunda yerləşər, istiqlal və hürriyət bayramını müzəffər bir surətdə təsid edərlər!
Hər 28 Mayısı dərk etdikcə, biz məvut günə bir az daha yaklaşdığımızı hiss edər, bu böyük gündə çarpan qəlblərin müştərək duyğusundan qüvvət və ilham alaraq yeni həmlələrlə yolumuza davam edəriz!
Əvət, vətəndaşlar, yürüyəlim, durmadan, yorulmadan, sarsılmadan yürüyəlim, məqsədə irəcəyimiz gün yaklaşıyor!..
İştə bu günün ilhamı, onu təhəqqüq etdirəlim!
 
“Odlu yurd”, təmmuz  1929, il:1,  № 4-5
 
Bilanço – bir şirkətə məxsus gəlir tablosu
Təzəmmün -  əhatə etmə, özündə yerləşdirən
İstixlası  -  xilasolma
Müqtəziyat  -  lazımı şeylər
İqtisab  - əldə etmə
Təvarüs  - bir kimsədən miras qalma
İmtizaç  - qaynaşma, uyğunluq
Müqəddəsatımız  - müqəddəs və uca bilinən
Müstövli  -  işğalçı
Məkus  - uğursuz, tərs
Nəfylər  - sürgünlər
Mülhəm -  ilhama gəlmiş
Bodrum -  zirzəmi
Məvut  - söz verilmiş, vəd edilmiş
Təhəqqüq -   gerçəkləşdirmək
 
Red: təmmuz  1929  - iyul 1929

NUH informasiya agentliyi səhifəsindən çap edilib