Dərc edilib: 23-07-2021

https://www.nuh.az/29409-.html

Ukraynada məşhurlaşan azərbaycanlı siyasətçi: Zeynalov kimdir?

23.07.2021 23:29:32

LIVE

Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz Ukrayna siyasətinin tanınmış simalarından biridir.
Eduard Zeynalov azərbaycanlı əsilli Ukrayna siyasətçisidir. İki dəfə Ukrayna Ali Radasının deputatı seçilib. Kirovoqrad Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri və Ukrayna Avropa Partiyasının üzvüdür. Üçüncü dərəcəli dövlət qulluqçusudur.
Eduard Zeynalov 1963-cü il iyulun 21-də Ukraynanın Aleksandriya şəhərində anadan olub. Onun atası Cahangir Zeynalov azərbaycanlıdır.
Eduard Zeynalov 1985-ci ildə Odessa Hərbi Dənizçilik Məktəbini, 2005-ci ildə İdarəetmə Akademiyasını bitirib.
Karyerası
O, müxtəlif illərdə Aleksandriya Xilasetmə Stansiyasında xilasedici, Kirovoqrad neft deposunun operatoru, Ukrayna SSR Dövlət Neft Məhsulları Komitəsinin Kirovoqrad regional şöbəsinin planlaşdırma və paylama şöbəsinin müdiri, eləcə də sözügedən qurumun xarici iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifələrində işləyib. Həmçinin, "Kirovoqradqlavsnab” əmtəə şirkətinin rəhbərinin müavini və idarə heyəti sədrinin birinci müavini postlarını tutub.
1996-2004-cü illərdə "İnterresursı” SC-nin baş direktoru, "RUR Qrup S.A”-nın baş direktoru, 2005-2006-cı illərdə Kirovoqrad Regional Dövlət Administrasiyasının rəhbəri olub.
Siyasi fəaliyyəti
Eduard Zeynalov 2005-ci ildə Ukraynada keçirilmiş prezident seçkisində 100-cü seçki dairəsində (Kirovoqrad şəhəri) ölkə prezidenti vəzifəsinə namizəd Viktor Yuşşenkonun etibarlı adamı idi.
"Bizim Ukrayna” blokundan 5-ci çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Parlamentin İqtisadi Siyasət komitəsi sədrinin müavini olub.
Eduard Zeynalov Ukrayna parlamentinə keçirilən altıncı çağırış seçkilərində də qalib gəlib. Bu mandata "Bizim Ukrayna - Xalq Özünümüdafiə” blokundan seçilib. Ali Radanın Nəqliyyat və Kommunikasiya Komitəsinin üzvü olub.
Eduard Zeynalov hazırda Ukrayna Avropa Partiyasının üzvüdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib