Dərc edilib: 16-06-2021

https://www.nuh.az/29064-.html

TƏBİB rəhbəri Ramin Bayramlıya sadə sual - "Tibbi kitabçanı cırsam..."

16.06.2021 16:55:45

Dünya

Ölkə səhiyyəsinin hansı durumda olması barədə uzun-uzadı danışmağa dəyməz. Əslində hələ sabiq nazir Əli İnsanovun vaxtından, bəlkə ondan da öncə ölkə səhiyyəsinin sahibsiz, rəzil duruma düşməsi, daha bir sabiq nazir Oqtay Şirəliyevin zamanında lap bədbəxt günə qoyulması prosessi peşəkarlıqla həyata keçirilib. 
Hazırda Azərbaycan səhiyyəsinin heç sahibi də yoxdur.


Elə isə indi nə Əli İnsanov var, nə də Oktay Şirəliyev. Əvəzində TƏBİB var, onun da sahibi Ramin Bayramlıdır ki, son aylar ümumiyyətlə, səsi çıxmır. 

Daha doğrusu, gizlənir, çünki bilir ki, vəziyyəti çox qəlizdir, bəh-bəhlə ölkə rəhbərinə təqdim etdikləri "kadrlar" rüşvətxor, bandit çıxıb, həbs ediliblər.

Qısası, Azərbaycan səhiyyəsi hələ də "başsız atlı"dır, Ramin Bayramlı isə dediyim kimi yoxa çıxıb. Elə bu səbəbdən də xəstəxanalarda nə sistem var, nə də sistemsizlik, aləm dəyib bir-birinə. Çox qəribə bir vəziyyət höküm sürür. 

Bütün bunların fonunda yersiz də olsa TƏBİB-in rəhbəri Bayramlı əlahəzrətlərinə  çox sadə bir sualım var.  Əslində bu sualın çox sadə cavabı da var, öncədən deyirəm ki, çox da baş sındırmasınlar, Amerika kəşf etməsinlər.

 

RÜŞVƏTƏ GÖRƏ HƏBSDƏ OLAN BAŞ HƏKİMİN İŞ YOLDAŞLARINDAN ŞOK SÖZLƏR

 

Xəzər rayonunda, Buzovna qəsəbəsinin düz mərkəzində,14 saylı Birləşmiş Şəhər Xxəstəxanası Poliklinikası adlı bir "tibb ocağı" var. 
Qarşısında dayananda elə bilirsən bazardır, sonra  uzərindəki lövhəni oxuyanda bəlli olur ki, burası poliklinikadır. İçəri daxil olanda da bazara oxşayır, növbənin ucu-bucağı yoxdur. Nə baş verdiyini soruşanda deyirlər ki, Tibbi Sığorta qeydiyyatıdır. 

Hə, axır ki, 30 ildən sonra Azərbaycan səhiyyəsi Tibbi Sığortaya keçmək üçün yollar axtarır. Amma biz hələ təcrübə mərhələsindəyik, insanlar növbəyə durur ki, dişini çəkdirmək üçün əlinə bir parça kağız alsın. Tibbi Sığortamız da belə başladısa sonu bəllidir.

Bir qədər də içərilərə göz gəzdirdikdə görürsən ki, onlarla ağxalatlı oturub arandan-turandan söhbət edir. 

Soruşursan ki, burda yaşadığım üçün uşağın qeydiyyat kitabçasını ( başqa bir poliklinikadan bizə bir kitabça veriblər elə bil it ağzından çıxıb) başqa poliklinikadan götürüb bura gətirmişəm, indi bunu kimə təqdim edm?

Cavab konkret belədir - "Biz bilmirik".

- Bəs kim bilir?

Cavab yenə qısa və konkretdir

- "Bilmirəm!"

Uzun gəz-dolandan sonra deyirlər uşaq şöbəsinə getmək lazımdır. Qapıdan çıxıb binanın başını pir kimi dövrə vurusan və nəhayət uşaq şöbəsinə çatırsan. 

- "Uşağın qeydiyyat kitabçasını gətirmişəm, kimə təqdim etməliyəm" sualının cavabı yenə sadədir - "Mən bilmirəm"

- Bəs kim bilir? 

-.... xanım...

-Hardadır ... xanım?

-Çöldə telefonla danışır.

10 dəqiqədən sonra ... xanım gəlir və soruşur 

-"Nə məsələdir?".

- "Uşağın qeydiyyat kitabçasını gətirmişəm, dedilər sizə təqdim etməliyəm"

- "Mən qeydiyyata ala bilmərəm, həkimi gəlsin, o da saat 3-də olacaq".

Daha bir neçə dəqiqəlik müzakirə və bəlli olur ki, bu işə şöbə müdiri səviyyəsində qərar verilməlidir. Nəhayət şöbə müdiri tapılır və qeydiyyat kitabçasına yaxın duran yoxdur. Təsəvvür edin ki, şöbə müdiri də nə etmək lazım olduğunu bilmir. Qeydiyyat kitabçası qalıb ortada sahib çıxan yoxdur. 
Müzakirə o yerə qədər uzanır ki, mən artıq özümü və yarışlarda Azərbaycan bayrağını qaldıran, himnini oxutduran övladımın bu ölkə vətəndaşı olmasına şübhə edirəm. Az qalır desinlər ki, biz sizin övladınızın Azərbaycan vətəndaşı olduğuna şübhə edirik. 

Daha bir neçə dəqiqəlik müzakirə və sonda bəlli olur ki, saat 3-də uşaq da gəlməlidir, həkim onu  görməlidir, "salam" verməlidir və sonra hələ nə olacaq bilinmir.
Saat 15:00-da uşaq 14 saylı Birləşmiş Şəhər Xəstəxanası Poliklinikasına gedir. Həkimlər onu 16-cı otağa göndərirlər və bəlli olur ki, anasının şəxsiyyət vəsiqəsini də gətirməliymiş. Hansı ki, bu da sənədin qəbulu üçün əsas deyil. Bunun bir adı var süründürməçilik...

Əziz və əlahəzrət TƏBİB şefi Ramin Bayramlı... Adi bir tibbi qeydiyyat kitabçasının qəbulu üçün bu qədər süründürməçilik, müzakirə lazımdırmı? Biz dünyaya inteqrasiya edirik, yoxsa ibtidai icma qurluşuna? Sənin idarə etdiyin sistem budur? 

İndi mən TƏBİB şefi Ramin Bayramolı sual vermək istəyirəm. Əziz Bayramlı yoldaş, mən o qeydiyyat kitabını yandırsam, cırsam, zibilliyə tullasam buna görə mən hansısa məsuliyyət daşıyırammı? Axı sənin həkimlərin, xəstəxanan bu sənədə sahib çıxmır. 

4 ildən sonra mənim övladımı hərbi xidmətə çağıracaqlar, vətəni qorumaq üçün yollanacaq, tibbi kitabçası lazım olacaq. İndi mən bu kitabçanı cırsam, o zaman nə olacaq?
Budur sizin qurduğunuz sistem? Budur adi bir tibbi qeydiyyat kitabının qəbulu zamanı insanlara verdiyiniz zülm, zillət...?  Buna deyirsiz sistem, TƏBİB, nə bilim inkişaf?
O problemin həlli bilirsiz nə idi?  Tibb kitabının arasında bir əzilmiş, parça-parça olmuş 5-lik ya da 10-luq. Dərhal mənim sənədimi qəbul edəcəkdilər, hələ üstəlik bir çay da şokaladla içəcəkdim.

Bunumu istəyirik? Belə olmalıdır? Rüşvətlə qurtarmadıqmı? Təsəvvür edirsinizmi ki, bir adi tibbi kitabçanın qəbulu üçün istifadə olunan, əsəb, gərginlik və vaxt nə deməkdir? 
Dəlimi etmək istəyirsiz insanları?


Prezident İlham Əliyev sizi o posta təyin edəndə nə demişdir? Demədi ki, gedin xalqa xidmət edin, insanları incitməyin, insanların əsəbləri ilə oynamayın?

Siz və qurduğunuz sistem budurmu? Bunamı uğur deyirsiz? 

14 saylı Birləşmiş Şəhər Xəstəxanası Poliklinikasının baş həkiminin kimliyini bilmirəm, heç bilmək də istəmirəm. Onu bilirəm ki, övladıma məxsus olan tibbi qeydiyyat kitabçasını, xəstəxanada qəbul etmədikləri üçün  zibilliyə tullasam buna görə, mənə kimsə nəsə deyər? 

Bunun cavabını TƏBİB-in əlahəzrət rəhbəri, gənc kadr, bir neçə ay əvvəl bəh-bəhlə ən böyük və müasir xəstəxanaya rəhbər təyin etdirdiyi, daha sonra bandit, rüşvətxor olduğu üçün həbs edilən şəxslərin təminatçısı olan Ramin Bayramlıdan soruşmaq istəyirəm... 

Cavab verin zəhmət olmasa...


Bizimxeber.az İnformasiya Portalının
Baş redaktoru Ədil Hüseynli


NUH informasiya agentliyi səhifəsindən çap edilib