Dərc edilib: 19-09-2021

http://www.nuh.az/29952-.html

Üzeyir Hacıbəylinin həyatını zəhərləyən 2 erməni kim olub?

19.09.2021 11:55:30

Hadisə

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, sabiq səfir Vilayət Quliyev dahi bəstəkar Üzeyir Hacıbəyli barədə sosial şəbəkədə maraqlı fakt paylaşıb.

V.Quliyev vaxtilə Üzeyir bəyin həyatının iki erməni musiqiçisi tərəfindən zəhərləndiyini qeyd edib:
"Onlardan birincisi daha çox Saşa Oqanezaşvili kimi tanınan kamançaçı Aleksandr Oqanyandır (1889-1932). Azərbaycan musiqisinin erməniləşdirilməsi işinin binasını qoyanlardan biridir. Cabbar Qaryağdı oğlu (xanəndə) və Qurban Pirimov (tar) ilə birlikdə trio yaratmışdılar. Bu böyük sənətkarların rus dilini bilməməsindən istifadə edib birgə ifa etdikləri, yaxud yazdırdıqları muğam dəsgahlarını, xalq mahnılarını və s. "fars musiqisi", yaxud "Qafqaz-erməni musiqisi" kimi qələmə verirdi. Bolşeviklərlə dil tapıb 1920-ci ildə Bakıda Şərq konservatoriyası yaratmışdı. 1920-ci ilin sentyabrında "Bakinski raboçi" qəzetində çap etdirdiyi bir məqalədə yeni ağalarına müraciətlə Üzeyir bəyi "Azərbaycan musiqisinin inkişafına çalışmamaqda" ittiham edirdi. Donos xarakterli məqalə və çıxışlarında dahi bəstəkarımızın musiqi savadının olmaması, not bilməməsi, muğam operaları ilə proletar mədəniyyətinə ziyan vurması və s. cəfəng iddialar irəli sürürdü.
İkinci erməni 1932-1938-ci illərdə Bakı Konservatoriyasının direktoru olmuş Anuşavan Ter-Qevondyan (1887-1961) idi. İlk gündən Üzeyir bəyi sıxışdırmağa başlamış, onu mətbuat səhifələrində muğam operalarından imtinaya məcbur eləməyə çalışmışdı. Tədris saatlarını əlindən almış, cüzi maaşla xalq musiqisi kabinetinə sıravi əməkdaş təyin etmişdi. Tez-tez iclaslarda "Üzeyir Hacıbəyovun məsələsini" müzakirəyə çıxarmışdı.
Amma bu yaramaz və xain əməllər Üzeyir bəyi əsla ruhdan salmamışdı. Əksinə, möhtəşəm "Koroğlu" operasını bəstələyərək təkcə yeni sənət zirvəsi fəth etməmiş, həm də bütün bədxahlarını susduraraq həqiqi sənətin nəyə qadir olduğunu göstərmişdi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib