Dərc edilib: 04-08-2021

https://www.nuh.az/29551-.html

Qarabağ qazisi Daşkəsən Rayon Polis Şöbəsində DÖYÜLDÜ

04.08.2021 12:03:18

Region

İlkin Həsənpur: "Rəis müavini Gündüz müəllim otaqda məni bir günə qoydular ki, hələ də özümə gələ bilmirəm"

"Polislərin ayağa durub "bəli, rəis" deyə müraciət etdiyi mülki geyimli şəxs məni ən alçaldıcı ifadələrlə təhqir etdi, olmazın söyüşlər söydü"

 


Bu gün redaksiyamıza telefon açan İkinci Qarabağ müharibəsi qazisi, Gəncə şəhər sakini İlkin Sarış oğlu Həsənpur Daşkəsən Rayon Polis Şöbəsində zorakılığa və təhqirə məruz qaldığını bildirdi.

Belə ki, hadisə ilə bağlı Hurriyyet.az-a danışan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı kimi xidmət edən şikayətçinin sözlərinə görə, Daşkəsən rayonu Xoşbulaq kəndində 3-4 nəfər naməlum şəxs tərəfindən döyülüb: "Müharibədə kəşfiyyatda olmuşam, əlil adamam. Qeyd edim ki, dünən Xoşbulaq kəndində çay içib, çörək yemişəm. Daha sonra Gəncə şəhərinə yola düşmüşəm. Yolda bir mağazanın qarşısında dayanmışam. Həmin vaxt 3-4 nəfər mağazanın qarşısında dayanmışdılar. Onlar idarə etdiyim avtomobilin satılıb-satılmadığı ilə maraqlandılar. Dedim ki, bu maşını bizə dövlət verib. Ardınca harda əlil olduğumu soruşdular. Gördüm ki, çox sorğu-suala tutur, dedim ki, sən kimsən. Bunun üstündə mübahisə yarandı və həmin şəxslər məni döydülər".

Aldığı zərbələrdən sonra huşunu itirdiyini deyən İkinci Qarabağ müharibəsi qazisi bir müddət sonra ətrafdakı insanların köməkliyi ilə ayıldığını dedi: "Bir də onu gördüm ki, camaat üzümü su vurur. Ayılanda baxdım ki, üzərimdə olan pulumu da aparıblar. Bu zaman Daxili İşlər Nazirliyinin "102" - Zəng Mərkəzinə telefon açdım. Ardınca məni Daşkəsən Rayon Polis Şöbəsinə dəvət etdilər. Gedib orada xəsarətlərimi göstərdim. Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, səhv etmirəmsə Seymur müəllim (söhbət polis polkovnik leytenantı Seymur Əfəndiyevdən gedir-red.) və rəis müavini Gündüz müəllim otaqda məni bir günə qoydular ki, hələ də özümə gələ bilmirəm. Müharibədə Vətən, dövlət üçün canımı qoymuşam. Axı, nə dedim ki, məni zorakılığa və təhqirə məruz qoydular?! Dövlətimizə qarşı çıxmamışam, heç kimi təhqir etməmişəm. Daşkəsən Rayon Polis Şöbəsinə çağırıblar, mən də səliqəli şəkildə hadisəni danışmışam, xəsarətlərimi göstərmişəm. And olsun Allaha, Gündüz müəllim məni bir günə qoydu, dedi ki, nə desəm onu da yazacaqsan. Dedim ki, narkozdan çıxmış adamam yazı yaza bilmirəm. Gördüm ki, öldürürlər, dedim siz yazın mən imzalayım. Bildirdilər ki, pulu hardasa itirdiyimi yazmalıyam. Vallah, onların bu işdə hansı maraqları olduğunu da bilmədim. Sonda mülki geyimdə bir nəfər içəri daxil oldu və otaqdakı polislər ayağa durub "bəli, rəis" deyə ona müraciət etdilər. Həmin mülki geyimli şəxs məni ən alçaldıcı ifadələrlə təhqir etdi, olmazın söyüşlər söydü. Dedi ki, dalınızı erməniyə veribsiz, indi gəl otur belimdə".

Daşkəsən Rayon Polis Şöbəsində məruz qaldığı zorakılıq və təhqirlə bağlı Hurriyyet.az vasitəsilə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən daxili işlər naziri Vilayət Eyvazova müraciət edən İkinci Qarabağ müharibəsi qazisi ona qarşı bu cür iyrənc əmələ yol verən polis əməkdaşlarının cəzalandırılmalarını xahiş edir: "Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda da olmuşam. Onlar başıma gələn hadisəni qınasalar da, bildirdilər ki, işə Daşkəsən Rayon Prokurorluğu baxmalıdır. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə məni heç qəbul etmədi. Odur ki, ölkə başçısından və daxili işlər nazirindən mənə qarşı zor tətbiq etmiş, təhqir etmiş polis əməkdaşlarının və döyüb pulumu oğurlayan şəxslərlə bağlı müvafiq tədbir görülməsini xahiş edirəm".

Redaksiyadan: Sözün açığı, Daşkəsən Rayon Polis Şöbəsində, ümumiyyətlə daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qarabağ qazisinin döyülməsinə və ən alçaldıcı ifadələrlə təhqir olunmasına, adamın inanmağı gəlmir. Təbii ki, bununla şikayətçini yalanlamağa çalışmırıq. Sadəcə olaraq, əsas vəzifəsi dövlətin və xalqın keşiyində durmaq, onun marağını və asayişini qorumaq olar polis əməkdaşının bu cür iyrənc və alçaldıcı əmələ əl atması həm təəssüf, həm də utanc hissi oyadır. Ümid edirik ki, İkinci Qarabağ müharibəsi qazisi İlkin Sarış oğlu Həsənpurun dedikləri müvafiq qurumlar tərəfindən dərhal araşdırılacaq və hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

P.S. Bu arada, maraqlıdır, görəsən bir həftəyə yaxındır Xaçmaz rayonunun deputatı Eldəniz Səlimov tərəfindən döyülən polis əməkdaşına görə həyəcan təbili çalan Milli Məclis üzvləri, Daşkəsən Rayon Polis Şöbəsində zorakılığa və təhqirə məruz qaldığını iddia edən İkinci Qarabağ müharibəsi qazisi İlkin Həsənpur üçün də eyni təpkini verə biləcəklərmi?


 

 

Valeh, Hurriyyet.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib