Dərc edilib: 21-09-2021

http://www.nuh.az/29978-.html

İdarə rəisi :“ 250 mini icra başçısı Mehdi Səlimzadə mənimsəyib”

21.09.2021 00:47:01

İqtisadiyyat

Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu Prezident İlham Əliyevə müraciət edib. 
Qaynarinfo xəbər verir ki, Loğman Əliyev müraciətində Göyçayın icra başçısı Mehdi Səlimzadənin ünvanına ilginc ittihamlar səsləndirib. Keçmiş idarə rəisinin sözlərinə görə, o, icra başçısının törətdiyi cinayətə görə şərlənərək həbs olunub. "Bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam”, - şikayətçi yazır.
Loğman Əliyev bildirir ki, ona qarşı irəli sürülən ittiham tam qanunsuzdur. 

"Həmin pulları mən yox, icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlarım var.
Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilmişəm, Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Mehdi Səlimzadənin tapşırığına əsasən, işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də, özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb.
Əgər istintaq düzgün aparılarsa, bu, subut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza atıblar. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü atıb. Onlar bu qanunsuzluğu birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Hazırda qorxularından susublar. Ancaq ortada konkret subutlar var”, - keçmiş idarə rəisi müraciətində qeyd edir. 
Loğman Əliyev yazır ki, o, Mehdi Səlimzadədən bu qanunsuzluğa son qoymağı tələb etdiyinə görə işdən çıxarılıb: 
"Mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim. Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə barəmdə qondarma cinayət işi başlanılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. 17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq iclası keçirilib. Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim.
Bir daha mətbuat vasitəsi ilə elan edirəm: cinayət ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlar var. Bu gün həbsdə mən yox, Mehdi Səlimzadə olmalıdır”.
Şikayətçi bildirir ki, mənimsənilən pullar hazırda Mehdi Səlimzadənin sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsi ilə icra başçısına çatdırılıb. 
"Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciətimlə bildirirəm ki, məni qanunsuz həbs ediblər və xahiş edirəm, şikayətimi obyektiv araşdırın, törətdiyi ağır cinayətə görə həbsdə Mehdi Səlimzadə özü olmalıdır”, - Loğman Əliyev yazır. 
Qaynarinfo Loğman Əliyevin ittihamları ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb. Bu məqsədlə əməkdaşımız Göyçay Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili sektorunun müdiri Nicat Musayevlə əlaqə saxlayıb. Nicat Musayev məsələ ilə bağlı dəqiqləşdirmə aparıb suallarımız cavablandıracağını bildirsə də, sonra zənglərə cavab verməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib