Dərc edilib: 15-08-2021

http://www.nuh.az/29663-.html

İranda şahın dövründə Azərbaycan radiosunu dinləmək qadağan idi

15.08.2021 22:48:59

Müsahibə

69 yaşlı Rza Diqqəti müqavimət jurnalistikasından cilalanmış foto sənətinə qədər çox böyük həyat yolu keçib. O, perfeksionizmin köməyi ilə ictimai davranışın ən hissiyyatlı simlərinə toxunmağı öyrənib.


Ancaq innovasiya inqilabından sonra biz informasiya qəbulunun yeni dövrünü ötüb keçmişik. Televizor və qəzet ictimai fikir kimi virtual şəbəkə mühiti ilə unifikasiya olandan sonra məlumatın sürəti onun keyfiyyətindən daha dəyərli olub. İnformasiya sətiri səliqəsiz dolaşıq imzaya oxşaya, fotoqrafiya isə tutqun və bulanıq alına bilər, ancaq innovasiyaların diffuziyası nəzəriyyəsinin təntənəsindən sonra insanlar üçün informasiyanın çatdırılması sürəti önəmlidir. Xəbər insanın onun oxumasından dərhal sonra ölür. O, artıq heç kimə gərək deyil. Oxucuya da, jurnalistə də… Bizim dünyamızda və bizim zamanımızda bircə sətir bütöv bir art-prosesə qalib gələ bilir. Odur ki, şəbəkənin istənilən seqmentindəki bir səliqəsiz sətirin gücü və təsiri ən nüfuzlu dünya telekanallarının təbliğat gücü ilə eyniləşir. İki gün əvvəl bir nəzərə çarpmayan bloqda Qəndəharın çökməsi xəbəri peyda oldu. Və xəbər bir an içində bütün dünyaya yayıldı. Onu bütün bəşəriyyət oxudu… Xəbər sürətlə axan zamanın oxuna çevrildi.

Və əgər İran inqilabı başlayan gün 20 min nəşr bəşəriyyətə yeni tarixi prosesdən danışmaq üçün Rza Diqqəti ilə əməkdaşlıq arzusundaydısa, “Ərəb baharı” başlayan gün bir xırda telefon insanlara tarixin sonu və inqilabın doğuşundan danışırdı.

Mənim fikirlərim həmsöhbətimin xətrinə dəyir. Ancaq mən onu inandırmağa çalışıram ki, innovasion-texnoloji inqilab Qriboyedovun insan xoşbəxtliyi haqda fikirlərini  yox edib: «...xoşbəxtlər saata fikir vermirlər». İndi isə hamı xoşbəxtdir və saata fikir verirlər… Ancaq fəlsəfi mühakimələri yarıda kəsmək və tarixə dönmək vaxtıdır. O tarixə ki, hələ yox olmayıb.

Bu sətirlər jurnalist Eynulla Fətullayevin məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqətidən aldığı müsahibənin sonuncu hissəsində yer alıb.

 

 


Rza Diqqəti Əfqanıstana qayıdır

 


- Sizin bioqrafiyanızın ən böyük qəribəliyi: dünyanın aparıcı mətbu orqanlarında tez-tez bombalar partladan Qərb jurnalisti birdən 1987-ci ildə sakit guşədə - Sovet Azərbaycanında peyda olur. Niyə Bakıya gəlməyə qərar verdiniz? Və necə oldu ki, Sovet hökuməti sizə öz ərazisinə gəlməyə icazə verdi?

- Uşaqlıqdan Bakı ailəmizin ülvi arzusu olub. Atam gəncliyini keçirdiyi Xəzərin qoynundakı şəhər haqqında həmişə nostalji ilə danışıb. Hətta əmim də burada yaşayıb, sonra onu Stalinin dövründə həbs ediblər, hərçənd Xasavyurta qaça bilib... Bakı bizim üçün müqəddəs yer olub. İranda şahın dövründə Sovet Azərbaycanının radiostansiyasını dinləmək qadağan edilib. Atam həmişə öz radiosunu yorğanın altında gizlədib. Gündə bir dəfə gözümüzdən yayınıb yorğanının altına girirdi. Uzun illər bu mistikanı çözə bilmədik. Yalnız bir neçə il sonra öyrəndik ki, atamız yad gözlərdən, hətta bizdən yayınaraq, Sovet Azərbaycanının xəbərlərini dinləyirdi...   

Artıq Parisdə məşhur bir azərbaycanlı ilə tanış oldum.

- Söhbət Ramiz Abutalıbovdan gedir?

- Siz necə başa düşdünüz?

- SSRİ dövründə Parisdə Sovet Azərbaycanından bircə məşhur adam olub – YUNESCO-da işləyən Ramiz Abutalıbov. Mühacirət tarixçəmizi məhz o ilk dəfə Azərbaycana tanıdıb.  

- Onunla dostlaşdıq. Mühacirlərin hamısı Sovet Azərbaycanından olan birisinin YUNESCO-ya yüksək vəzifəyə təyin olunmasına yaxşı mənada təəccüblənmişdi. Onu tez-tez Parisdəki sərgilərimə dəvət etmişəm. Bir dəfə mənə Parisdə musiqi festivalının keçiriləcəyini dedi. Həmin festivalda Bakıdan olan tanınmış musiqiçilər iştirak edəcəkdilər. O məni və məşhur rəssam olan İmdadian qardaşlarını dəvət etdi. Həmin vaxt ilk dəfə Səxavət Məmmədov, Əminə Dilbazi və digər istedadlı şəxsiyyətlərlə tanış oldum. Ramiz Abutalıbov bir müddət sonra azərbaycanlı yazıçı Elçin Əfəndiyevin mənimlə görüşmək istədiyini söylədi. Yazıçı məni Mirzə Fətəli Axundovun 150 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməyə çağırdı. Elçin Bakıya gələ bilməyimiz üçün Moskvadan icazə aldıqlarını söylədi. Mən sevincdən göyün yeddinci qatında idim.    

İnanmağım gəlmirdi, ən ülvi arzum çin olmuşdu. Amma səmimi qəlbdən deyirəm, həmin köhnə Bakı məni sadəcə peşman etdi. Paytaxta çatanda enmə meydançasında bizi qarşılayan insanlardan soruşdum: “Bəs hava limanı haradadır?” Onlar əlləri ilə balaca ikimərtəbəli evi göstərdilər. Binə hava limanını xatırlayırsınız? Gözlərimə inanmadım – bu, atamın arzularının şəhəri olan Bakının hava limanı idi?! Sonra bizi “Jiquli” sovet avtomobilinə mindirdilər və bu narahat maşınlarda yola düzəldik. Mazut qoxusu ürəyimi bulandırırdı. Bizi ucu-bucağı görünməyən dəhşətli bir yolla apardılar. Bu, mərkəzi şose idi! Peşmançılıq duyğumu sözə çevirməkdə çətinlik çəkirəm. Sonu görünməyən dəhşətli yol bitmək bilmirdi. Nəhayət, iki saatdan sonra şəhərə girdik.

 

 

Ağladım. Hamı geri çevrilib soruşdu: “Niyə ağlayırsan?” Axı necə ağlamayım ki? Bakı ilə bağlı ta uşaqlıqdan qurduğum xəyallar gözümün qarşısında param-parça olurdu. Axı atam Bakını Cenevrə ilə müqayisə edir, onun Parisdən belə gözəl olduğunu söyləyirdi. Əvəzində mən nə görmüşdüm? Ətraf başdan-başa yoxsulluq və gerilik qoxuyurdu. Kasıb geyinmiş adamlar, bərbad yollar göz deşirdi, elementar infrastrukturdan danışmağına belə dəyməzdi... İnanın ki, gün boyu ağladım. Kasıblığa düçar olmuş həmvətənlərimlə qarşılaşmaq çox ağır idi. Hərçənd sonrakı günlər tədricən stressdən çıxmağa başladım. Bizi yazıçı Anar, şair Bəxtiyar Vahabzadə və Fikrət Qoca, bəstəkar Xəyyam Mirzəzadə ilə – Azərbaycan ziyalılarının görkəmli nümayəndələri ilə şam yeməyinə dəvət etdilər. Bu intellektuallarla maraqlı, qızğın söhbətlər yaddaşımda silinməz izlər buraxdı.

Amma yenə də ürəyimdən qara qanlar axdı. Bakını ilk dəfə tərk edəndə tez-tez özümdən soruşurdum – niyə xalqım bu qədər kasıb yaşayır?   

- Yəqin Allaha şükür etdiniz ki, 1946-cı ildə Pişevarinin inqilabı məğlubiyyətə uğrayıb. Yoxsa Cənubi Azərbaycan Təbrizlə birgə sovet hakimiyyətinin tabeliyi altında olardı. O zaman sizi də eyni tale gözləyərdi.   

- Hə, razıyam (gülümsəyir). Sovet Bakısında gördüklərim Parisdən gəlmiş birisi üçün kabus idi.  

- Bəs şah Təbrizindən gəlmiş adam üçün? Yəni biz sovet dövründə sizin şah rejimində olduğunuzdan daha pis yaşayırdıq?  

- Sözsüz ki, daha pis. Sadəcə həmin vaxt biz bunu başa düşmürdük.

- Sizsə şahdan narazı idiniz…

- Biz bunu sonra başa düşdük. Amma çox gec idi (gülür).

- Bəs İlham Əliyevin tikdiyi yeni Bakıya gəlişinizdən sonra hansı təəssüratlara sahib oldunuz? Xatirimdədir ki, 90-cı illərin əvvəllərində də burada olmusunuz, amma şəhər o vaxt hələ sovet şəhəri olaraq qalırdı.

- Sizin dediyiniz kimi, İlham Əliyevin tikdiyi yeni Bakıya gələndə yenə ağladım. Amma bu sevinc göz yaşları idi! Möhtəşəm hava limanı, əsrarəngiz avtomagistrallar, zümrüdü şəhər. Heyran olmuşdum. İndi Bakının hər yerində firavan həyat müşahidə edirəm. İnsanlar yaxşı yaşamağa, yaxşı geyinməyə başlayıblar, Bakı isə artıq Avropa şəhərlərinə oxşayır. Ancaq bəzən tənqidi ovqatlı adamların narazı və şikayətcil səsləri eşidilir. Kimsə məvacibin azlığından şikayətlənir, kimsə yollardakı asfaltın tez dağıldığını deyir, bəzilər su qıtlığından danışır. Bu cür tənqidi səsləri yarıda kəsirəm. Deyirəm ki, qulaq asın, iranlıların 40 il əvvəlki səhvlərini tərkrarlamayın. İstənilən kataklizm və dəyişiklik uzunmüddətli sosial böhranla nəticələnir. Sovet Bakısında kommunal mənzillərdə necə yaşadığınızı yada salın! Və bugünkü yaşayışınıza baxın. Yer və göy fərqidir. Soruşuram: Azərbaycanda kimsə guya aclıqdan əzab çəkir və ölür? Yox! Şax İranında isə əyalət sakinləri çörək qıtlığı yaşayırdı, Misirdəki kimi məzarlıqlarda və məscidlərdə gecələyirdi. Məgər indiki Azərbaycanda gecələməyə yer tapmayanlar var? Hər şey müqayisədə bilinir. Dünyanın çox hissəsində olmuşam. Azərbaycanda yaşayış səviyyəsi inkişaf etməkdə olan dövlətlərin böyük əksəriyyətindən yüksəkdir.

- Üstəlik, biz Qarabağ müharibəsində qalib gəlmişik. Əliyev bizə milli qürurumuzu və tapdanmış heysiyyətimizi qaytardı!  Siz birinci Qarabağ müharibəsini də lentə almısız. Neçə dəfə cəbhədə olmusuz?

- Bircə dəfə. Xocalı genosidindən sonra əcnəbi jurnalistlərlə birlikdə Bakıya gəldim. Azərbaycan birinci müharibəni niyə uduzdu?  Əfqanıstandan Konqoya qədər bir çox müharibəni görmüşəm və məndə hərb sənəti haqqında rəy formalaşıb,  bir çox hərbi kampaniyanı lentə köçürmüşəm. Həmin vaxt Azərbaycanda ordu yox idi və tam nizamsızlıq hökm sürürdü. Üstəlik Ermənistanı Rusiya və İran güclü müdafiə edirdi. Birinci müharibənin nəticəsi əvvəldən həll olunmuşdu. O müharibə azərbaycanlılar üçün qanlı faciəyə çevrildi.

- Sonra tale sizi Konqoya aparıb çıxardı. Və orada Ruanda tutsilərin dəhşətli genosidi baş verdi. Komandante Çe Gevara yazmışdı ki, Lumumbanın qətlinə biganə qalan ölkənin gələcəyi yoxdur.  Niyə taleyinizi bu gələcəyi olmayan ölkədə sınamaq qərarına gəldiz?

- Bəli, bu, dəhşətli faciə idi. Hələ də gözlərimin qarşısında on minlərlə cəsəd canlanır. Ancaq mənim missiyam Ruandada bir çox insana kömək etdi. Mənim fotoqrafiyalarım vasitəsilə uşaqlar öz valideynlərini axtarırdılar. Qaçqın düşərgələrini dolaşır və fotosərgilər düzəldirdim. O fotolarda valideynlər övladlarını tapırdı. O günlərin hadisələrini xatırlamaq çox çətindir. Yaddaşımda cəsədlərlə dolu küçə canlanır… (Kədərli baxışlarını kənara çevirir - E.F.) Bağışlayın, bu haqda danışmaq istəmirəm… (Pauza. Bir dəqiqə susuruq. Sonra həmsöhbətim dərindən köks ötürüb söhbətə davam edir - E.F.). Orada iki genosid baş verdi. Birinci qırğında xutular yüz mindən çox tutsini qətlə yetirdi. Dünya bu faciədən xəbərsiz idi. Və mən həmin qətlləri çəkdim. Yenə də dünya nəşrləri mənim fotoqrafiyalarımı yaydı. İki milyondan çox tutsi qaçqın düşdü. Və mən onların çadır şəhərciklərini çəkən ilk fotoqraflardan idim. 1993-1997-ci illər tarixin ən dəhşətli insan faciələrindən birinə şahidlik etdi.

- Siz Konqoda Mobutunun devrildiyi dövrdə işləmisiz?

- Yox, həmin vaxt mən Ruandada idim.

- Peşəkar fəaliyyətinizdəki əsas hadisələrdən birinə - Əfqanıstana toxunmağı unutduq…

- Sovet qoşunlarının çıxarılmasından başlamış Məhəmməd Nəcibullanın edamına və milli hökumətin bərqərar olmasına qədərki bütün prosesi izlədim. Pəncşir şiri adlandırılan Əhməd Şah Məsudla çoxlu ünsiyyətimiz oldu. O, cəlbedici şəxsiyyət idi. Əfqanıstanın bütün məşhur komandirlərinin - Hikmətiyarın, Rəbbaninin, Dustumun fotolarını çəkdim… 1983-cü ildən başlayaraq mən dünyanın sonuna qədər fəth olunmayacaq bu ölkəyə 50 dəfədən çox səfər etdim. Heç bir ölkədə bu dərəcədə ruhən güclü və tamamilə azad insan görmədim. Bütün əfqan müharibələrinin 40 illik tarixi mənim fotolentimdə əks olunub.

- Kabinetinizdə kofr - peşəkar reportyorun atributunu gördüm.İndi yolunuz haradır?  Əfqanıstana? Ora yenə qaynar nöqtədir…

- Bəli, düz tapdız. Əfqanıstana gedirəm.

- Əgər əvvəllər fotomüxbir və operator insanlığı qaynar nöqtələrlə əlaqələndirən yeganə bağ idisə, bu gün smartfon var. Nə qədər ədalətsizdə olsa, informasiyanın ötürülmə sürəti onun keyfiyyətindən daha əhəmiyyətli olub. Sosial şəbəkələr həvəskar çəkilişlərlə doludur… (Həmsöhbətim üçün xoşagəlməz olan çoxdan gözlədiyim cavabı eşitmək üçün söhbətimizin əvvəlinə qayıdıram - E.F.)

- Təəssüf ki, yenə haqlısız. Sürət keyfiyyətdən daha dəyərli olub.  Ancaq bunu ədalətsizlik saymıram. Bu, oxucuya münasibətdə ədalətlidir.  Onun anındaca informasiya almaq hüququ var və informasiya inqilabının hesabına bu mükəmməlliyə nail olunub…  Fotomüxbir peşəsinin sıradan çıxdığına eyham vurduğunuzu anlayıram. Sürət keyfiyyətdən vacibdir. Ancaq bu, keyfiyyətin özünü inkar etmir. Mən Əfqanıstandakı yeni müharibəni çəkəcəyəm. Və mənim fotoqrafiyalarımın hər biri müharibə haqqında ani informasiyadan daha aydın və dolğun danışacaq. Daha gec, ancaq daha dolğun və həqiqi. Heç kəs oxucunun gecikmiş, ancaq keyfiyyətli informasiya hüququnu əlindən ala bilməz. Gecikmiş, ancaq sözlə zəngin.

- Əfqanıstanda uğurlar arzulayıram.

- Görüşənə qədər!

Müsahibənin daha əvvəlki hissəsini buradan oxuya bilərsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib