Dərc edilib: 16-07-2021

https://www.nuh.az/29324-.html

“Müharibədə tank sürdüyümü biləndə sağ gözümü çıxartdılar”

16.07.2021 01:11:12

LIVE
Hakim məhkəmə istintaqının yekunlaşması məsələsini müzakirəyə çıxarıb

Azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyanla bağlı Bakıda keçirilən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq təqsirləndirilən, zərərçəkmiş və şahidlərin dindirmə mərhələsi başa çatıb. İyulun 14-də məhkəmədə cinayət işinin materiallarındakı sənədlər tədqiq olunub.
Bu işi Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırsa da, məhkəmə iclasları Yasamal Rayon Məhkəməsinin binasında keçirilir.
İyulun 14-də məhkəmə iclasında təqsirləndirilən Ermənistan vətəndaşlarıyla vaxtilə əsirlikdə olmuş zərərçəkənlər arasında istintaq dövründə keçirilmiş üzləşmənin protokolları elan edilib. Ardınca zərərçəkənlər üzləşmə ilə bağlı məhkəmədə onlara verilən sualları cavablandırıblar.
Kamil Babayev bildirib ki, Mkrtiçyan və Xosrovyanı fotolarını görən kimi tanıyıb. Onun sözlərinə görə, əsirlikdə olduğu dövrdə Alyoşa Xosrovyanın zahiri görünüşü indikindən fərqli idi: "O, əvvəl saçlı idi, indi saçları tökülüb. Bizi sorğu-sual edəndə Azərbaycan dilində soruşurdu, amma döyəndə erməni dilində söyürdü”.
Zərərçəkmiş Rauf Qafarov təqsirləndirilən şəxslərin hər ikisinin Şuşa həbsxanasında ona işgəncə verdiyini deyib.
Lüdviq Mkrtiçyan isə deyir ki, 1993-cü ilin iyul-avqust aylarında Hadrutda olub: "Cəmi 1 ay müharibədə iştirak eləmişəm”.
Zərərçəkən isə Mkrtiçyanın 1992-ci ildən Şuşa həbsxanasında olduğunu və azərbaycanlılara işgəncə verdiyini bildirib.
Başqa bir zərərçəkən Famil Əliyev sualları cavablandırarkən deyib ki, istintaqda təqsirləndirilən şəxslərin ad-soyadları çəkiləndə bu adamları tanımadığını bildirib. Lakin fotoları görəndə onları tanıyıb: "Dərhal tanıdım, dedim ki, "Lyoxa” və "Lyoşa”dı. Onları ermənilər öz aralarında belə çağırırdılar. Bundan sonra dedilər ki, bunlar Alyoşa Xosrovyan və Lüdviq Mkrtiçyandı”.
Zərərçəkmiş Cavid Hüseyn də deyir ki, Lüdviq Mkrtiçyanı "Lyoxa” kimi tanıyırmış. Çünki əsirlikdə olduğu müddətdə onun bu adla çağırıldığını görüb: "Üstündən 28 il keçsə də, unutmamışam – nə onları, nə də işgəncələri. İstintaq vaxtı Xosrovyanı otağa gətirdilər, ondan soruşdum ki, məni tanıdın? Başını aşağı saldı. Ermənilərin milli qəhrəmanı var, Yohan, 1995-ci ildə onun heykəlinin açılışında başıma dəmir boru ilə vurub partlatdılar. Məni dəmir barmaqlıqlara bağlayıb döyürdülər. Bizimlə birlikdə əsirlikdə İlham Qurbanov vardı, bunlara xəbər verdi ki, mən tank sürmüşəm. Şuşa həbsxanasında məni gətirib sağ gözümü çıxartdılar ki, nişan alanda bu gözü ilə alırdı”.
Zərərçəkmiş onu da əlavə edib ki, adını çəkdiyi İlham Qurbanov həbsdədir, ömürlük azadlıqdan məhrum edilib.
Hakim Elbəy Allahverdiyev məhkəmə istintaqının yekunlaşdırılması məsələsini müzakirəyə çıxarıb. Prokuror bu məsələ ilə bağlı fikrini bildirmək üçün vaxt istəyib.
Məhkəmə prosesi iyunun 28-də davam edəcək.
54 yaşlı Alyoşa Xosrovyan və 52 yaşlı Lüdvik Mkrtiçyan işgəncə vermə, qəsdən adam öldürmə və başqa ittihamları qəbul etmir. Yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə məsələsində özlərini təqsirli bilirlər.///Meydan TV

NUH informasiya agentliyi səhifəsindən çap edilib