Dərc edilib: 08-10-2021

https://www.nuh.az/30153-.html

Xomeyni DAR ağacından necə xilas oldu

08.10.2021 08:09:06

LIVE

İranla Azərbaycan arasındakı gərginliyi bəziləri türküçülərlə fars-molla rejiminin davası kimi təqdim edir. Dindarlarımızın bir qismi hesab edir ki, millətçilər şiələr arasında təfriqə salır. Yəni, fars-molla rejiminin elə bir günahı yoxdur.
 
Öncə şiəliklə bağlı bir-iki kəlmə deyim. İran adlanan bugünkü ərazidə Büveyhilər sülaləsi (935-1055)-iqtidarda idi. Onlar Gilan vilayətindən olan Deyləmi şiə xanədanı kimi tanınırdı. Büveyhilər dönəmində İran güclü bir dövlət kimi nüfuz qazanmışdı. Ancaq bu sülalə taxt-tacdan qovulduqdan sonra İran adlanan ərazi ciddi şəkildə parçalandı. Bu ərazilər ərəb xəlifələri, türk sultanları və monqol xanlarının əsarəti altına düşdü. Bu proses 500 ilə yaxın zaman apardı. Şiəlik bir küncə sıxışdırıldı. Sünnilik yenidən dominant mövqe qazandı.
 
Nəhayət Şah İsmayıl Səfəvi (1501-1524) taxta çıxdı. Tikə-parça olunmuş İranı yenidən birləşdirdi. Qərb tarixçiləri belə yazır. Üstəlik, xeyli ərazilər də işğal etdi. Məhz Şah İsmayılın yeritdiyi siyasət nəticəsində şiəlik İranda yenidən sünniləri üstələdi və önə çıxdı. 1736-cı ilə qədər səfəvilər sülaləsi taxtda oldu, yəni, 235 il. Təbii ki, aşırı dərəcədə dindar olan səfəvilər bu illər ərzində şiəliyi İranın demək olar ki, bütün ərazisinə yaydılar. Özü də daha çox qılıncın gücünə. Bu, tarixdir.
 
Az qala son 500 ildə türklər İranda hakimiyyətdə olub. Bu ərazidə bir vaxtlar söz sahibi olan türklər indi farslar tərəfindən sıxışdırılır. Özü də türklərin İranda hakim düşüncəyə çevirdiyi şiəliyə istinadən farslar türklər üzərində hökmranlıq edir. Başqa sözlə desək, farslar türklərin ideologiyasını əlindən alıb və ondan türklərə qarşı istifadə edirlər. Öz qılıncımız özümüzü kəsir.
 
İndi isə İran İslam İnqilabının lideri Ruhulla Xomeyni ilə ayətullah Məhəmməd Şəriətmadəri arasındakı münasibətlər haqqında bir-iki kəlmə deyim. Xüsusən bunu gənc dindarlarımızı bilməsi xeyirli olardı.
 
Məhəmməd Şəriətmədari Təbrizdə doğulub. Yeddi arxa dönəni şiə alimidir. Şaha qarşı çıxıb.
Şəriətmədari dini rütbə və nüfuz baxımından Ruhulla Xomeynidən üstün adam olub. Düşünün ki, o, Qum mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.
 
İran şahı 1963-cü ildə Ruhulla Xomeynini edam etmək istəyirdi. Məhz Məhəmməd Şəriətmədari buna imkan vermədi. Belə ki, İran konstitusiyasına görə mərcəyi-təqlid dini rütbəsində olan adamı edam etmək olmazdı. Məhəmməd Şəriətmədari R.Xomeynini xilas etmək üçün ona mərcəyi-təqlid rütbəsi verdi. Ona görə də şah məcbur olub Xomeynini sürgünə göndərdi...
 
Məhəmməd Şəriətmədari Qum mərkəzinin rəhbəri olduğunu qeyd etdim. O vaxt Qum mərkəzi də, Nəcəf mərkəzi də din xadimlərinin hakimiyyətə yiyələnməsinə qarşı çıxırdı. Qum mərkəzindən çox-çox qədim olan şiəliyin Nəcəf mərkəzi indi də bu mövqedədir. İraqın ən nüfuzlu şiə alimi Əli Sistani bu barədə dəfələrlə açıqlama verib. Elə bu səbəbdən də İraqda İranda mövcud olan molla rejimini yaratmaq mümkün olmadı. Belə şeylərə görə İran İslam Respublikasının dini rəhbəri Seyid Əli Xamneyi ilə Əli Sistani arasında heç quru “salam-əleyk” də yoxdur. Əli Sistani dəfələrə İran molla rejiminin İraqa müdaxiləsinə etiraz edib.
 
Yenidən Məhəmməd Şəriətmədariyə qayıdıram. O, açıq şəkildə Xomeyninin hakimiyyəti ələ almasına qarşı çıxırdı. Çünki o, bunu dini dəyərlərə zidd hesab edirdi. Bu məsələdə Qum mərkəzi ilə Nəcəf mərkəzi eyni mövqedə idi. Ancaq Xomeyni hər iki dini mərkəzin tələbini rədd etdi və iqtidara gəldi.
 
Məhəmməd Şəriətmədari xalq arasında, xüsusən türklər arasında xüsusi nüfuz qazanmışdı. O, açıq şəkildə İran daxilində Güney Azərbaycana muxtariyyət tələb edirdi. İndi bəzi İranyanlıları sübut etməyə çalışır ki, İranda yaşayan türklər arasında milli düşüncə adına heç nə olmayıb...
 
Ona görə də Xomeyni ilə Şəriətmədari arasındakı ixtilaf daha da dərinləşdi. Mərcəyi-təqlid olduğuna görə Şəriətmadərini də həbs edə bilmədilər, ancaq o, həyatının sonuna kimi (1986) ev dustağı oldu. Təbii ki, Xomeyninin sifarişi ilə.
 
Sözümün canı odur ki, Güney Azərbaycanda təkcə millətçilər yox, qatı dindarlar da hələ 1980-ci ildə Güney Azərbaycana muxtariyyət tələb edirdilər. Özü də ən ali kürsülərdən.
 
Hazırda İran İslam Respublikasının dini rəhbəri olan Seyid Əli Xamneyi də türkdür. Onun Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili də həmçinin. Onlar həvəslə Güney Azərbaycan haqqında danışırlar. Nə yazıq ki, farsların xeyrinə, türklərin isə əleyhinə bəyanatlar yağdırırlar. (musavat.com)
 
Elbəyi Həsənli, Sürix

NUH informasiya agentliyi səhifəsindən çap edilib