Dərc edilib: 06-07-2021

https://www.nuh.az/29211-.html

“Qaçaq Nəbinin saxlanıldığı kamerada yatanda ..."

06.07.2021 01:46:52

LIVE

“Məni Şuşa türməsindən çıxarıb Gorus türməsinə apardılar və gördüm ki, bina tam təmir olunub, ancaq bir kameranın çarpayıları çox nimdaş idi, içəri pis vəziyyətdə, divarlar uçuq, suyu da yox idi. O kamerada iyirmi gün qaldım və həmin çarpayıda yatdım”.
 
Bunu Moderator.az-a açıqlamasında altı il yarım erməni girovluğunda qalan Dilqəm Əsgərov deyib. D.Əsgərov Şuşa və Gorus türməsiylə bağlı maraqlı hadisələri bizimlə bölüşüb:
 
“Qaçaq Nəbi Şuşa türməsində çox az yatıb, hardasa bir ay. Sonra Nəbini Gorus türməsinə aparıblar. Məni Şuşa türməsindən çıxarıb Gorus türməsinə apardılar və gördüm ki, bina tam təmir olunub, ancaq bir kameranın çarpayıları çox nimdaş, içəri pis vəziyyətdə, divarlar uçuq, suyu da yox idi. O kamerada iyirmi gün qaldım və həmin çarpayıda yatdım. Çarpayının üstünə bir köhnə döşək də atmışdılar. Onda türmə rəisi gəldi və soruşdu ki, “Əsgərov, vəziyyət necədir?” Mən də özümü sındırmadım, dedim ki, hər şey yaxşıdır. Türmə rəisi dedi ki, “Əsgərov, bilirsən bu kamerada vaxtilə Qaçaq Nəbi də yatıb”. Dedim ki, ona görə kameranı təmir etmirsiniz? Dedi ki, “bilmirəm, heç kəsin marağı yoxdu kameranı təmir etməyə”. Yəni kamera necə olub bu günkü günə qədər də elə saxlanılıb. Nəbi orda hardasa 3 il yatıb. O kamerada ermənilərlə mübahisəm düşdü, məni təhqir etdilər və dedilər ki, “siz millət deyilsiniz, yeriniz ancaq buradır”. Mən də onlara başa saldım ki, siz səhvsiniz, bu kamerada Nəbi yatıbsa, bura Azərbaycanın olub. Dərələyəz mahalının tarixini dedim ki, çox yaxşı bilirəm. Dərələyəz Dərə və ələyəz sözlərindən götürülüb. “Ələyəz” çox yeməli bir bitki adıdır. Buranın Qaçaq Səfəralı kimi güclü qaçaqları olub. Bu sözlərdən sonra ermənilərdən biri qolumdan tutdu və o birisi təpiklə sinəmə vurdu, daha sonra sifətimi divara vurdular. O qədər də yemək vermədilər. 
 
Gorusdan sonra məni İrəvana türməyə apardılar. Türmədə heç kəs yox idi, tamamilə boş idi. Məni saxladıqları kameranın qapısını təmir edib, qapıya silahlı gözətçilər qoydular. Axşam saatlarında 50-100 nəfərə yaxın adam gəldi və pəncərədən baxıb deyirdilər ki, “Əsgərovdur, azərbaycanlı diversantdır, siz millət deyilsiniz” kimi sözlər işlədirdilər. Hiss olunurdu ki, onlar küçə adamları deyil. Daha sonra məni yenidən Gorusa, həmin türməyə qaytardılar və ordan yenidən Xankəndi türməsinə və ordan bir də İrəvana qaytarıb ruslara təhvil verdilər. 
 
Şuşa türməsindən qaçmaq mümkün deyil. Türmənin içi də mən orda olanda pis vəziyyətdə idi. Üç ay elə qaldım və daha sonra Qırmızı Xaç Komitəsindən gəldilər və kameranı təmir etdirdilər. Mən Şuşa türməsindən çıxan günü artıq bildim ki, bizi aparırlar. Kameranın yuxarı hissəsinə D hərfi yazdım və ayaqyolunun yanında bir boru var idi ki, onun da içinə məktublar yazıb qoymuşdum. Bilirdim ki, bizim hərbçilər ora girəcəklər. Bir müddət öncə sosial şəbəkələrdə gördüm ki, həmin borunu sındırıb çıxarıblar, yazdığım yazıları da yayımlayıblar. Əsgərlərimiz sağ olsunlar. Bizim hərbçilər yatdığım kameranı çəkiblər və yazdığım D hərfindən də danışıblar”.
 
Qeyd edək ki, AzTV Şuşa türməsindən reportaj hazırlayıb və türmədə həmçinin Qaçaq Nəbi kimi tarixi şəxsiyyətlərin yatdığını da bildirib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib