Dərc edilib: 01-08-2021

https://www.nuh.az/29509-.html

“Uşaqlarıma dedim ki, atanızı öldürməsəm, sabah oyanıb bizi öldürəcək”

01.08.2021 00:51:42

LIVE

"Mahir hər gün evə içkili gəlib məni və uşaqları döyüb, söyərək təhqir edib". 

 


Bu sözlər martın 6-da onu döyən və mütəmadi əzab verən ərini öldürməkdə təqsirləndirilən 41 yaşlı Günay Şıxəliyevanın istintaqa verdiyi ifadədəndir. Qadın həmin gün də onu döyən əri Mahir Şıxəliyevi yatdığı yerdə öldürməsinin səbəbini açıqlayıb: “Mahirlə biz 2004-cü ildə evlənmişik, evliliyimizdən 2005-ci ildə F. və 2007-ci ildə E. dünyaya gəldi.

Mahir Yeni Suraxanı qəsəbəsində ayrı-ayrı sexlərdə mebel ustası kimi işləsə də, ailəni normal dolandırmırdı, atamla anam bizə kömək edirdi. Mahir evliliyimizin ilk aylarından mütəmadi olaraq spirtli içki içib evdə mübahisə yaradırdı, məni və övladlarımı təhqir edirdi. Mahirin bizə qarşı bu cür davranışları barədə atama deyəndə o, hər şeyi uşaqlarıma bağışlayıb, Mahirə güzəştə getməyimi tövsiyə etdi.

Sonuncu dəfə martın 6-da saat 20 radələrində Mahir yenə də sərxoş vəziyyətdə evə gəldi. Mənlə əsassız yerə mübahisə etməyə başladı. Heç bir söz demədim, məni yumruqla vurmaq istəyərkən oğlum F. atasının önünə keçib məni vurmasına mane oldu. Bu vaxt Mahir onun sifətinə yumruq və şillə vurdu. Oğlum zərbələrin təsirindən yerə yıxıldı və bir anlıq özündə olmadı.

Sonra yerdən qalxanda Mahir yenə də F.i vurdu. Bu vaxt orada olan kiçik oğlum qaçıb o biri otağa keçdi. Həmin vaxt Mahir uşaqlara “indi özümdə deyiləm, sabah sizinlə danışacağam” dedi. F. yataq otağına keçəndən sonra Mahir də ora girdi. Bir qədər sonra oğlum yenə qaça-qaça yanımıza gəlib dedi ki, atası onu yenə döyüb. Mahir onun ardıyca gəlib otaqdakı DVD-ni götürüb F.in başına vuranda E. atasının qarşısına keçib mane oldu. Həmin vaxt E. də əlindən xəsarət aldı. Kənara çəkiləndə F. yenə də onun önünə keçib atasının onu vurmasına imkan vermədi. Mahir digər otağa keçərək uzanıb yatdı”.

G.Şıxəliyeva qeyd edib ki, bir müddət sonra böyük oğluna əri Mahiri öldürəcəyini deyib: “Həmin vaxt E. də bunu eşitdi, uşaqlar məni sakitləşdirərək bu fikrimdən daşındırmağa çalışırdılar. Onlara Mahiri öldürməsəm, səhərisi gün onun oyanıb bizi öldürəcəyini dedim. Uşaqlara yataqda uzanıb qulaqlarını tutmalarını, polislər evə gələndə isə durub babalarıgilə getmələrini tapşırdım”.

Günay Şıxəliyeva ərini yatmış vəziyyətdə öldürməyin daha asan olacağını düşündüyünü deyib: “Mahirin oyaq olub-olmadığını dəqiqləşdirmək üçün onun yatdığı otağa baxdım. Saat 23 radələrində Mahirin dərin yuxuda olduğunu gördüm. Onun xorultu səslərini eşidib evdən həyətə çıxdım. Həyətdə hamam otağının giriş qapısının yanında divara söykənilmiş vəziyyətdə olan təxminən 1.5 metr uzunluğunda olan dəmir lingi götürüb Mahirin yatdığı otağa gəldim. Dərhal linglə Mahirin başından çoxsaylı zərbələr vurmağa başladım. Əllərim və otağın divarları qana boyandı. Ona zərbələri vurduqdan sonra onun artıq xırıldadığını eşidib zərbələri dayandırdım. Sonra otaqdan çıxıb əllərimi mətbəxdə yuyub, qana bulaşmış köynəyimi dəyişdim.

Mahirin yatdığı otağa keçib, işığı yandırmadan oturub onun xırıltısının tam kəsilərək öldüyünü dəqiqləşdirmək üçün gözlədim. Bir neçə saatdan sonra Mahirin əlinə toxunub əlinin yarısoyuq olduğunu və artıq onun ölü olduğunu bildim”.

G.Şıxəliyeva daha sonra DİN-nin 102 xidmətinə zəng edərək ərini öldürdüyü barəsində məlumat verib: “Təxminən saat 4 radələrində polislər gəldi. Sonra uşaqlarımı yuxudan oyadıb onları atamgilin evlərinə yola saldım”.

O, tutduğu əməldən peşmanlıq çəkmədiyini bildirib. G.Şıxəliyevanın hazırda məhkəmə prosesi davam edir.

Xatırladaq ki, qətl törədilən ərəfədə qonşuları, ailəni tanıyan şəxslər sosial şəbəkədə aktiv müzakirə açaraq G. Şıxəliyevanın ərinin sağlığında həqiqətən zorakılıqlara məruz qaldığını qeyd edirdilər. Onlar bu məsələni hüquq müdafiəçiləri və vəkillərin diqqətinə çatdıraraq qadına bəraət verilə biləcəyi ehtimalını dilə gətirirdilər. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib