Dərc edilib: 16-08-2021

https://www.nuh.az/29668-.html

“150 milyard dollarlıq resursla biz belə yaşamalı deyilik”

16.08.2021 08:43:24

İqtisadiyyat

Bir neçə gün öncə iqtisadçı alim, professor, sabiq maliyyə naziri Saleh Məmmədovun ad günü idi. Onunla həmin gün müsahibəmiz alınmadı, çünki şəhərdə yox idi. Saleh müəllimlə hər söhbətdən sonra düşünürsən ki, ölkənin iqtisadi idarəçiliyi onun söylədiyi ideyalarla həyata keçirilsə, az bir zamanda başqa xalqların həsəd aparacağı səviyyədə yüksəliş əldə edərik.
 
“Mənə bəzən xəyalpərvər deyirlər, lakin bu dediklərim xəyal deyil, reallıqdır. İnkişaf etmiş ölkələrin hamısı bu planlar əsasında irəliləyiblər”,- deyir. İllərdir deyir, illərdir Sinqapurun inkişaf modelindən danışır. O həddə ki, artıq Saleh Məmmədov deyəndə mənim yadıma Sinqapur düşür və hər dəfə də sancılı bir sual keçir beynimdən: Görəsən, onun səsi, təklifləri niyə eşidilmir, reallaşdırılmır?
 
Bu gün Saleh Məmmədovla qlobal böhran və müharibədən sonra Azərbaycanın Qarabağı dirçəltmək planları barədə danışırıq. Bütün sadə vətəndaşların dilə gətirdiyi sualı verirəm ona. “Qarabağın dirçəldilməsinə yetərli qədər vəsaitimiz varmı, ora diqqətin ayrılması digər rayonlarımızı iqtisadi çətinliyə salacaq, yoxsa əksinə, təkan verəcək?”. Professor söhbətə dünyanın ən inkişaf etmiş iqtisadiyyatına malik Çinlə müqayisədən başlayır:
 
“Dünyanın bütün ölkləri pandemiyanın davam etməsinə baxmayaraq, ciddi artım planlaşdırır. Xüsusilə Çin. Planlaşdırılan proqnozdan da xeyli artım əldə ediblər. 1-ci rübdə Çinin artım sürəti 18 faiz olub . Bu görünməmiş bir şeydir. 2-ci rübdə 7,9 faiz artım olub. 2021-ci ilin birinci yarım ilində orta artım 12,7 faiz idi ki, bu da böyük rəqəm idi. Keçən il ÜMD-də əksər ölkələrdə geriləmə olsa da, Çin yüksəliş ənənəsini pozmayaraq pandemiya ilində 2,3 faiz artım əldə etdi. Çin 1978-ci ildən Sinqapur rəhbəri Li Kuanın planı və təkidi ilə islahata başlayan andan kapitalizmin bütün tarixi qanunauyğunluqlarını inkar edərək 43 ildə bir dəfə də azalma əldə etmədən irəlilədi. Bazar iqtisadiyyatı dalğavari hərəkət edir. Gah yüksəliş, gah azalma ilə irəliləyir. Amma Çin iqtisadi böhran yaşasa da, iqtisadi azalma göstərmədi. Çinin yüksəlişi sadəcə, reallıqlara əməl edərək islahatlar, investisiyaların toplanması və inkişafın düzgün təşkilinə gətirdi. Hər şeyin əsasında investisya durur. Çin 1978-ci ildən qarşısına bir məqsəd qoydu. Dünyanın 100 əsas şirkətlərini ölkəyə cəlb etmək lazımdır. Gələn ölkələr də ciddi investisiyalarla gəldilər. 2-3 trilyon aktivi olan banklar aktivlərinin 2 faizini gətirsə, bu özü böyük sıçrayış demək idi.
 
Hər şeyin əsasında pul dayanaır. Dünyanın ən böyük şirkətləri öz istehsalat sahələrini Çində qurdular. Çin onlar üçün şərait yaratdı və inkişaf etdi. Bu ənənə davam edir. İnvestisiya axını təmin edilib, maliyyə sistemi borc və kredit üzərində qurulub. İş quran adam qazanc əldə eməlidir. Bu varsa, o, iş quracaq, başqalarının da işlə təmin olunmasına dəstək verəcək. İndi gələk Azərbaycana. Azərbaycanın o qədər böyük resursları var. Ölkə rəhbəri əsas problemimizi həll etdi, xalqa böyük böyük bir rezerv toplayıb. Cəmi bir neçə ölkə var ki, onlar ÜDM-dən daha çox rezerv toplayıb. Onlardan birincisi Azərbaycandır. Bu, inkişafın əsasıdır, bazasıdır. Amma iqtisadi orqanlarımız bu rezervdən lazımi səviyyədə istifadə edə bilmirlər. Bu gün Azərbaycanın vəziyyətini bu imkanlarla dirçəltməməyin izahını vermək mümkün deyil. Bu qədər imkan ola, amma istifadə edib yüksəlişə nail olmayasan. 2-ci dünya müharibəsindən sonra 17 Avropa ölkəsi və Yaponiyanı dirçəltmək üçün ABŞ-ın Marşal planına əsasən cəmi 13 milyard dollar vəsait ayırılmışdı. Müqayisə üçün deyim ki, Azərbaycanın şəxsi resursları 100 milyard dollara çatır. 50 milyard ölkəmizin nağd valyuta aktivləri var. Türkiyənin inkişafı 80-ci illərdə ABŞ-ın 4 milyard dollarlıq köməyi ilə başa tutdu. O böyüklükdə ölkə 4 milyard dollarla böhrandan çıxdı, inkişaf yolu tuta bildi.
 
Koreya, Sinqapur, Tayvan, Malayziya da az maliyyə ilə dirçəliblər: burada söhbət artıq milyardlardan deyil, bir neçə 100 milyondan gedir. Öz şəxsi vəsaitləri və Amerikanın dəstəyi ilə inkişaf etmiş ölkələr sırasına qalxdırlar. Azərbaycanın inkişafı üçün bu gün gözəl şərait yaranıb. Prezident İlham Əliyev cənabları islahatlar üçün hər cür şərait yaradıb, milyardlarla maliyyə resursları toplayıb. Sadəcə, iqtisadçılar bu islahatlardan düzgün istifadə edib düzgün plan tərtib etməlidirlər. Birincisi, neyləmək lazımdır? -2014-cü ildən öncəki templə irəliləməyimiz üçün indiki templə hərəkət etsək, gərək 10 il də gözləyək. 2014-cü ildə Azərbaycanda ÜDM həcmi 72 milyard dollar idi. Bu il heç 45 milyarda da çatmadı. Niyə hələ hansısa irəlilədici tədbir görülmür. Ölkənin böyük resursları var. 150 milyard manatdan çox daxili kredit resurslarımız var. Dünyanıın inkişafı kreditlər hesabına başa gəlir. Ölkədə verilən kreditlərin həcmi keçən il cəmi 14,5 milyard təşkil edib. Heç bir ölkədə belə bir şey yoxdur. Resurslarımızın cəmi 10 faizi istifadə olunur. Hardadır o pul, niyə ustifadə olunmur? Cəmiyyət mənəvi böhran içərisindədir. İstehlakçı cəmiyyət yaratmışıq. Yaradıcı cəmiyyət deyilik. Yaradıcı cəmiyyət elmin, sənayenin, yeni texnologiyaların inkişafında iştirak edir. Elm ilk yaradcılıq sahəsidir, elm bu gün ən böyük sənayeyə çevrilib. Dünyanın ilk top 10 şirkətinin 8-si elm və texnologiya şirkətləridir (altısı trilyoner şirkələrdir) və bunların son pandemiya ilində artımları 30%-dən aşağı düşməmişdi.
 
İnvestisiyaları artırmaq lazımdır. Yaradıcı cəmiyyətin elm xərcləri ÜDM-nin 3-5 faiz həcmində olmalıdır. İnvestisiya yığımları bu cəmiyyətlərdə ÜDM-nin 30-50 fazini təşkil etməlidir, bizdə 18 faiz təşkil edir. Bizim əlimizdə olan rezervlər heç bir ölkədə yoxdur. Başqa ölkədən yardım almağa ehtiyac qalmır. Öz vəsaitimiz hesabına böyük və sürətli dirçəlişi əldə edə bilərik, bu rezervlər hətta Azərbaycan kimi daha 5 ölkənin dirçəlişinə yetər. 44 günlük müharibədə bizə qələbəni əsgərlərimizin şücayəti ilə yanaşı, həm də ağıllı texnologiyalar qazandırdı. Biz bunları aldıq. İstehlakçıyıq. Istehsalçı deyilik. Ən yeni texnologiyalara sahib olmaq üçün xərc çəkməliyik. 1985-ci illə müqayisədə elmə çəkilən xərclərimiz mütləq mənada azalıb. 1985-ci ildə Azərbaycanda elmə 150 milyon dollar xərc çəkilirdi, Azərbaycan alimləri 1500 patent alırdı, bu gün bu rəqəm 100 milyondur, 100-120 patent alırıq, o da alayarımçıq, istifadəsiz.
 
Rəqəmsallaşmalıyıq və bu moda xatirinə edilməməlidir. Rəqəmsallaşma uğurla başa çatsa, Azərbaycanda ilk 1 ildə 15-20 faiz iqtisadi artım mütləqdir. Bu, inkişafa xidmət edəcək. Ölkədən kapital çıxışının qarşısı alınacaq. Əllərdəki pullar məcburən banklarda saxlanacaq. Bu da kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Hətta 1-2 faizə düşməsi mümkün olacaq. Keçən il 14,5 milyard kredit təklifi olub, tələb 50 milyard manat olub. Bu 50 milyard ölkəmizə sərf edilsə, iqtisadiyyat nə qədər dirçələ bilərdi. Bu ÜDM-in 30 milyarda qədər artımı demək olardı. Rəqəmsallaşma həm də şəffaflıq yaradır, məmurların vəsaiti oğurlamasının qarşısını alır, xaricə kapital ötürülməsi mümkün deyil, hər şey nəzarət altındadır. Vəsait ictimai dövriyyədə qalır. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri kredit üzərində iqtisadiyyatlarını qurublar. ABŞ, İngiltərə, Yaponiya, Aİ kimi bir çox ölkələrdə ümumi borc ÜDM- dən 2-3 dəfə çoxdur. Bizdə ÜDM- nin 27 faizini təşkil edir. Sadəcə, düzgün təşkil edib maliyyə cəlb edilməlidir. Sinqapur Azərbaycanın bir rayonu boyda ölkədir. Bank aktivi bir trilyon yarım dollar təşkil edir. 50 milyard dollar nağd rezervi olan bir ölkə olaraq niyə öz aktivlərimizin həcmini bir trilyona çatdıra bilmirik. Rəqəmsallaşma olsa, bizə yatırımlar avtomatik artacaq, nağd pul yoxdursa, hesablaşmalarda iştirak edən bütün pullar ictimai dövriyyədə olacaq, başqa çarəsi yoxdur. Sanksiya altında olan Cənubi Azərbaycan əhalisi ehtiyatlarını məcburən bizdə saxlayacaq. Çünki həm də bizə güvənilir bir dölvət kimi etibar var.
 
İşğaldan azad olunmuş rayonların özünün böyük potensialı var. Qızıl yataqlarımız var. Sovet vaxtı bizim ildə 3-4 milyard dollar sərvətimiz Ermənistana ötürülürdü, Sovet dağıldıqdan sonra Rusiya yenidən məcburən eyni həcmdə vəsaitləri işğalla Ermənistana ötürürdü. İndi bu probelmdən azadıq. Azərbaycan ordusu bunları darmadağın etdi, həmin resurslar indi özümüzdə qalır.
 
Bizim iqtisadçılarımız bu il üçün çox aşağı səviyədə artım planlaşdırmışdılar. Necə ola bilər bütün dünya, BVF, Dünya bankı bizim iqtisadçılardan daha çox artım prqonozlaşdırıb. 1 və 2-ci rüblərdə həqiqətən öz proqnozlarımızdan çox artım əldə edilib. Niyə bunu görməyiblər, görmyə də cəhd etmirlər. Bu il bütün dövlətlər iqitsadi artım planlaşdırırlar. Son 30 ildə ABŞ-da 7 faiz artım olmayıb, amma 7 faiz planlaşdırır. Yaponiya - 3, İngiltrə - 7 faiz planlaşdırır.
 
Qalib ölkə kimi biz də bunu edə bilərdik. 2000 illik tariximizin ən qüdrətli qələbəsini qazanıb yeni tarixin əsasını qoymuşuq. Qalib ölkəyə yaraşmayan iqtisadi sistem aparırıq.
 
Bəzən məni xəyalpərəst adlandırırlar, amma mövcud şərtlərə görə Azərbaycan nə Sinqapurdan, nə Cənubi Koreyadan, nə Honkonqdan, nə Tayfandan geri qalmır. Onların inkişafa başlayanda əlində heç birinin bizimkinin 100-də biri qədər resursu (həmçinin maliyyə resursu) olmayıb. Bu gün sağ olsun, Cənab Prezident yaradıb, qurub və iqtisadi orqanların sərəncamına verib. Qalır bundan ağılla istifadə etmək. Edə bilsək, yaxın gələcəkdə inkişaf etmiş ölkələr siyahısına düşə bilərik, Sovetlər Cənubi Koreyanı müstəmləkə kimi saxlayırdı, çökdürmüşdü, amma indi inkişafı ilə ondan irəli gedib, eynilə İsrail, Sinqapur. Bütün ərəb dünyası bir İsrailin əlində əsir-yesir qalıb, bir cırtdan dövlət olan Sinqapur Malaziyadan 4 dəfə, Rusiya kimi nəhəng imperiyadan 50 faiz çox məhsul ixrac edir. Bizim Rusiyanın iqtisadi qüdrətini geridə qoymaq imkanımız var. Biz bu ölkələrin praktikasından istifadə imkanlarına malikik”- deyə Saleh Məmmədov bildirir.
 
Biz də sizin kimi o böyük günü böyük ümidlə gözləyirik Saleh müəllim. Güclənib, güclənib nəhəng iqtisadi irəliləyiş əldə etmiş Sinqapur boyda olacağımız günü.(Bizimyol.info)

NUH informasiya agentliyi səhifəsindən çap edilib