Dərc edilib: 02-11-2021

https://www.nuh.az/30371-.html

“Ermənilərlə azərbaycanlıların nikahının əleyhinəyəm"

02.11.2021 15:17:16

LIVE

"Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışı mümkündür. Ümumiyyətlə, azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaradılması dövrün vacib məsələlərindəndir. Gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmiş Qarabağda yaşayan ermənilər azərbaycanlılarla eyni hüquqlara malik olacaqlar. Belə olan halda, azərbaycanlılarla ermənilərin nikaha girməsi qanunla qadağan edilməyəcək. Yəni, vaxtı gəldikdə qanun buna imkan versə də, ağılla düşünmək lazımdır. Mən ermənilərlə azərbaycanlıların nikahının qəti əleyhinəyəm. İstənilən halda isə, qonşuluq münasibətlərini qoruyub saxlamaq lazımdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Parlament üzvü bildirib ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya xəttləri açıldıqdan, gediş-gəliş təmin edildikdən, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaradıldıqdan və bir sıra vacib məsələlər həllini tapdıqdan sonra regionda yeni münasibətlər formalaşacaq: "Daha sonra delimitasiya və demarkasiyası məsələləri də həllini tapdıqdan sonra iki dövlət arasında sülh müqaviləsi imzalana bilər. Belə olan halda, etimad muhiti formalaşar və nəticədə, Azərbaycan vətəndaşı olan ermənilərlə Azərbaycan icmasının birgəyaşayışı mümkün olar. Başqa cür mümkün deyil, iki xalq əbədi olaraq düşmən vəziyyətində qala bilməz. Vaxtilə almanlarla fransızlar arasında baş verən 100 illik müharibələri də nümunə kimi göstərmək olar. Yəni, biz əbədi düşmən ola bilmərik, amma tarixi yaddaşımızı da hər zaman işlək saxlamalıyıq. Biz heç zaman Xocalı soyqırımını, işğal altında saxladıqları torpaqlarda bizim mədəni-mənəvi irsimizi məhv etdiklərini unutmamalı, erməni hərbi cinayətlərini yaddan çıxarmamalıyıq. Yəni, qan yaddaşımız unutmamaq şərtilə yeni reallıqları qəbul etmək lazımdır. Mən şəxsən ermənilərlə azərbaycanlıların nikahının əleyhinəyəm, çünki nikah iki xalqın nümayəndələrini son dərəcə yaxınlaşdıra bilər. Belə olan halda, bizdə yenidən "arxayınlıq" sindromu işə düşər və başımıza bəla gələr. Ona görə də qonşuluq münasibətlərinə qan yaddaşımızı unutmadan davam etməliyik. Azərbaycan çoxmillətli dövlətdir və ölkə ərazisində yaşayan bütün etnos qruplar eyni hüquqlara malikdirlər".

NUH informasiya agentliyi səhifəsindən çap edilib