Dərc edilib: 23-07-2021

https://www.nuh.az/29402-.html

5 yaşlı şəhid qızı: "Atama “samalyot”la salam göndərirəm"

23.07.2021 13:26:31

Reportaj

Fatimə bu yazımı oxuyacaq, başa düşəcək yaşda deyil. Beş yaşı hələ bu gün tamam olur. O, ancaq şəkil çəkə, bir də atasına 3-4 sözdən ibarət məktub yaza bilir.

Yazır ki, ata, mən səni çox istəyirəm. Bundan əvvəlki məktubu da təyyarə ilə göndərib, amma yazılı yox, sözlə... Birdən göydə təyyarənin uçduğunu görüb. Yanındakı uşaqlara deyib ki, sakit dayanın, atama “samalyot”la salam göndərirəm.

Amma Fatimə reallıqdan xəbərsizdir. O, məktublarının nəyə görə cavabsız qaldığını bir neçə il sonra başa düşəcək. Atası Təbriz Qasımovun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmasından hələ ki, xəbərsizdir.

Vətən müharibəsinə könüllü olaraq qatılan və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan 27 yaşlı Təbriz, sonuncu dəfə ötən il noyabrın 5-də səhər saatlarında ailəsi ilə danışıb, axşam isə şəhid olub.

Şəhidin xanımı Aysel Qasımovanın sözlərinə görə, mərmilərin səsindən telefonda düz-əməlli danışa da bilməyiblər:

“Elə vaxt olurdu ki, mərmilərin səsindən danışa bilmirdik, bir-birimizi eşitmirdik. Mənə deyirdi ki, hər an hər şeyə hazır olun. Hər dəfə deyirdi ki, dua elə, şəhid olum. Mən burada sağ-salamat qayıtması üçün dua edirdim, o da şəhid olması üçün... Onun duası üstün oldu, Allah arzusuna yetirdi. Deyirdi, sizə məktub yazmışam, onu oxuyarsınız. Amma məktub gəlib çatmadı bizə. Heç bilmədik, bizə son sözləri nə olub. Həmişə deyirdi ki, Fatiməyə yaxşı gələcək quracam. Amma düşünməzdim ki, bu gələcəyi canından keçib quracaq”.

 

Fatimə hələ nə baş verdiyini anlamır. Anasına cavabını ala bilmədiyi suallar verir. Sualların hamısı bir-birinin təkrarıdır:  Atam niyə zəng etmir? Niyə gəlmir? Nə vaxt gələcək?

“Atamın hər yerdə, küçələrdə şəkilləri var. O gələndə şəkilləri yığışdıracaq?”, - bu da Fatoşun verdiyi çətin suallardan biridir, heç kim cavab tapmır...

“Mən necə deyim ki, atan bir də gəlməyəcək? Telefonu gətirir ki, atama zəng elə. Yığıram, zəng çatmır”, - deyən Fatimənin anası övladının qarşısında onun suallarına cavab verə bilmədiyi üçün çarəsiz qaldığını bildirir.

 

Təbrizin üzərində olan telefonu da ailəsinə çatmayıb. Şəhid olarkən üzərində sadəcə bir-iki əşya olub - minamyot mərmisinin düşməsi nəticəsində yanmış “poverbank”, içində ad-soyadının yazıldığı giliz, üzərinə “Ya Əli” yazılan balaca taxta...

Şəhidin xanımı və Fatimənin dayısı Nəriman Mahmudzadə ilə balaca qızcığaz heç nə bilməsin deyə, onun yanında söhbətləşmirik. Fatoşu ad günü hədiyyəsi olaraq ona alınan rəngli qələmlərlə şəkil çəkməyə göndəririk.

Anası deyir: “Atasının gəlməyəcəyini deyə bilmirəm, amma gələcək də demirəm. Özü yavaş-yavaş hiss edir. O gün Fatimə gəlib ki, qonşunun uşağı pis söz dedi. Dedi ki, sənin atan ölüb... Həmin sözdən o qədər təsirlənmişdi ki...”

Şəhid Təbrizin evindən çıxanda bayaqdan diqqətlə izlədiyim Fatoşla aramızda kiçik dialoq yaşanır:

- Fatoş, gəl şəkil çəkdirək...

- Gözümə buradan gün düşür axı...

- Yaxşı, gəl bu tərəfə keçək...

- Keçək...

Bu məqamda məlum olur ki, Fatimə dünən də atasına məktub göndərib. Babası göyə şar uçuranda yazdığı məktubu ona bağlayıb. Yazıb ki, ata, gəl gizlənpaç oynayaq.

4 sözdən ibarət müqəddəs məktubun cümləsi mənə təsir edir və qızcığazın önündə tutuluram, özümü saxlaya bilmirəm. 

Dialoq davam edir:

- Atan səni görür, Fatimə, bilirsən?

- Hə, bilirəm. Bax, sənin də gözünə gün düşüb, su gəlir...

Fatoşun hələ gözyaşı anlayışı da yoxdur...

Emin Səfərov

NUH informasiya agentliyi səhifəsindən çap edilib