Dərc edilib: 28-06-2021

https://www.nuh.az/29152-.html

ABŞ “Taliban”ı NİYƏ gücləndirir ? (TƏHLİL)

28.06.2021 16:32:40

LIVE

"Taliban”ın güclənməsi ABŞ-ın Rusiya və İrana qarşı hazırladığı meqalayihədir.
 Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, "Taliban” İran və Rusiya ilə qarşı-qarşıya gələcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev ABŞ qoşunlarının Əfqanıstandan çıxması məsələsinin gündəmə gəlməsindən sonra, bu ölkədə "Taliban” hərəkatının yenidən güclənməsinin arxasında hansı planların dayandığına aydınlıq gətirərkən deyib. Həmsöhbətimiz bildirib ki, "Taliban”ı gücləndirməkdə Vaşinqtonun əsas məqsədi onu Rusiya və İrana qarşı qaldırmaqdır: 
 
 
"Bu günlərdə Əfqanıstan prezidnti Abdulqani ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə Bayden üzdə Əfqanıstan hökumətini dəstəkləyəcəklərini bəyan edib. Amma hələlik heç bir real dəstək verilmir. ABŞ qoşunlarının oradan çəkilməsilə artıq Əfqanıstan yenidən qarışıb. Lakin burada əsas məqsəd heç də Əfqanıstanda qarmaqarışıqlıq yaradılmasına hesablanmayıb. Əsas məqsəd Rusiya ilə bağlıdır. "Taliban” Əfqanıstanda gücləndikcə, Orta Asiya, xüsusən də Rusiya qoşunlarının yerləşdiyi Tacıkistan qarışacaq. Məqsəd də "Taliban”la Rusiyanı üz-üzə qoymaq və şimal ölkəsini çökdürməyə hesablanıb”. 
C. Nuriyev düşünür ki, bu qarşıdurma uzunmüddətli proses üçün nəzərdə tutulub: 
"Burada dövlətlər arasında müharibə getməyəcək. Sadəcə çəkişmə "Taliban” qrupu ilə Tacikstandakı rus hərbi qüvvələri arasında olacaq. Layihə məhz bu məqsədə hesablanıb və deyərdim ki, siyasi-hərbi cəhətdən uğurlu layihədir. Ona görə də Vaşinqtonun istəyinə uyğun "Taliban”ın getdikcə əvvəlki tək güclənəcəyi gözləniləndir. Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, "Taliban” İran və Rusiya ilə qarşı-qarşıya gələcək. Proses uzunmüddətli və ağır olacaq.  ABŞ heç nəyi təsadüfi etmir. Hər şey əvvəlcədən planlaşdırılıb”. 
Politoloqun fikrincə, "Taliban” güclənsə də, Əfqanıstandakı Türkiyə qüvvələrilə qarşı-qarşıya gəlməyəcək:  
"Türkiyə qoşunları Əfqanıstanda ancaq Kabul aeroportunun təhlükəsizliyini qoruyacaq. Qardaş ölkə qoşunları bu işin öhdəsindən gələ biləcək. Çünki "Taliban” qüvvələri hələlik ancaq kənar ucqar rayonları nəzarətə götürür. Digər tərəfdən, "Taliban” bu və ya digər formada Pakistanla bağlıdır. Bu ölkədə dövlət səviyyəsində müəyyən qüvvələr "Taliban”a ciddi dəstək verir. Pakistanla Türkiyə isə yaxın dost ölkədir. Deməli, Türkiyə burada "Taliban”la ciddi şəkildə üz-üzə gəlməyəcək”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib