Dərc edilib: 21-07-2021

http://www.nuh.az/29377-.html

Tufandağda alpinistlərin xatirəsinə qoyulan bürünc lövhə oğurlandı (FOTO)

21.07.2021 10:23:46

Region

Bir neçə il öncə Tufandağdakı qar uçqununda həlak olmuş alpinistlərimiz Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatovun xatirəsinə quraşdırılmış lövhə oğurlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Ramin Hüseynzadə bildirib:
"Bu gün xəbər tutdum ki, Tufandağın şimal ətəyindəki Mahmuddərə ərazisində qayaya vurulmuş həmin lövhə ordan oğurlanıb. Bu xəbər mənə çox pis təsir etdi, cəmiyətimizdə ölülərə, qəbirlərə, xatirə yerlərinə, abidələr həmişə hörmət vardı, lövhəni quraşdıranda bu cür barbarlıqla rastlaşa biləcəyimizi ağlımıza belə gətirmədik. Bu gün bu inam sarsıldı, təəssüf ki.
Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki, metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa, onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik. Xahiş edirəm bu məlumatı yayın ki, bunu edən şəxs görüb utansın və lövhə tapılıb yerinə qaytarılsın”.
R.Hüseynzadənin sözlərinə görə, lövhə quraşdırılan ərazi əlçatmaz bir yer deyil: "Milli parkın ərazisidir, orda çoban yataqları da var, alpinist və dağ turistlərinin getdiyi yolların üstüdür".
Xatırladaq ki, 2017-ci il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatov  Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Qar uçqununa düşən alpinistlərin nəşi uzunmüddətli axtarışlardan sonra tapılaraq dəfn edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib