Dərc edilib: 28-08-2021

http://www.nuh.az/29756-.html

Əfqanıstan müdafiə naziri Kərimbəyovun başına 1 milyon dollar qoyub

28.08.2021 21:22:55

Dünya

Sonralar polkovnik rütbəsi daşısa da, ömrünün sonuna qədər ona “qara mayor” deyə müraciət ediblər. Boris Kərimbəyov qarayanız olduğuna və əfqan mücahidlrinə qara günlər yaşatdığına görə bu titulu qazanıb...


1948-ci ildə Almatıda anadan olan Boris Kərimbəyov orta məktəbi bitirdikdən sonra Lenin adına Daşkənd Ümumqoşun Komandirlər Məktəbində ali hərbi təhsil alıb. Zabit kimi ilk hərbi xidmətinə 1970-ci ildə Almaniyadakı (ADR) sovet qoşunlarında başlayıb. 1975-ci ildə Orta Asiya hərbi dairəsinə göndərilən Boris Kərimbəyov kəşfiyyat rotasının komandiri təyin olunub. 1980-ci ildə SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin tabeliyində olan 177-ci xüsusi təyinatlı dəstə yenidən formalaşdırılanda Boris Kərimbəyov bu dəstəyə komandir təyin edilib. Dəstənin yenidən yaradılması Əfqanıstana göndərilməsi üçün nəzərdə tutulub.

 

1981-ci ildə 177-ci xüsusi təyinatlı dəstə Boris Kərimbəyovun komandirliyi ilə Əfqanıstana daxil olub. Həmin dövrdə o, mayor rütbəsini daşıyıb, dəstənin şəxsi heyəti 500 nəfər olub. Qısa bir zamanda “müsəlmanlar dəstəsi” adını alan 177-ci xüsusi təyinatlı dəstə əfqan mücahidləri üçün böyük təhlükəyə çevrilib. Dəstədə xidmət edənlər əsasən qazaxlar və Orta Asiya respublikalarından olanlar - taciklər, özbəklər, qırğızlar olub.

1982-ci ildə Kərimbəyovun dəstəsi Əfqanıstanda xüsusilə tanınıb. Pəncşir vadisində keçirdiyi əməliyyatlarla Kərimbəyov mücahidlərin qüvvələrinə kifayət qədər ciddi zərbələr vurub. “Pəncşir şiri” adı ilə məşhur olan mücahidlərin səhra komandiri (1992-1996-cı illərdə Əfqanıstanın müdafiə naziri) Əhməd Şah Məsud Boris Kərimbəyovun başını gətirənə 1 milyon dollar pul mükafatı vəd edib və o, bu vədi açıq şəkildə bəyan edib.

 

hello_html_m667a63d.jpg (119 KB)

 

“Qara mayor” mücahidlər üçün o qədər təhlükəli olub ki, Əhməd Şah Məsud eyni məbləğdə pulu Kərimbəyovun özünə də təklif edib ki, o, Pəncşiri tərk etsin. Sözsüz ki, mövqeyini və əqidəsini heç vaxt dəyişməyən Kərimbəyov bu təklifi rədd edib.

B.Kərimbəyov Əhməd Şah Məsudun hansı böyük qüvvələrə malik olduğunu bilsə də, qüvvələrin qeyri-bərabər olduğunu anlasa da, planlaşdırdığı əməliyyatlardan imtina etməyib. Onun dəstəsi əsasən partizan üsulunda fəaliyyət göstərib, diversiyalar törədiblər, mücahidlərin karvanlarını mühasirəyə alaraq məhv ediblər, aldadıcı manevrlərlə Məsudun qüvvələrinin əməliyyatlarına əngəl törədiblər.

Boris Kərimbəyovun “düşmən”lərə qarşı gərgin mübarizəsi və müqaviməti sayəsində 10 illik Əfqanıstan müharibəsində ilk və yeganə olaraq səhra komandiri Əhməd Şah Məsud sovet hərbi kontingenti ilə müəyyən ərazilərdə və müəyyən müddətdə əməliyyatların dayandırılması haqqında razılıq əldə olunub. Bu danışıqlarda 40-cı ordunun komandanlığı ilə bərabər 177-ci xüsusi təyinatlı dəstənin komandiri Boris Kərimbəyov da iştirak edib. Əhməd Şah Məsudun tələblərindən biri də “müsəlman dəstəsi”nin Pəncşirdən uzaqlaşdırılması olub. Məhz bu razılıq nəticəsində bir il əzində Əfqanıstanın şimalında nisbi sakitlik hökm sürüb.

 

Boris Kərimbəyov öz döyüşçülərinə ata qayğısı ilə yanaşan komandirlərdən sayılıb. Dəstədə onu “batya” adlandırıblar. “Qara mayor” hərbi əməliyyatlar zamanı nə qədər ciddi və sərt olubsa, əməliyyatlardan sonra döyüşçülərinə bir o qədər də mehriban və qayğıkeş yanaşıb. Bütün xidməti dövründə onun üçün ən dəhşətli səhnə sink tabutların təyyarələrə yüklənməsi olub və o, bu səhnələrdən sonra “bu qisas yerdə qalmayacaq” deyən “qara mayor” mücahidlərə qarşı növbəti döyüşlərə atılıb.

Əfqanıstan illərində Boris Krimbəyovun həyatında maraqlı və yadda qalan hadisələr az olmayıb. Bunlardan biri də mücahidlərin qərargahına hücumdan sonra baş verib. Qərargah ələ keçirildikdən sonra “qara mayor” otaqların birindən bir kisə dollar tapıb. Kərimbəyov pulları hamının gözü qarşısında yandırıb. Səbəbini isə belə izah edib:

 

4258045.jpg (106 KB)

 

“Müharibəni alovlandıran bu pullardır. Mən imkan vermərəm ki, qığılcımlar ətrafa daha çox səpələnsin. Buna görə də bu pulları mən öz əllərimlə yandırdım...”

10 oktybar 1983-cü ildə Boris Kərimbəyov 177-ci xüsusi təyinatlı dəstənin komandiri vəzifəsini polkovnik Vladimir Kvaçoka təhvil verib, özü isə Orta Asiya hərbi dairəsində xidmətini davam etdirib. 1990-cı ildən isə Qazaxstanın Mülki Müdafiə qərargahanda xidmət edib.

1992-ci ildə Boris Kərimbəyov səhhətində yaranmış problemlərlə bağlı polkovnik rütbəsində silahlı qüvvələrdən istefaya çıxıb. İstefada olduğu illərdə də o, gənc kəşfiyyatçılarla tez-tez görüşlər keçirib, təcrübəsini onlarla bölüşüb.

 

Polkovnik rütbəli əfsanəvi “qara mayor” 2019-cu ildə, 71 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Almatıdakı dəfn mərasimində minlərlə adam iştirak edib, dəfn hərbi şərəflə keçirilib. Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib