Dərc edilib: 18-10-2021

https://www.nuh.az/30236-.html

Vətəndaş Şəki Apellyasiya Məhkəməsinə MÜRACİƏT etdi

18.10.2021 22:28:46

Cəmiyyət

Şəki Apellyasiya Məhkəməsinin

Mülki Kollegiyanın sədri

cənab Ələddin Məcidova

 

Hacıyeva Gülnarə Ağəli qızının

etibarnamə ilə qanuni nümayəndəsi

Hacıyev Tahir Yusif oğlu

Qəbələ rayonu, Mirzəbəyli kəndi

 

Apellyasiya şikayətinə

Ə  L  A  V  Ə

Qəbələ rayon məhkəməsinin 11.06.2021-ci il tarixli 2(025)-626/2021 saylı qətnaməsindən

 

Hörmətli Apellyasiya məhkəməsi,

Qəbələ rayon məkəməsinin sədri Əliyev Abbas Baba oğlunun, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olan, ailəmizin xüsusi mülkiyyət hüquqlarını tapdalayan, əsassız, qanunsuz və heç də havadan və havayı qət etmədiyi 11.06.2021-ci il tarixli, 2(025)-626/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdim.

29.09.2021-ci il tarixdə apellyasiya məhkəməsi baxışı iclasında, apellyasiya şikayəti ilə bağlı çıxışımdan sonra, Sizin mənə cəmi bir sualınız oldu ki, “danışdıqlarını, yazdıqlarını və şikayətlərini oxumuşuq, indi sən danış görək torpaq necə alınıb, kim almışdır, nə vaxt almışdır?”. Bəlkə də, cavabım xoşagələn olmadığı üçün, mənə bir daha sual verilmədi.

Cavabdeh Tofiq Hacıyev isə, “30 il Qəbələ voyentorqun müdiri vəzifəsində işləmişəm” cümləsi ilə başladığı və baxılan işə aid olmayan, öz şəxsi sərgüzəştlərinə dair mənasız çıxışı məhkəmə tərəfindən kəsilmədi və ona iddia ilə bağlı məhkəmə tərəfindən heç bir sual da verilmədi.

Halbuki, məhkəmə cavabdehdən soruşmalı idi ki, hansı sənədlər əsasında özgənin torpağını zəbt edərək, qanunsuz istifadə edir?

Məhkəmə digər cavabdeh tərəf olan “Azərişıq” ASC Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı İdarəsinin nümayəndəsinin növbəti məhkəmə iclasında iştirakını təmin etmək üçün növbəti iclası 20.10.2021-ci il tarixə təyin etdi. Bununla da, məhkəmə baxışı sona yetdi.

 

Mənim əlavə olaraq, Şəki Apellyasiya Məhkəməsinə müraciət etməkdə məqsədim, bir sıra məslələrə aydınlıq gətirmək və iddiamla bağlı suallara məhkəmədən cavab almaqdır. Belə ki,

1. Məgər, apelyasiya məhkəməsində torpağımın kimə mənsub olmasına, yaxud kimin puluna və nə vaxt alınması məsələsinə baxılırdı ki, bu sual mənə verilirdi? Heç vaxt, heç kim, o cümlədən cavabdeh tərəflər iddiaya etirazlarında və iclaslarda belə bir mübahisə qaldırmayıblar. 11 (on bir) il öncə bizə verilmiş və işdə olan Reyestrdən Çıxarış məhkəmənin bu sualına cavab deyilmi?

2. Hansı səbəbdən və nə üçün nə Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyev, nə də Şəki Apellyasiya Məhkəməsi cavabdehlərə bircə dəfə də olsun sual verməyiblər ki, “Hansı əsasla, sənədlə-sübutla özgəsinin xüsusi mülkiyyət torpağının yarısına qədərini zəbt edərək, özbaşınalıqla üzərində dirəklər quraşdırıblar və “işıq idarəsi” elektrik enerjisi ilə “fındıq zavodu”nu qidalandırır, zavodda öz növbəsində fındığı satıb digərlərini qidalandırır?”.

3. Qətnamə adlanan 12 səhifəlik yazısında hakim Abbas Əliyev xüsusi mülkiyyətimiz üzərində elktrik dayaqlarını quraşdırıb özbaşına torpağımızdan istifadə etdiynə görə cavabdeh Tofiq Hacıyevə haqq qazandıran, qanuni əsas verən bircə cümlə də olsun belə, yazmamış-yaza bilməmiş və cavabdehdən bu barədə sənəd-sübut tələb etməmiş, hətta sual da verməmişdir. Niyə və nə üçün eləcə də Apellyasiya məhkəməsi, bu sualdan nədənsə yan keçir? Faktiki olaraq, mən öz xüsusi mülkiyyətimin zəbt olmasından şikayət etdiyim üçün hər iki məhkəmənin qeyri-səmimi sualları ilə üzləşirəm. Dövlətin verdiyi Reyestrdən Çıxarışı sübut saymayan hakim Abbas Əliyev məni “haqsız” çıxarmaq üçün qətnamədə “iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılması üçün sübut

təqdim etməmişdir” yazmaqdan başqa bir əsas göstərməmişdir. Elə bu sözləri ilə hakim Abbas Əliyev qətnamədə sübut etmişdir ki, eliktrik dayaqlar çıxarılmalıdır və əgər məhkəmə iclasında o, sualı mənə vermiş olsaydı, həmin iki ədəd dayaqların çıxarılıb sahibinə təhvil verilməsini mən öz öhdəmə götürərdim. Lakin, M.Ə.Sabirin dediyi kimi, “səs salma, qoy yatanlar yatsın” mövqesini tutmaqla hakim Abbas Əliyev öz vəzifəsini bitmiş hesab etmişdir.

Necə olur ki, dövlətin mənə sənəd vermiş olduğu halal-hümmət torpaq sahəm üçün məndən sübut tələb olunur, lakin xüsusi mülkiyyətimdən özbaşına, qanunsuz yolla, heç bir icazəsi olmadan yaralanan, istifadə edən cavabdehlərdən heç nə tələb olunmur?

Əksinə, mənim haqlı iddiama 20 gün əvvəl yazılı etiraz etməklə “iddianın tamamilə rədd edilməsini” məhkəmədən tələb etmiş, cavabdeh tərəf olan “Azərişıq” ASC-ni qərardadla mütəxəssis kimi rəy vermək üçün cəlb edən hakim Abbas Əliyev, həmin “cavabdeh-mütəxəssis”in qərardadla bağlı rəyindən xeyli əvvəl məhkəməyə təqdim etdiyi digər cavabdeh Tofiq Hacıyevin “işıq pulu” ödənişinin qəbzlərlə iddiaya zərrə qədər aidiyyəti omayan bir neçə yazılı kağızı və “cavabdeh-mütəxəssis” “Azərişıq” ASC-nin “absurd rəy”ini “mötəbər sübut” kimi qətnamədə göstərmişdir.

Cavabdeh və eyni zamand hakim Abbas Əliyevin qərardadı ilə “mütəxəssis” olan “Azərişıq” ASC-nin məhkəməyə təqdim etmiş olduğu 10.06.2021-ci il tarixli,  1/13-1668 saylı sənədi ona görə  “absurd rəy” adlandırıram ki, qərardada cavab olan həmin sənəddə göstərilmişdir ki, sitat:

“Qərardadda qoyulmuş suallar tərəfimizdən araşdırılmış və müəyyən olunmuşdur ki, G.A.HACIYEVANIN MÜLKİYYƏTİNDƏ OAN TORPAQ SAHƏSİNDƏ YERLƏŞƏN, MÜHAFİZƏ ZONASI ZƏBT EDİLMİŞ 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər.”

Güman edirəm ki, “ZƏBT EDİLMİŞ” sözlərini izah etməyə ehtiyac yoxdur.

Daha sonra isə qeyd edilir ki, “Həmçinin, bu qaydalara əsasən balans mənsubiyyəti sərhədindən sonrakı hissədə baş verən məsələlərə görə Enerji Təchizatı Müəssisəsi məsuluyyət daşımır” və “...iddiaçının çıxarılmasını tələb etdiyi elektrik naqilləri və 2 (iki) ədəd elektrik dayaqları Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin balansında deyildir.”, daha sonra isə ““Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinə əsasən elektrik naqilləri və 2 (iki) ədəd elektrik dayaqlarının çıxarılması “Azərişıq” ASC-dən tələb edilə bilməz.”

Bu azmış kimi, qətnamədə göstərmişdir ki, “iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin kəsilməsinin, quraşdırılmış iki ədəd elektrik dayaqlarının məhz cavabdehlərin hesabına çıxarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.”

Əgər məhkəmənin bu mövqeyi tərəfkeşlik və yaxud vəkillik deyilsə, niyə onda “sübut təqdim etmədiyimi”, amma cavabdehlərin əllərində heç bir icazə sənədi olmadan xüsusi mülkiyyətimiz üzərində qanunsuz olaraq “işıq alqı-satqısı” etmələrinə hakim Abbas Əliyev göz yummuşdur?  Və bu iddiamdan Apellyasiya Məhkəməsində də yan keçilir?

İddia ərizəsində mənim “Azərişıq” ASC-dən, “Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi”-ndən və “Qəbələ Paylayıcı Şəbəkə Sahəsin”-dən TƏLƏBİM iki ədəd elektrik dayaqlarını çıxarmaq yox, “HEÇ BİR İCAZƏLƏRİ VƏ RAZILIĞIM OLMADAN XÜSUSİ MÜLKİYYƏTİM ÜZƏRİNDƏN ENERJİ VERİLMƏSİNİN DAYANDIRILMASIDIR” !!!

Elektrik enerjisinin verilməsinin dayandırılması təqdirdə, elektrik naqillərinin kəsilərək götürülməsini və iki ədəd elektrik dayaqlarının çıxarılmasını mən öz üzərimə götürürəm. Hər bir halda hakim Abbas Əliyev “sübut axtarmaqdansa” bu təklifi mənə edə bilərdi və etməliydi.

Hörmətli Apellyasiya məhkəməsi,

Torpaq sahəmizin 1/3 hissəsi insan həyatı üçün təhlükəli olan yüksəkgərginlikli elektrik xətti altında qaldığından, həmin torpağı sata bilmirəm.

Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququmuzu pozmuş, Qəbələ rayon məhkəməsinin 11.06.2021-ci il tarixli 2(025)-626/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, Apellyasiya şikayətimin təmin edilməsi, iddiamın tam təmin edilməsi və HEÇ BİR İCAZƏLƏRİ VƏ RAZILIĞIM OLMADAN XÜSUSİ MÜLKİYYƏTİMİZ ÜZƏRİNDƏN HƏYATIMIZ ÜÇÜN HƏR AN TƏHLÜKƏ YARADAN ELEKTRİK ENERJİSİNİN VERİLMƏSİNİN DAYANDIRILMASI VƏZİFƏSİNİN “Azərişıq” ASC-nin, “Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsi”nin və “Qəbələ Paylayıcı Şəbəkə Sahəsin”nin üzərlərinə qoyulması barədə qərar çıxarılmasını Sizdən xahiş edirəm.

Yaranmış vəziyyətlə bağlı köməklik edilməsi məqsədi ilə, şikayətlərimin surətini də əlavə etməklə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət etmişəm.

 

Hörmətlə,

iddiaçı Hacıyeva Gülnarə Ağəli qızının

etibarnamə ilə qanuni nümayəndəsi                      Tahir Hacıyev

“18” oktyabr 2021-ci il

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib