Dərc edilib: 21-08-2021

https://www.nuh.az/29706-.html

“Atilla öldükdə türklər saçlarını kəsib üzlərinə dərin yaralar vurublar...”

21.08.2021 10:25:50

LIVE

“Qədim Azərbaycanda yuğ mərasimi zamanı matəm nəğmələri (ağılar) ifa edilir, iştirakçılar üzlərini cırır, saçlarını yolur, başlarına kül tökür, qara geyinirdilər...”
 
Moderator.az Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin “Aşura əzadarlığı və qədim türk ayini –yuğlama”başlıqlı yazısını təqdim edir: 
 
Hər il İmam Hüseyn əleyhissalamın şəhadəti, Kərbəla faciəsi yad edilərkən demək olar ki, eyni, standart məzmunlu iradlarla rastlaşırıq. Bir tərəfdən deyilir ki, əzadarlıq mərasimləri xurafatdır, digər tərəfdən isə iddia edilir ki, bu ənənənin Azərbaycan xalqına, əslində, heç bir aidiyyəti yoxdur. Sözsüz ki, insanın özünü zəncirlə döyməsi, qılıncla, xəncərlə yaralaması, yəni özünə xəsarət yetirib sağlamlığına ziyan vurması heç bir halda təqdir edilə bilməz. Yeri gəlmişkən, müasir Azərbaycanda Aşura günlərində qanvermə mərasimlərinin keçirilməsi şübhəsiz ki, olduqca savab bir işdir. Amma bizi maraqlandıran başqa məsələdir. Əzadarlıq ənənəsi həqiqətənmi Azərbaycan üçün yad ənənədir?! 
Təziyə mərasimlərinin Azərbaycanla əlaqəsini araşdırarkən nəzərimizi cəlb etmiş aşağıdakı maraqlı faktı oxuculara təqdim etmək qərarına gəldik:   
 
“O günlərdə (Kərbəla faciəsindən az sonra) Əbdurrəhmanın atası Səid ibn Mixnəf Əzdi Azərbaycanda idi. Əbdurrəhman evə yetişdikdə atası da gəlib çatdı və əhvalatı oğlundan soruşdu. Oğlu əvvəldən sonadək hər şeyi danışdı. Səid onun söylədiklərini eşidən kimi huşunu itirib atdan yıxıldı. Özünə gələndən sonra – əfsus ki, burada olmadım ki, canımı o Həzrətə fəda edim – deyərək elə ağladı ki, orada olanların hamısını ağlatdı. Hüseyn əleyhissalamın dostları Səidin gəlişindən xəbərdar olub əza məclisi təşkil etdilər. Üç gün Həzrəti Hüseyn əleyhissalama əza saxladılar. Səhəri gün Bənu Əzd qəbiləsinin üzvləri Səidin Azərbaycandan İraq alayı (3.000 döyüşçü) ilə gəldiyini və çoxlu mal gətirdiyini eşidib dəstə-dəstə onun görüşünə gəldilər. Səid yaxasını cırmışdı. Gələnlər Həzrəti Hüseyn əleyhissalamın müsibəti münasibətilə ona başsağlığı verdilər. Səid dedi: Camaat, Azərbaycanda padişah idim. Kufə, Bəsrə və İraqdan çoxlu məktub aldım. Məni Kufəyə tələsdirdilər ki, ora gəlim. İstəyirdim ki, İmam Hüseyn əleyhissalam Məkkədən Kufəyə gələndə ona qoşulum, yaxud düşmənlərin hücumuna məruz qalarsa, o Həzrətin imdadına yetişim. Amma bunların heç biri mümkün olmadı. Hüseyn əleyhissalamın adı gələndə ciyərim yanır, parçalanır, dağılır, bu həyatda yaşadığıma görə özümü qınayıram”.
 
Haşiyə: 
 
Qədim Azərbaycanda “yuğ” adlı bir ayin olmuşdur. Yuğ mərasimi zamanı matəm nəğmələri (ağılar) ifa edilir, iştirakçılar üzlərini cırır, saçlarını yolur, başlarına kül tökür, qara geyinirdilər. Ərəb fəthlərindən və İslam dininin yayılmasından sonra həmin ənənə tədricən unudulmuş, yaddan çıxmışdır. Zənnimizcə, Azərbaycan dilindəki “yuğ”, “yuxu” və “yox” sözlərinin mənşəyi eynidir. Yeri gəlmişkən, İslam ariflərinə və “Kitabi-Dədə Qorqud”a görə, yuxu kiçik ölümdür. Maraqlıdır ki, rus dilində yuxuya, yəni “kiçik ölüm"ə «сон» (son – axır) deyilir. Dünya həyatının – ömrün sonu ölümdür. Ölüm, əslində, insanın özünü deyil, onu əhatə edən maddi aləmi yoxa çıxarır. O, həyatın əbədi mərhələsinə keçiddir. İmam Əli əleyhissalam sui-qəsdə məruz qalıb ölümcül yaralandıqda demişdi: “Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım”. Dilimizdəki “yol”, “öl” (ölüm) və “ol” (olum) sözlərinin bir-birinə bənzəməsinin səbəbi budur ki, onların hər üçü, faktiki olaraq, eyni mənanı ifadə edir, ömrü, həyatı bildirir. İnsan ömrü səfərdir, yoldur: “yol” (yol ömürdür) –“öl” (ölüm keçiddir) – “ol” (olum əbədi həyatdır). 
Beləliklə, Aşura şəhidləri üçün, ola bilsin ki, ilk təziyə mərasimi məhz Azərbaycandan gəlmiş 3.000 döyüşçünün iştirakı ilə keçirilmişdir. Amma bir tərəfdən, müəllif həmin hərbi birləşməni “İraq alayı” adlandırır, digər tərəfdən isə, ilk əzadarlıq məclisinin hansı formada keçirildiyi barədə dəqiq məlumat vermir. Lakin istənilən halda, sözügedən mənbədə Azərbaycan adının çəkilməsi maraq doğurur. Bəs həmin dövrdə Azərbaycanda hansı xalq yaşayırdı? Gəlin, VII əsrə aid edilən “Kitab-əl-futuh” əsərinə nəzər salaq: Xəlifə Müaviyə özünün yaxın adamı Ubeyd ibn Şəriyyə əl-Curhumidən Azərbaycan haqqında soruşmuş və ondan belə bir cavab almışdır: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir. Onlar burada bir-birlərinə qaynayıb-qarışmış və vahid qövmə çevrilmişlər”. 
 
Yuxarıdakı məlumata əsasən, Azərbaycanın və ümumilikdə Qafqazın əzəli xalqlarından biri də türklərdir. Belə isə türklər qədim zamanlarda böyük şəxsiyyətlərinin matəm mərasimlərini necə keçirirdilər?
 
VI əsr qot tarixçisi İordan: “Atilla öldükdə hunlar öz adətlərinə uyğun olaraq saçlarının bir hissəsini kəsib üzlərinə dərin yaralar vurdular. Hunlara görə, igid döyüşçüyə qadınların göz yaşı ilə deyil, kişilərin qanı ilə ağlamaq lazımdır”.
VII əsr Çin müəllifi Çjou-şun qədim türklərin matəm adətləri haqqında: “Ölüm günündə olduğu kimi, dəfn günündə də mərhumun qohumları qurban kəsir, at çapır və öz sifətlərini iti silahlarla yaralayırlar”.
 
VIII əsr Orxon–Yenisey abidələrindən: “Gözlərimdən yaş axır, fəryad qəlbimin dərinliklərindən gəlirdi, adamlar ağlayır, nalə çəkirdilər. Xalqın çoxu saçını, üzünü kəsirdi”.
 
Göstərdiyimiz misalların uzaq Pannoniya (Macarıstan) hunlarına, Altayda yaşamış göytürklərə aid olduğunu, onların Azərbaycanla heç bir bağlılığının olmadığını söyləyənlər qoy dilimizdəki bu ifadələrin mənasını izah etməyə çalışsınlar: “Qara qıyma gözləri qan yaşla doldu” (“Kitabi-Dədə Qorqud”dan), “gözlərindən qanlı yaş axdı”, “qan ağladı” və s. 
 
Yazımızı dahi Hüseyn Cavidin Kərbəla müsibətinə həsr etdiyi növhə ilə yekunlaşdıraq.
 
Kərbəla Şahının adını еşidən,
Əza məclisində matəm saxlayar.
Matəm məclisində başına döyər,
O məclisdə olar hamı bərabər.
Ey ürək, sən bir an da bu müsibətdən gəl qafil olma,
Cəza günü onun şəfaətindən başqa bir mükafat yox,
Açıq gözlə baxsan şəhidlər ağasına, susuz Şaha sən,
Zəhranı bir küncdə qəmli görərsən,
O gecə nalə çəkib əza saxlamış,
Oğlunun nəşinə baxaraq demiş,
Qatilin etmədi Allahdan həya,
Zeynəb göz yaşlarını axıdaraq,
Şəhid Şahımıza matəm saxlamış,
Arif, bu müsibətdən gəl qafil olma,
Ariflər məclisi üçün bir qənimətsən.
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

NUH informasiya agentliyi səhifəsindən çap edilib