Dərc edilib: 14-08-2021

https://www.nuh.az/29642-.html

“Laçın və Zəngilanın şərqində erməni postları qurulur” - Deputat

14.08.2021 00:10:10

LIVE

“Avqustun 11-də baş vermiş 3 hadisə regionda çox qəliz, mürəkkəb proseslərin getdiyindən xəbər verir. Bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın Müdafiə Nazirliyi sərt bir bəyanat qəbul etdi. Bu bəyanatda 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin 4-cü bəndinin yerinə yetirilməməsindən narahatlıq ifadə olunurdu” deyən millət vəkili Elman Nəsirov əlavə etdi ki, sənədin 4-cü bəndində qanunsuz erməni silahlı birləşmələrinin tör-töküntüləri Qarabağı tərk etməliydi”.

Bizim.Media üçün səsləndirdiyi özəl şərhində deputat bildirdi ki, bəyanatın 4-cü bəndinə əməl olunmur.

 


Faktlar var ki, Rusiya sülhməramlılarının dəstəyi ilə erməni silahlıları Qarabağa yerləşdirilməkdədir:

“Daha dəqiq desək, Muxtar və Şuşakənd ətrafında postlar qurulur. Eyni zamanda Laçın və Zəngilan rayonlarının şərq hissəsində bu tip erməni postları qurulmaqdadır. Bu isə 10 noyabr sənədilə dabandabana ziddiyyət təşkil edir. Rus sülhməramlıları buna görə böyük məsuliyyət daşıyırlar. Bundan başqa, Azərbaycan XİN İrana nota verdi. İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Ona bildirildi ki, İran ərazisindən Qarabağa təyinatı məlum olmayan yüklər daşınır. Bu isə Azərbaycanın icazəsi olmadan baş verir. İranın Ermənistana bu cür dəstəyi qəbuledilməzdir”.

Millət vəkili Elman Nəsirov avqustun 11-də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun yeni erməni həmkarını qəbul etməsinə də münasibət bildirib.


Çünki qəbul zamanı Rusiyanın Ermənistan ordusunun modernləşdirilməsinə ciddi dəstək verəcəyi ifadə olunub:

“Eyni zamanda Şoyqu Ermənistanı Rusiyanın əsas hərbi müttəfiqi kimi adlandırdı. Təbii ki, bu da Ermənistanda revanşizm duyğularını gücləndirən haldır. Bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Məsələlərlə bağlı həm Müdafiə Nazirliyi, həm də XİN öz sərt mövqeyini açıq şəkildə bildirib. Bu reallıqlar fonunda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. Həmçinin ATƏT-in Minsk Qrupundan yeni təkliflər gözlədiyini elan edib. Bu da İrəvanın növbəti təxribatçı davranışıdır”.

Deputat ATƏT-in Minsk Qrupunun ömrünü çoxdan başa vurduğunu deyərək fikirlərini belə davam etdirib:

“Qarabağın statusu ilə bağlı yeni təklif icad edəcəklər? Ali Baş Komandanımız söyləyib ki, status yoxdur və olmayacaq da. Qarabağ İqtisadi Rayonu ilə də bağlı fərman imzalanıb. Bunlardan sonra Minsk Qrupu hansı təklifi ortaya qoya bilər?

Ermənilər bununla ya özlərinə sülhpərvər obraz yaratmağa, ya da ki çirkin oyunlarını reallaşdırmaq üçün vaxt qazanmağa çalışırlar”.


Elman Nəsirov sonda vurğuladı ki, ermənilər vaxt udmaqla regionda yeni gərginlik ocağı yaratmaq istəyirlər. Lakin qalib tərəf Azərbaycan olduğu üçün şərtləri də Bakı diktə edir.

Anar Rəhimov, Bizim.Media 

NUH informasiya agentliyi səhifəsindən çap edilib