Dərc edilib: 20-10-2021

https://www.nuh.az/30251-.html

Anasının çılpaq videosunu çəkəni necə öldürdüyünü danışdı

20.10.2021 13:16:21

Kriminal

2021-ci il yanvarın 21-də Şəmkir rayonunda anasının çılpaq videosunu çəkərək 10 min manat tələb edən “Qərb Xəbərləri” qəzetinin baş direktoru Bəxtiyar Alıyevi güllələyərək öldürən Vasif Aslanova hökm oxunub.


“Kriminalqafqaz”ın məlumatına görə, V.Aslanov məhkəmədəki ifadəsində bildirib ki, B.Alıyev öz dayısı arvadının, yəni onun anasının çılpaq videosunu hamamda çimərkən çəkib.

Daha sonra B.Alıyev dayısı oğlundan videonu silmək qarşılığında 10 min manat tələb edib:

“Hadisədən təxminən 1 il əvvəl anam yaşadığımız evin həyətində, yarımtikili hamamda çimərkən bibim oğlu Bəxtiyar onun videosunu çəkmişdi. Həmin vaxt evimizdə heç kəs olmayıb. Ötən il noyabrda Bəxtiyar mənə zəng edərək rayonun mərkəzinə gəlməyimi istədi. Görüşdükdən sonra Bəxtiyar yolda mənə anamın çılpaq videosunu silmək üçün 10 min manat pul verməyimi, əks halda həmin videonu məni tanıyan hər kəsə göndərəcəyini dedi. Mən də ona kənddə süpürgəçi işlədiyimi, 10 mini tapa bilməyəcəyimi dedim. Bəxtiyarın xasiyyətinə bələd idim, bilirdim ki, pulu verməsəm, videonu yayacaq. Buna görə də sonra ona pulu tezliklə tapacağımı dedim”.

V.Aslanov qeyd edib ki, qəzetdə işləyirmiş və tez-tez ətrafındakı insanları şantaj edərək onlardan pul alırmış. Vasif Aslanov Bəxtiyar Alıyevin həmin videonu çəkməklə yanaşı anasını təhqir etdiyini də deyib:

“Videonu mənə göstərəndə həmin görüntülərdə anamın Bəxtiyara “yekə oğlansan, çəkmə” deməsinə baxmayaraq, o, “çəkmirəm, sənə baxıram”,-deyirdi. Anam ona getməsini, tutduğu əməlin ayıb olduğunu desə də, o video çəkilişə davam edib. Bəxtiyar tək məni yox, atamı da şantaj edirdi. Atamdan 800 manat almışdı. Hər dəfə görüşəndə acıq verirmiş kimi anamın videosunu göstərirdi. Bu hadisədən təngə gəldiyim üçün ona yalandan pulu tapdığımı dedim. Yanvarın 21-də ondan Qədimqala kəndinə gəlməyini istədim. Kənd qəbristanlığının yanına apardım. Qəbristanlıq yaşadığım evdən 200 metr məsafədə yerləşir. Bəxtiyara maşında gözləməsini, pulu evdən götürüb gələcəyimi dedim. Evə gedib zirzəmidə babamdan yadigar qalan tüfəngi götürdüm. Əvvəlcə Bəxtiyarı öldürmək niyyətində deyildim, onu qorxutmaq üçün silahla 1 dəfə göyə atəş açdım. Telefonu mənə verməsini dedim. Amma telefonunu mənə verməkdən imtina etdiyindən alnından atəş açdım. Bəxtiyar hadisə yerindəcə keçindi. Tutduğum əməldən peşman deyiləm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Vasif Aslanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib