Dərc edilib: 11-07-2021

https://www.nuh.az/29280-.html

Katalikos II Qaregindən iki kəndin qaytarılmasını xahiş etdim, amma..

11.07.2021 18:40:51

Müsahibə

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Şuşa səfərinin sonunda Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birlikdə mətbuat konfransı keçirib. 


"Qafqazinfo"nun Şuşaya ezam olunan əməkdaşının verdiyi məlumata görə, A.Paşazadə bildirib ki, işğaldan öncə Şuşaya gələndə heç vaxt ağıllarına gəlməyib ki, ermənilər belə hadisələr törədəcəklər:

"Ermənilər 30 il ərzində heç bir iş görməyiblər, ancaq dağıdıb, məhv ediblər". 

Şeyx qeyd edib ki, işğal dövründə erməni katolikoslarla görüşəndə özünü piss edirdi:

"O görüşlərdə özümü heç vaxt sındırmamışam, qürurlu dayanmışam, amma daxilimdə bir sınıqlıq vardı, çünki 1 milyona qədər qaçqın və məcburi köçkünümüz var idi. 

Bu görüşlərin birində erməni katalikosu II Qaregindən sülhün başlanğıcı kimi heç olmasa iki kəndin qaytarılmasına yardım etməyi xahiş etdim, razılaşmadı. Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill dedi heç olmasa bir kənd qaytarın, özü də Dağlıq Qarabağdan yox, Füzuli, Ağdam rayonlarından, ona da razılıq vermədi. 

Bu gün isə bizdən əsirlərin qaytarılması, yaxud hansısa kilsələrdə ibadətə şərait yaradılmasını istəyirlər. O kilsələr alban-udi kilsəsidir, ermənilər zəbt etmişdi. Erməni Katolikosu BMT xətti və  Patriarx Kirill vasitəsilə bizə dəfələrlə müraciət edib. 

Hələ müraciətlərinə cavab verməmişəm, əgər Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etsələr, görüşə bilərik".

A. Paşazadə bildirib ki, Prezident İlham Əliyevin Şərqi Zəngəzurun adının yer aldığı iqtisadi rayonların bölgüsü haqda sərəncamı gələcək üçün bir işıqdır:  "Bugünkü Zəfər ən böyük zəfərdir, ən böyük qalib isə Prezident İlham Əliyevdir. Yüz illər boyu belə qələbəyə rast gəlməmişəm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib