Dərc edilib: 29-06-2021

https://www.nuh.az/29155-.html

Iki ərazidə kameralarımıza bəbir düşür, ildən-ilə sayları artır"

29.06.2021 09:22:12

LIVE

"Bizim ilkin məqsədimiz bəbirləri müşahidə etmək, onların respublika ərazisində olub-olmadığını aşkar etmək idi. Təbii ki, bu müşahidə fototələlər vasitəsilə aparılır. Kameranı yerləşdirəndə bəbirlərlə bərabər onların yem bazası olan digər heyvanlar da kameralara düşür. Eyni zamanda belə bir kadrlar varsa onları da təhlil etmək lazım gəlir. Bəbirlər nəsli tükənməkdə olan həssas növlər qrupuna daxildir, əgər bu növ respublika ərazisində mövcuddursa bu o deməkdir ki, eko sistem yaxşıdır, mühit sağlamdır"
Bunu Moderator.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun mühafizə üzrə əməkdaşı Könül Əhmədova deyib. O daha sonra bildirib ki, vəhşi heyvanları izləmək üçün müşahidə cihazları daha çox xüsusi mühafizə olunan təbiət ərazilərində aparılır.
 
K. Əhmədova daha sonra əlavə edib.
"Axtarışlarımız nəticə verdi, ərazimizdə Qafqaz bəbirini tapdıq. 2012 -ci ildən öz təsdiqini tapdı ki, Azərbaycanda iki ərazidə Astara-Lənkəran ərazisində, Talış dağlarında, Hirkan ərazisində, bir də Naxçıvan-Zəngəzur milli parkı ərazisində bəbir var. 2012 - ci ildən əlimizdə kamera görüntüləri var. Çox sevindirici haldır ki, Hirkan ərazisində bir ananı iki balası ilə müşahidə etmişik. Son illərdə isə Naxçıvan-Zəngəzur ərazisində belə kadrlar çox müşahidə edirik.
Bəbiri fototələ ilə müşahidə edirik, fototələlər müəyyən ərazilərə stationar olaraq yerləşdirilir, onun qarşısından heyvan keçəndə o kamera vasitəsilə ya foto, ya da video formasında çəkir. Xalta isə heyvana taxılır, biz bunu yalnız ceyranların müşahidəsi üçün istifadə edirik. Heyvan gəzdikcə bu radioxətalar vasitəsilə gündə 2 dəfə bizə siqnal ötürülür. Kameralarımıza bəbirdən başqa cüyür, çöl donuzu, ayı, bezoar, muflon və s.heyvanlar düşür. Fototələlərimizin sayı ildən-ilə artır, əvvəl daha az idi, indi isə müxtəlif bölgələrdə 100-dən çox kameramız var. Təbii ki, kamera nə qədər çox olsa vəhşi təbiəti də tədqiq etmək asan olur. Təbii ki, kameralarımızın sayını artıracağıq. Bu fototələlər bizə həm də heyvanların cins tərkibini deyir. Onların harada gəzdiyini, yaşadığı yerləri, miqrasiyasını görürük" deyə o bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib