Dərc edilib: 01-07-2021

https://www.nuh.az/29177-.html

Tarif Şurasi dərmanları da bahalaşdırdı

01.07.2021 11:47:27

LIVE

"Şuranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev Taarif Şurasının dərmanları bahalaşdırması ilə bağlı qərarına aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, bahalaşma dərmanın çeşidi üzrə 10-40% intervalında olub:
"Ümumiyyətlə, dərmanların qiymətinin artırılması dövrü olaraq aparılır. İl ərzində bir neçə dəfə dövlət qeydiyyatına alınmış dərmanların siyahısına dəyişiklik olunur, yeni dərmanlar əlavə edilir, bəziləri bahalaşdırılır. Son dəfə bu ilin yanvarında bahalaşma olmuşdu. Tarif Şurasının dünənki - "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" 10 saylı, 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları sayı 12442-dən 12689-a qaldırılıb, yəni siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır. Aptek işlədən sahibkarlar dərmanları baha satmaq üçün siyahıda adı olmayan şirkətlərin dərmanlarını gətirməyə üstünlük verirlər ki, dərmanı sərbəst bazar qiymətinə sata bilsinlər. Məsələn, Ukraynanın Farmak İSC şirkətinin istehsalı olan DEKSAMETAZON dərmanının qiyməti tənzimləndiyi halda həmin ölkənin ZDOROVYE ƏCZAÇILIQ ŞİRKƏTİ MMC-nin istehsalı olan eyniadlı dərmanın adı siyahıda yox idi. Bu isə sahibkara ikincinin istehsalı olan dərmanı sərbəst bazar qiymətinə satmaq hüququ verirdi. İndi isə artıq bu mümkün olmayacaq. Deməli, sahibkarlar adı siyahıda olmayan digər şirkətlərin axtarışında olacaqlar”. 
 
Ekspert qeyd edib ki, suranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb:
"Bahalaşma dərmanın çeşidi üzrə 10-40% intervalında olub. Məsələn, Ukrayna istehsalı olan KALSİUM QLUKONAT dərmanı 37% (1,82 AZN-dən 2,5 AZN-ə), Türkiyə istehsalı olan 1000 mq-lıq AVİPİM 10% (12,6 AZN-dən 13,8 AZN-ə), 500 mq-lıq 20% (8,24 AZN-dən 9,9 AZN-ə) bahalaşıb. Siyahıda olan 12689 dərmanın cəmisi 68-i (0,5%-i) yerli istehsaldır. Yerdə qalanları idxal olunur. Bu o deməkdir ki, bu dərmanların qiyməti milli valyuta olan manatın məzənnəsindən birbaşa asılıdır. Onların qiymətinin xırda bahalaşmaları nəzərə almasaq, sabitliyi manatın indiki məzənnəsinə görədir. Gələcəkdə manatın ucuzlaşması bu dərmanları qiymətinin dəyişməsinə və bahalaşmasına gətirib çıxara bilər. Digər tərəfdən ilk gündən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin əleyhinə olmuşam. İlk dövrdə qiymətlərin ucuz olması əhalinin xüsusən də kasıb təbəqəsi üçün əlçatan olsa da, effekt qısamüddətlidir”.
Samir Əliyev hesab edir ki, hökumət qiymətləri uzun müddət indiki həddə saxlaya bilməyəcək:
"Mövcud mexanizm bazarda dərmanların qıtlaşmasına (piştaxta altından satışına), keyfiyyətsiz dərmanların idxalına səbəb olur. Ona görə də hökumət dərmanların qiymətini liberallaşdırmalıdır. Ancaq bunun üçün dərman bazarını inhisardan azad etməli, dərmanların idxalına gömrük-vergi güzəştləri verməlidir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib