Dərc edilib: 08-08-2021

https://www.nuh.az/29586-.html

Azərbaycanın İrandakı YENİ SƏFİRİ kimdir? - DOSYE

08.08.2021 11:26:51

Günün sitatı

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi dəyişdirilib. Prezident İlham Əliyev Bünyad Səməd oğlu Hüseynovu bu vəzifələrdən geri çağırıb, onun yerinə Əli Fikrət oğlu Əlizadə təyin edilib.
Qaynarinfo xəbər verir ki, Əli Əlizadə 21 iyun 1978-ci ildə Naxçıvanda anadan olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. 
 
2002-2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib. 2003-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb. 2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.
2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib. Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılıb və 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində isə bu vəzifədən geri çağrılıb.
İngilis, rus, türk dillərini bilir. Ailəlidir, üç övladı var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib