Dərc edilib: 26-09-2021

https://www.nuh.az/30036-.html

Azərbaycandakı 14-17 yaşlı məhkum UŞAQLAR

26.09.2021 15:31:04

LIVE

Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin sayı açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il 323 belə cinayət hadisəsi qeydə alınıb. Onlardan 35-i ağır və xüsusilə ağır cinayətlərdi.
Rəsmi məlumatda görə, 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayət növləri aşağıdakı hərəkətlər olub:
Qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama və zorlamaya cəhd, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, xuliqanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq.
Statistikaya görə, uşaqlar arasında ən geniş yayılmış cinayət növü oğurluqdur. Ötən il uşaqların iştirakı ilə  192 belə cinayət qeydə alınıb.
2020-ci ildə cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayı 388 nəfər olub. Onlardan 376-sı oğlanlar, 12-si qızlardı. Cinayət törədən uşaqların 94 nəfərinin yaşı 14-15, 294 nəfərin yaşı 16-17 olub.
Törədilən cinayətlərə görə, 207 uşaq məhkum olunub. Onların 201-i oğlanlar, 6-sı qızlardı.
Digər təəccüblü fakt ondan ibarətdir ki, törədilən cinayətlərə görə məhkum olunmuş uşaqlar arasında hər iki valideyni olan ailədə böyüyənlər üstünlük təşkil edir. Belə ki, məhkum olunanlardan 182 uşaq hər iki valideyni olan ailədə, 23 uşaq bir valideyni olan ailədə, 2 uşaq isə internatda və uşaq evində böyüyənlərdi.
Məhkum olunan uşaqlardan 61 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib, qalanlara digər cəza verilib.
Azadlıqdan məhrum olunmuş uşaqların 55,7 faizi (34 uşaq) 5 ilədək, 44,3 faizi isə (27 uşaq) 5 il və yuxarı müddətə cəza alıb.
Azadlıqdan məhrum olunmuş uşaqlardan qəsdən adam öldürməyə görə 8, qəsdən sağlamlığa ağır zərər vurmaya görə 11, seksual xarakterli zorakılıq hərəkətlərinə görə 8, oğurluğa görə 21, soyğunçuluğa görə 5, quldurluğa görə 4, narkotik vasitələrin və psixotrop  maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə 2, digər cinatətlərə görə 2 nəfərə iş kəsilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib