Dərc edilib: 22-09-2021

https://www.nuh.az/29990-.html

XİN 60 min pul köçürüb 18 min manatlıq mal alırdı- QALANI...

22.09.2021 23:21:22

Reportaj

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.


“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid Asif Ağayev bildirib ki, Səlim Əlizadəyə dəftərxana malları satırmış:

“Mənim öz mağazam var. 2012-ci ildən Səlim müəllim məndən mal alıb, həmişə ödənişi nəğd edib. 2020-ci ildə gəldi ki, artıq rəsmi müqavilə ilə alış-veriş edəcəyik. Biz müqavilə bağladıq. Təxminən 60 min manatdan yuxarı pul köçürdülər. Biz isə nazirliyə 18 min manatlıq mal verdik. Daha sonra Səlim müəllim nazirlikdə təmir işləri ilə əlaqədar pula ehtiyac olduğunu dedi. Məndən 42800 manat borc aldı”.

Dövlət ittihamçısı sual verib ki, 60 min manatdan qalan məbləğ Səlim Əlizadəyə verdiyi məbləğlə niyə üst-üstə düşür. Şahid sualı cavablandıra bilməyib.

Daha sonra şahid qismində Ramil Hüseynov ifadə verib. O bildirib ki, dayısı və dayısı arvadının adına açılan MMC-lərə XİN tərəfindən köçürülən pulları nəğdləşdirib: "Bir dəfə 129 min, digərində 97 min manat pulu nəğdləşdirib Asif adlı şəxsə vermişəm. Bunun müqabilində bizə 2500 manat pul verilib. Ondan da bir qismi vergiyə ödənilib. Yerdə təxminən 800-1000 manat pul qaldı. Bir müddət sonra şirkəti bağlatdırdıq".

Digər şahid Möhübbət Vəlişov bildirib ki,  onun adına 5 MMC açılıb və buna görə ayda 500 manat pul alıb: “Rəsmiyyə Qazıyevə adlı tanışım vasitəsilə bu işə girdim. Mən şirkətləri açıb etibarnamə ilə ona verdim. Hər şirkətə görə mənə ayda 100 manat verilirdi. Sonradan öyrəndim ki, bu işdə qanunsuz əməllər var imiş. Maraqlananda gördüm ki, şirkətin xeyli vergi borci yaranıb. Hazırda 8 min manat borc qalmaqdadır”.

Son olaraq dindirilən şahid Sabbar Cəbrayılov "Ofis Aləmi" MMC-də çalışdığını deyib: "Səlim müəllimi tanıyıram. Bizdən mal alırdı. Sonrada Xarici İşlər Nazirliyi müqavilə bağladıq. 2020-ci ildə gəldi ki, artıq rəsmi müqavilə ilə alış-veriş edəcəyik. Daha sonra 60 min manat pul köçürüb, 18 min manatlıq mal aldılar. Qalan pulun aqibətindən xəbərim yoxdur”

Proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib