Dərc edilib: 04-07-2021

https://www.nuh.az/29198-.html

Xəzərdə ilk dəfə neft tapdı, sürgün olundu...

04.07.2021 17:41:51

Maraqlı

Azmarka.az "Tarix dərsi" adlı layihəsini davam etdirir. Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində Azərbaycan tarixinin yaxın və ya uzaq dövründə baş verən, haqqında geniş kütlələrin bir o qədər də məlumatı, yaxud təfərrüatlı bilgisi olmayan hadisələrə, şəxsiyyətlərə işıq tutacağıq.



Bu dəfə xalqımızın ilk təyyarəçi övladlarının bir-birindən maraqlı, şərəfli, elə bir o qədər də tükürpədici taleyi barədə faktları təqdim edirik.


1

Aviasiya tarixinə düşmüş ilk azərbaycanlı aviatorların fəaliyyəti 1910-1920-ci illərə təsadüf edir.

Əli bəy Səməd bəy oğlu Verdiyev 1910-cu ildən başlayaraq Fransada aviamühəndislik təhsili almış, 1916-cı ildə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülüb. Birinci dünya müharibəsi dövründə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmiş, sonra isə məzunu olduğu məktəbin müdavimlərinə uçuş dərsləri verib. Yeni təyyarələrin sınaq uçuşlarını tənzimləyən təlimatçı olmaqla yanaşı, həm də mühəndis-mexanik kimi, təyyarələrin sazlığına nəzarət edib.

Ə.S.Verdiyev 1918-ci ildə Azərbaycana qayıdaraq, mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib.

2
Fərrux ağa Məmmədkərim oğlu Qayıbov Azərbaycanın aviasiya tarixinə ilk hərbi təyyarəçi kimi düşüb. O, 1891-ci ildə Qazax qəzasının Qıraq Salahlı kəndində dünyaya gəlib. Atasını çox erkən itirən Fərrux dövrünün görkəmli maarifçisi olan əmisi Səməd ağa Qayıbovun himayəsində böyüyüb. Kənddə fəaliyyət göstərən beş sinifli “rus-tatar” məktəbini bitirəndən sonra general Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis kadet korpusunda təhsilini davam etdirib. 1910-cu ildə bu məktəbi əla qiymətlərlə bitirən Fərrux Peterburqdakı Konstantinov artilleriya məktəbinə daxil olub. Buradakı təhsil illərində gənc Fərrux özünün iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, cəsurluğu, xüsusilə topdan dəqiq atəş açmaq bacarığı ilə diqqəti cəlb edib. Nəticədə məktəbin birinci mükafatına layiq görülüb. Həmin mükafat İsveçrədə hazırlanmış qızıl saatdan ibarət idi. Saatın arxasında “Yunker Fərrux ağa Qayıbov, 1913-cü il” sözləri həkk olunmuşdu...

Az müddət ərzində poruçik rütbəsinə yüksələn Fərrux ağa Qayıbov Birinci Dünya Müharibəsi başlayanda Qərb cəbhəsindəki rus aviasiyası tərkibində hərbi əməliyyatlarda iştirak edib. O, “İlya Muromets – 16” tipli bombardmançı təyyarənin uçuş heyətində mahir atıcı pilot kimi tanınıb.
25 yaşlı poruçik 1916-cı il sentyabrın 12-də qeyri-bərabər döyüş uçuşunda düşmənin dörd təyyarəsini vurub, özü isə heyət üzvləri ilə birlikdə həlak olmuşdur. Çar Rusiyasi tərəfindən I Dünya Müharibəsində göstərdiyi igidliklərə görə III dərəcəli “Müqəddəs Stanislav», IV dərəcəli “Müqəddəs Anna”, II dərəcəli “Müqəddəs Stanislav”, II dərəcəli “Müqəddəs Anna”, III dərəcəli “Müqəddəs Anna”, IV dərəcəli “Müqəddəs Georgi» ordenləri ilə təltif olunub.

3
İlk Cümhuriyyətimiz dövründə, 1919-cu ildə Azərbaycanın aviasiya tarixində ilk dəfə olaraq, “transmilli” (uzaq məsafəyə) uçuş həyata keçirilib. Bakı aerodromundan qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq, Türkmənistanın Krasnovodsk şəhərində uğurla yerə enib...
Elə həmin il Azərbaycan Cümhuriyyəti ordusunda hərbi aviadəstənin yaradılması barədə qərar verilib. Hərbi nazirin əmri ilə podporuçik Teymur Xan Əfşar aviasiya dəstəsinin rəis müavini təyin edilib.

İlk Cümhuriyyətimiz ölkənin müdafiə qüdrətini artırmaq üçün aviasiyanı, xüsusən hərbi aviasiyanı inkişaf etdirməyi daim ön planda saxlayırdı. Hərb naziri Səməd bəy Mehmandarovun İngiltərədən və İtaliyadan təcrübəli aviamütəxəssislər dəvət olunması barədə məktubu, habelə İtaliyadan hərbi təyyarələr alınması üçün danışıqlar aparılması buna əyani sübutdur.

4
1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi havaya qalxıb.

1923-cü ilin avqustunda isə “Yunkers” təyyarəsi ilə Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin daşınması həyata keçirilib, 1928-ci ildə isə SSRİ məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi (İran) hava xətti açılıb.

5
1933-cü il iyunun 25-də ilk dəfə olaraq, Qafqaz dağlarından keçməklə Bakıdan Moskvaya uçuş həyata keçirilib. Bununla da Moskvaya yol 1100 km qısalıb.

1937-ci ildə isə Bakı-Moskva marşrutu ilə müntəzəm hava xətti açılıb. Həmin reyslə hər gün 15 sərnişin daşınırdı ki, bu da o vaxt üçün böyük nailiyyət idi.


6

İkinci Dünya Müharibəsi ərəfəsində isə Azərbaycanda çoxlu sayda aerodromlar və aviaqurğular istifadəyə verildi, aviasiya kadrları yetişdirən məktəblər, digər qurumlar yaradıldı. İxtisaslı mütəxəssislərin səyi ilə fəaliyyətə başlayan və tezliklə ümumittifaq şöhrəti qazanan Bakı aeroklubu da məhz həmin illərin nailiyyətlərindən idi.

Fəaliyyəti dövründə ölkə üçün (həm də cəbhə üçün) dörd mindən çox pilot və paraşütçü hazırlayan bu məşhur aeroklubun yaradıcıları və müəllimləri arasında Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova da vardı.

Leyla 1930-1931-ci illərdə Bakı Aviasiya Məktəbində təyyarəçi-təlimatçı ixtisasına yiyələnib. 1932-ci ildə Moskva Mərkəzi Aviasiya Məktəbində təhsilini davam etdirib.

O, paraşütlə ilk tullanmağını da Moskvada, Tuşino aerodromunda həyata keçirib. SSRİ məkanında qadınlar arasında paraşütlə tullanma yarışlarında Leyla xanım ikinci yeri tutub.

L. Məmmədbəyova Azərbaycanın ilk qadın təyyarəçisi olmaqla yanaşı, yüzlərlə təyyarəçinin yetişməsi üçün böyük əmək sərf edib.

7
İlk qadın təyyarəçilərimzidən biri də Sona Piri qızı Nuriyevadır. O, 1915-ci ilin dekabrında Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirərək, 3-cü dərəcəli pilot peşəsinə yiyələnib. Böyük Vətən Müharibəsində iştirak etmiş, döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə 1944-cü ildə “Şərəf nişanı” ordeni ilə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını Azərbaycan mülki aviasiyasına həsr etmişdir.

8
Züleyxa Həbib qızı Seyidməmmədova isə ilk azərbaycanlı qadın hərbi təyyarəçi kimi adını tarixə yazdırıb.

O, 1934-1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almaqla yanaşı, Bakı aeroklubunda ilkin uçuş vərdişləri qazanıb. 1941-ci ildə isə Jukovski adına Moskva Hərbi-Hava Akademiyasının şturman fakultəsini bitirərək, kiçik leytenant rütbəsi alıb.

Z. Seyidməmmədova Böyük Vətən Müharibəsi illərində düşmənin “gecə əcinnələri” adlandırdığı qırıcı qadın aviapolkunun komandir müavini olub, 500-ə qədər döyüş əməliyyatında iştirak edib. İkinci dərəcəli “Böyük Vətən Müharibəsi” ordeni və “Almaniya üzərində qələbəyə görə” mükafatlandırılıb.
Ordudan aviasiya kapitanı rütbəsi ilə tərxis olunan Z.Seyidməmmədova ömrünün qalan hissəsini doğma Azərbaycanın inkişafına sərf edib.


9

1937-ci il repressioyası təəssüf ki, ilk təyyarəçilərimzidən də yan keçməyib.

Onlardan biri Teymur Mustafayevdir.. O, 1896-cı ildə Bakıda anadan olub. On dörd yaşında peşə məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti Ordusunun Baş Qərargahı tərəfindən Bakı Hərbi-Dəniz Təyyarəçilik Məktəbinə göndərilib. Məktəbdə təhsil aldığı müddətdə Teymur “M-5” tipli hidro-təyyarənin yığılmasında fəal iştirak edib, həmin təyyarənin ilk sınaq uçuşunu həyata keçirib. Sonda isə təhsilini müvəffəqiyyətlə başa vuraraq, hərbi dəniz təyyarəçisi rütbəsi qazanıb. Bir müddət Azərbaycan Diviziyasının aviadivizyonunda qulluq edib, Xəzər dənizində neft yataqlarının aşkar edilməsində təyyarəçi-təlimatçı kimi fəaliyyət göstərib.

T.Mustafayev bolşeviklər hakimiyyətinin ilk illərində də “əlaçı pilot” adını qoruyub saxlaya bilib. 1922-ci ilin aprelində Respublika Hərbi Dəniz Komissarlığının əmri ilə qızıl qol saatı ilə mükafatlandırılıb, həmin ilin noyabrında isə Azərbaycanın “Qırmızı Bayraq” ordeni ilə təltif edilib.

O, 1924-cü ildə Xəzər üzərindən (indiki “Neft daşları” ərazisindən) uçarkən dəniz səthində yağlı neft ləkələri müşahidə eləyib, bu barədə hökumət orqanlarına məlumat verib. Sonralar bu faktı xatırlayan Sovet İttifaqı Marşalı S.A. Krasovski yazırdı: “ Xəzər dənizində neftin olmasını məhz Teymur Mustafayev kəşf etmişdir desək, səhv etmərik...”

1926-cı ildə şər və haqsızlıq qurbanı olan Teymur Mustafayev Qazaxıstanın Karaqanda vilayətinə sürgün edilmiş, ömrünün axırınadək orada yaşayıb.

10
Dövrünün tanınmış aviatorlarından olan İsa Manafovun taleyi isə daha acınacaqlı olub. O, 1918-21-ci illərdə Xarkov Aviasiya Məktəbini hərbi təyyarəçi ixtisası ilə bitirdikdən sonra Bakıya qayıdıb, öz vətənində çalışmağa üstünlük verib. Azərbaycan aviasiyasının inkişaf etdirilməsində İ.Manafovun əməyi çox olmuşdur.

O vaxtlar “Ağ klub” adlanan (indiki M.Maqomayev adına filarmoniya) incəsənət mərkəzində aviaklub yaradılmışdı. İsa Manafov burada gənclərə və məktəblilərə aviasiya barədə mühazirələr oxuyur, eyni zamanda özünün təşkil etdiyi “Planerlər dərnəyində” onlara təyyarə modelçiliyinin sirlərini öyrədirdi...

Lakin İsa vətəni üçün nə qədər can yandırsa da bolşevik xəfiyyə orqanlarının qara siyahısında qalmaqda idi. Onu “1918-ci il hadisələrində Bakını daşnaklardan təmizləmək istəyən türk əsgərlərinə rəğbət bəsləməkdə” suçlayırdılar. Elə bu ittihamla da İ.Manafovu 1936-cı ildə həbs edib güllələdilər...


Qeyd 1. Yazıda istifadə edilən fotoşəkil Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovundur.

Qeyd 2. Yazı hazırlanarkən "Azərbaycan aviasiya tarixi" (Bakı - 2012) kitabından da istifadə edilmişdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib