Dərc edilib: 22-07-2021

http://www.nuh.az/29392-.html

Polad Həşimovun adına park istifadəyə verildi - Video

22.07.2021 20:49:08

Cəmiyyət

Bu gün Bakının Xətai rayonunda Milli Qəhrəman, general-mayor Polad Həşimov adına park istifadəyə verilib.


“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib və əsaslı təmir edilib. Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb. Məlumata görə, həyətyanı sahələr "IDEA" İctimai Birliyinin tövsiyə etdiyi standartlara uyğun abadlaşdırılıb.

Polad Həşimovun anası Səmayə xanım da parkın açılışında iştirak edir.

***

Şəhid generalın qardaşı İlham Həşimov Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər barədə danışıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, P. Həşimovun xatirəsinin əbədiləşdirilməsi təkcə Xətai Rayon İcra Hakimiyyətinə deyil, bütün icra hakimiyyətlərinə tapşırılmışdı: “Bu təşəbbüsü ilk olaraq Xətai İcra Hakimiyyəti həyata keçirib. Bunu ilk olaraq gerçəkləşdirmək elə Polad Həşimovun yolunu davam etdirmək deməkdir. Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq. Polad Həşimovun və digər şəhidlərin burada xatirə lövhəsinin olması hər gün parkı ziyarət edən uşaqların yaddaşına həkk olunacaq”.

***

Parkda xatirəsi əbədiləşdirilən 9 şəhidin şərəfinə həmin şəhidlərin ailə üzvləri 9 çinar ağacı əkib.

 

 

 












NUH informasiya agentliyi səhifəsindən çap edilib