Dərc edilib: 18-09-2021

https://www.nuh.az/29947-.html

Qəbələ sakini məhkəmədən nazir Fikrət Məmmədova ŞİKAYƏT etdi

18.09.2021 23:43:42

LIVE

Azərbaycan Respublikasının Ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri

cənab Fikrət Məmmədova


Qəbələ rayonu, Mirzəbəyli kənd sakini Tahir Hacıyevin

Qəbələ rayon məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlunun qanunsuz hərəkətlərindən 

 

                            Ş İ K A Y Ə T İ


Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,

Qanunvericiliyə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməlidir.

Lakin, Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyev xüsusi mülkiyyətimizlə bağlı  elə bir qanunsuzluq etmişdir ki, məcbur olub Sizə müraciət edirik.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş, MA-0162112 №-li  ÇIXARIŞ-a əsasən tam mülkiyyətimizdə olan, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, 1,9 ha torpaq sahəsi üzərindən qanunsuz olaraq Hacıyev Tofiqin “şəxsi fındıq  zavodu”na (“Pərvanə” KM) çəkilmiş, insan həyatı üçün hər an təhlükəli olan yüksəkgərginlikli elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik naqillərinin kəsilməsi və torpaq sahəmiz üzərində cavabdehlər tərəfindən özbaşına quraşdırılmış iki  ədəd qəzalı elektrik dayaqlarının çıxarılması və torpaq sahəmin boşaldılması barədə  iddiamızın təmin edilməsini məhkəmədən xahiş etmişdik.

Məhkəmənin sədri Abbas Əliyev 11.06.2021-ci il tarixli 2(025)-626/2021 saylı qətnamə ilə iddiamı təmin etməmişdir. Halbuki, qətnamədə sədr özü təsdiqləmişdir ki, “cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik xətti”. Bu sədrin texniki səhvi  olsa da, əslində həqiqəti əks etdirmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xüsusi mülkiyyət hüququ  qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əlbəttə, əgər məhkəmənin qərarı qanuna əsaslanırsa, ta cavabdeh tərəf olan fındıq zavodu ilə işıq idarəsinin “xahiş-minnət”inə YOX!

Məhkəmənin sədri Abbas Əliyev isə, qanunazidd qətnamə ilə xüsusi mülkiyyətimiz olan torpağın 1/3 hissəsini bizdən alıb fındıq zavodu ilə işıq idarəsinin istifadəsinə vermiş və bunu öz vəzifə səlahiyyətindən istifadə etməklə “qanunlaşdırmışdır”. Bir sözlə, dövlət tərəfindən bizə verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 0,7 ha hissəsinə Abbas Əliyev öz qanunsuz qətnaməsi ilə onlara faktiki olaraq “ÇXARIŞ”-a  bərabər tutula biləcək “hüquqi sənəd” vermişdir.

Əslində, qətnamədə cəmi-cümlətanı bircə suala: “ailəmizin xüsusi mülkiyyətindən cavabdehlər hansı əsasla istifadə edirlər?” - sualına cavab verilməli olduğu halda, Abbas Əliyev öz məqsədini əsaslandırmaq üçün “yazıb-yaratdığı” 12 səhifəlik “qətnamə”ni  oxuyanda açıq-aşkar bilinir ki, hakim ciddi-cəhdlə çalışıb ki, xüsusi mülkiyyətimiz üzərində icazəmiz olmadan, cavabdehlər tərəfindən özbaşına quraşdırılmış iki ədəd  elektrik dirəklərini və həmin dirəklər üzərində çəkilmiş naqillərlə “fındıq zavodunu”  qidalandıran və insan həyatı üçün hər an təhlükə yaradan yüksəkgərginlikli elektrik  enerjisinin aparılmasını “qanunlaşdırıb” iddiamızı təmin etməsin. Əksinə, mübahisəni cavabdehlərin xeyrinə həll etsin ki, fındıq zavodunun sahibi Tofiq Hacıyevlə “Azərişıq” ASC qanunazidd qətnamə hesabına bizim xüsusi mülkiyyətimdən “eninə-boyuna” istifadə etsinlər.

Məhkəmənin sədri Abbas Əliyev qətnaməsini “samballaşdırmaq” üçün iddiamızla uzlaşmayan müxtəlif “iriçap”lı, yəni beynəlxalq dərəcəli sənədlərə müraciət edərək, onlardan sitat gətirmişdir. Məsəlçün:

- “Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 25 iyul 2007-ci il tarixli qərarında...”;

- “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi...”;

- “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki,” və sairə.

Sual yaranır ki, ayy, Ədalət Mühakiməsinin Hakimi!!!

Həmzəli kəndində özgənin torpağını zəbt edib dirək basdırmaqla işıq aparanlara Avropa, Bolqarısatan, Türkiyə neyləsin?

Yəni, öz yerli qanunlarımız öz vətəndaşının xüsusi mülkiyyətini qorumağa yetərincə deyilmi?

Daha sonra isə, məhkəmənin sədri Abbas Əliyev öz Konstitusiya Məhkəməmizin Plenumunun 31.01.2006-cı il tarixli qərarına istinad edərək vurğulayır ki, sitat:

“Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli... Hər bir halda məhkəmə qətnaməsi, ilk növbədə, məhz mübahisə  tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.”

Məgər, XÜSUSİ MÜLKİYYƏTİMİZİN TƏXMİNƏN BİR HEKTARA  QƏDƏRİNİN ZƏBT OLUNARAQ ÖZBAŞINALIQLA İSTİFADƏ EDİLMƏSİ və bunun nəticəsində xüsusi mülkiyyətimdən məhrum olunmağımız HÜQUQLARIMIZIN POZULMASI DEYİLMİ?

Kimə məlum deyil ki, insan həyatı üçün təhlükəli olan yüksəkgərginlikli elektrik xətti aparılan ərazinin altı və hər iki - sağ və sol tərəfə 15 metr məsafə mühafizə zolağı sayılır və həmin ərazidə heç bir iş görmək olmaz??

Niyə bu sualı cəlb etmiş olduğunuz “mütəxəssis” qarşısında qoymadınız?

Bu öznəməxsus “mütəxəssis” barədə aşağıda məlumat veriləcək.

Qətnamədə göstərilmişdir ki, “... iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin kəsilməsinin, quraşdırılmış iki ədəd elektrik dayaqlarının məhz cavabdehlərin hesabına çıxarılmasının hüquqi əsasını sübuta yetirə bilməmişdir.”

Məhkəmənin sədri Abbas Əliyev bununla özü sübut edir ki, “elektrik dayaqları çıxarılmalıdır”. Amma kimin hesabına? Bax bunu iddiaçı “sübuta yetirə bilməmişdir”.

Ona görə də, qanunsuz basdırılmış dirəklər yerində qalmalıdır.

Əcəb məntidir, deyilmi?

Bir müddət əvvəl, cavabdeh tərəf olduğum başqa bir mülki işə baxan məhkəmənin sədri Abbas Əliyev 30 il əvvəl 1 hektar ərazidə əkib-becərmiş olduğum 167 ədəd fındıq  ağaclarının taleyini həll etmək üçün özünün dediyi kimi gəlib “yerində əraziyə baxış”  keçirmişdi. Lakin, indiki halda isə, “əraziyə baxış keçirmək və həqiqətən də elektrik  dayaqları quraşdırılmaqla torpağımın 1/3 hissəsinin zəbt olunduğunu dəqiqləşdirmək” vəsatətimi təmin etmədi. Əvəzində isə, həmin dirəklərin məhz cavabdehlərin hesabına çıxarılmasının hüquqi əsasını sübuta yetirə bilmədiyimi mənə “sübuta yetridi”.

Bax onda təəsüff etdim ki, niyə elektrik dirəklərində fındıq yetişmir?

Axı, harda - hansı dövlətin qanununda nəzərdə tutulub ki, vətəndaşın xüsusi  mülkiyyətindən başqalarının özbaşına, əvəzsiz, qanunsuz, icazəsiz olaraq istifadə etməsini  məhkəmənin hakimi sənəd yazıb-möhürünü də vurub qanuna zidd yolla “qanunlaşdırsın”?

Bunun özü özbaşınalıq və vəzifədən sui-istifadə deyilmi?

Necə ki, lətifələdən birində deyilir ki, itmiş eşşəyini axtaran Molla Nəsrəddin öz-özünə təkrarlayır ki, “kimə rast gəlir gəlsin, şəhərimizin hakiminə rast gəlməsin”. Belə  deməsinin səbəbini soruşanda Molla Nəsrəddin deyir ki, “Kim tapsa, insafa gəlib qaytaracaq, amma bizim şəhərin ədalətsiz hakiminə rast gəlsə, tez kitabdan-kitaba salıb  özünün “halal malı” edəcək”. Əlbəttə ki, bunu məmuniyyətlə söyləmədim, neyləyək ki, həqiqət həmişə xoşa gəlməsə də, onu deməmək də olmur.

Dövlət səviyyəsində vaxtı ilə “Oğuz-Qəbələ-Bakı” su kəmərini inşa edərkən, hətta  kiminsə vaxtı ilə özbaşına zəbt edib, sənədsiz istifadə etdiyi torpaq sahəsini ondan götürmək üçün dövlət öz vətəndaşını razı saldı, yəni ki, ya həmin torpaq sahəsinin bərabər  əvəzi ilə onu təmin etdi, yaxud da pul vəsaiti ilə kompensasiya ödədi.

Məhkəmənin sədri Əliyev Abbas isə öz “qətnamə”si ilə bizim “əl-qolumuzu bağlayıb və dinmə, danışma” göstərişi verirb ki, torpaq sahəmiz üzərindən qanunsuz çəkilmiş, bizim  həyatımız üçün hər an təhlükəli olan yüksəkgərginlikli elektrik xəttindən istifadə edən fındıq zavodunun işi “xod getsin” və sairə məsələlər.

Məhkəmənin sədri Abbas Əliyev mübahisəni cavabdehlərin xeyrinə həll etmək üçün  26.05.2021-ci il tarixdə “mütəxəssislərin cəlb olunası barədə” 2(025)-626/2021 saylı,  Qərardad çıxarmışdır və mənim məhkəməyə CAVABDEH QİSMİNDƏ CƏLB  ETDİYİM “Azərişıq” ASC-ni həmin qərardadla “MÜTƏXƏSSİS” qismində təyin  etmişdir ki, mübahisəni həll etmək üçün “mütəxəssis rəyi” versin. Necə deyirlər, “ikisi birində” və yaxud “səndən sənə şikayətim var” variantı.

Yəni məhkəmənin sədri Abbas Əliyev inanırdı ki, cavabdeh işıq idarəsi özünə sərf  etməyən “mütəxəssis rəyi” verə bilər?

Bərəkallah, belə “avropasayağı demokratik obyektivliyə”!

Cavabdeh-“mütəxəssis işıq idarəsi” isə, qərardaddan 20 gün əvvəl, yəni 06 may  tarixdə məhkəməyə təqdim etmiş olduğu “iddiaya qarşı etiraz”ında iddiamızı qanunsuz  hesab etməklə, məhkəmədən tələb etmişdir ki, sitat: “iddia əsassız olduğundan tamamilə  rədd olunması barədə qətnamə çıxarasınız.”

Bu da cavabdeh işıq idarəsinin özünəməxsus “mütəxəssis” rəyi!

Məgər, cavabdeh “mütəxəssisin” 20 gün əvvəl vermiş olduğu rəy formalı etirazı hakimə aydın olmamışdır?

20 gün əvvəl iddianın rədd edilməsini məhkəmə iclasında yazılı və şifahi  olaraq tələb etmiş cavabdeh işıq idarəsindən, məhkəmənin sədri Abbas Əliyev  görəsən hansı “mütəxəssis” rəyi gözləyirmiş?

Məhkəmənin sədri Abbas Əliyevin “mütəxəssis” kimi cəlb etdiyi “Azərişıq” ASC,  maraqlarını təmsil etdiyi cavabdeh “Azərişıq” ASC tərəfindən qanunazidd yolla ötürülən  enerji satışının davam etdirilməsini və digər cavabdeh Hacıyev Tofiqin həmin  yüksəkgərginlikli elektrik vasitəsi ilə “fındıq zavodu”nun işlətməsinə “qanuni don  geyindirmək” məqsədi ilə, iddiaya heç bir aidiyyəti olmayan bir topa kağızı da  (məsəlçün: istehlakçının enerji sərfiyyatının ödənilməsinə dair 4 vərəq ödəniş qəbzləri,  elektrik xəttinin “budaqlanma” arayışı, sertifikat, transformator pasportu və s.) öz  “etiraz”ına əlavə etməklə, məhkəmədən “iddia əsassız olduğundan tamamilə rədd  olunması barədə qətnamə çıxarasınız.”- deyə tələb etmişdir.

Cavabdeh “Azərişıq” ASC-nin Qəbələ Satışı İdarəsi 01-01/H-034/266 saylı, 17.07.2020-ci il tarixli arayışında göstərmişdir ki, “Fındıq zavodunu qidalandıran 35  kv-luq budaqlanma Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin balansında deyil”. Lakin,  bunula belə, həmin işıq idarəsi fındıq zavoduna tərəfkeşlik-vəkillik-“dayılıq” edərək  məhkəmədən tələb edir ki, “iddia əsassız olduğundan tamamilə rədd olunması barədə  qətnamə çıxarasınız.”

Göründüyü kimi, hakim, fındıq zavodu və işıq idarəsi “üçlüyü” xüsusi  mülkiyyətimiz üzərində ağalıq etmək niyyətlərini heç də gizlətmirlər.

Qətnamədən belə anlaşılır ki, bir səhər gəlib görsək ki, torpaq sahəmizin üzərində  yenə kimsə dirəklər basdırıb daha bir elektrik xətti çəkib, yaxud da şpallar düzüb dəmir yol  xətti çəkərək istifadə edir və yenə məhkəməyə müraciət etsək, məhkəmənin sədri Abbas  Əliyev həmin iddiamızı da “kitabdan-kitaba salıb” təmin etməyəcəkdir.

Ritorik sual yaranır ki, məhkəmənin sədri Abbas Əliyevin xüsusi mülkiyyəti olmayan Qəbələ rayon məhkəməsinin inzibati binasının içərisindən kimsə kabel vasitəsi ilə elektrik  xətti keçirmiş olsaydı, o, buna necə reaksiya verərdi?

Əlbəttə ki, həmin elektrik xətt fındıq zavodunu qidalandırmamaq şərti ilə.

Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,

Müzəffər Ordumuzla 44 gün ərzində işğalda qalmış torpaqlarımızı düşmən  caynağından xilas etməklə, Vətən Müharibəsindəki Qalibiyyəti və Zəfəri ilə Dünyanı  heyrətə gətirən ölkənin Prezidenti və Ali Baş Komandanı, hörmətli İlham Əliyevlə  xalq-millət arasında inamlı etibarın, ayrılmaz birliyin, sarsılmaz vəhdətin, sabaha  ümidin daha da gücləndiyi bir dövrdə, Qəbələ rayon məhkəməsinin sədri Əliyev Abbas  Baba oğlu fındıq zavodu ilə işıq idarəsinə tərəfkeşlik edərək qanunazidd qətnaməsi ilə halal-hümmət torpağımızdan bizi məhrum etməklə, yəni ölkənin vətəndaşlarını narazı salmaqda məqsədi nədir?

Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyev 11.06.2021-ci il tarixli 2(025)- 626/2021 saylı qətnaməsi ilə bizim xüsusi mülkiyyət hüququmuzu pozması səbəbinə qətnamədən apellyasiya şikayəti vermişik.

2(107)-1717/2021 saylı iş isə hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin Mülki  kollegiyanın sədri Ələddin Məcidovun icraatındadır.

Göstərilənləri nəzərə alaraq, Qəbələ rayon məhkəməsinin sədri Əliyev Abbas Baba oğlu barəsində tədbir görülməsini Sizdən xahiş edirik.

 

Hörmətlə, Tahir Hacıyev

NUH informasiya agentliyi səhifəsindən çap edilib