Dərc edilib: 02-06-2021

https://www.nuh.az/28921-.html

“Onun qudası maşında silahını çıxarıb mənə tuşladı”

02.06.2021 15:02:19

Kriminal

Salyan rayonu Peyk kənd sakini İsrail Şahbazov Şirvan sakini Səbirə Əliyevanın ondan məhkəmə vasitəsiylə 17 min manat pul tələb etməsindən narazıdır. 

 


Bu barədə “Qafqazinfo”ya müraciət edən İ. Şahbazov bildirib ki, 2016- ci sentyabrın 30-da S. Əliyevadan problemlərini həll etmək üçün 1000 manat sələmə pul götürüb: “Razılaşdıq ki, bunun qarşılığında hər ay pensiya kartından 100 manat borc çıxacaq, əsas borc isə olduğu kimi qalacaq. Oktyabrda pensiyadan qalan artıq pulu almaq üçün yanına getdim. 

Məni öz qudası Fəxrəddinlə hədələdi, bildirdi ki, ağıllı olum, yoxsa məni ailəmlə birgə yox etdirəcək. Valideynlərim də evin tək oğlu olduğuma görə qorxub heç hara şikayət etməməyimi tapşırdılar. 2017-ci ildə qərara gəldim ki, pensiya kartının əlavə məbləğini onsuz da geri vermir, mən də əlavə 500 manat borc istəyim.  Onunla “3 barmaq dayanacağı” adlanan yerdə “Prado” markalı maşında görüşdük. Maşında Səbirə, qudası Fəxrəddin və gəlni Ayişə var idi. Birdən Fəxrəddin silahını çıxarıb mənə tuşladı. Səbirədən soruşdu ki, onu narahat edirəmmi, edirəmsə ailəmlə birgə məni yox etsin. Səbirə bildirdi ki, onu narahat etmirəm. Beləliklə 500 manat pulu alıb oradan uzaqlaşdım. 2021-ci ilin fevral ayına qədər kart onda qaldı. Biz fevralda banka müraciət edib kartı bağlatdırdıq. 

Bu ilin fevralında bizə məhkəmədən məktub gəlib. Səbirə Əliyeva Salyan rayon məhkəməsində iddia qaldırıb ki, guya atam Tofiq, anam Əntiqənin və mənim birlikdə ona 9000 manat borcumuz var. Biz məhkəmədən sübutları istədik. Görüntülərdən  və hesab çıxarışlarından məlum oldu ki, Səbirə bu günə kimi kartdan 16 400 manat pul götürüb. Bankomatdan pulu çıxaranlar da gəlini Ayişə və nəvələridir. Sübutlar bizim lehimizə oldu. 

Mayın 21-də növbəti məhkəmə iclası təyin edildi. Səbirə özü bizə dedi ki, hakimə pul verib məsələni öz xeyirlərinə həll edəcəklər. Beləliklə, son məhkəmə qətnaməsində  tək mənim adıma 17 min manat borc yazılıb. Halbuki bundan əvvəl 3000 manat borc göstərilmişdi. 1500 manata qarşı 17 min manat borc  olması barədə qətnamə çıxarılması heç bir məntiqə sığmır”. 

“Qafqazinfo” sözügedən məsələylə bağlı Səbirə Əliyeva ilə əlaqə saxlayıb. O bildirib ki, İsrailə Şahbazova sələmə borc verməyib: “Ona müqavilə əsasında pul vermişəm. Pulu da 2018-ci ildə vermişəm. Dedikləri də düz deyil. Əgər o məndən şikayət edirsə, mən də ondan şikayət edərəm, görər gününü”. 

Günel Türksoy

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib