Dərc edilib: 05-11-2021

https://www.nuh.az/30396-.html

Karantin rejimi yumşaldı, NK Aparat rəhbəri Rüfət Məmmədov “yumşalmadı

05.11.2021 00:26:11

İqtisadiyyat

Nazirlər Kabinetinin  Aparat rəhbəri Rüfət Məmmədov “mötəbərlər”in şirkətinə yaşıl işıq yandırır, başqa şirkətlərin isə  işığını söndürür

 

Rüfət Məmmədov əcnəbi mütəxəssislərin ölkəyə gəlişinə niyə  mane olur ?

 

Şirkət rəhbərləri Prezidentdən kömək istəyir…


 

Qlobal xarakter daşıyan koronovirus pandemiyasının dünya, o cümlədən Azərbaycan  iqtisadiyyatına  vurduğu zərbə bəllidir. Tətbiq olunan ciddi karantin rejimi işgüzar, iqtisadi, biznes  əlaqələrinin  zəifləməsinə gətirib çıxardı.

Məlumdur ki, biznes  əlaqələrində xarici ölkələrin vətəndaşları, əcnəbi  mütəxəssislər də yaxından iştirak edirlər. Bu kateqoriyaya aid olan şəxslərin ölkəmizə daxil olması da məhdudlaşdırılmışdı.

Ancaq ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşdığı üçün karantin rejimi qismən yumşaldıldı.

Çox təəssüf ki, karantin rejimi yumşalsa da Nazirlər Kabinetinin Aparat rəhbəri  Rüfət Məmmədov əksinə “sərtləşdi”.

Məlumdur ki,  pandemiya dövründə Nazirlər Kabineti  yanında Operativ Qərargah yaradıldı.

Və həmin dövrdə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çox uğursuz fəaliyyəti və qurumun rəhbərliyinin istefaya getməsu bəllidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, pandemiyanın ən qızğın, ən ağır, kritik   çağında  iqtisadi, biznes əlaqələri ilə bağlı ölkəyə gələn əcnəbi mütəxəssislərin  ortaya çıxan problemlərini  Baş nazirin müavini Şahin Mustafayev çox operativ şəkildə həll edirdi. Şahin müəllim yaxşı bilirdi ki, xarici mütəxəssislərin ölkəyə gəlişi əngəllənəndə şirkətlər ciddi problemlər yaşayır. Bu da ölkə iqtisadiyyatına zərbədir. Ümumiyyətlə, hörmətli  Şahin Mustafayev  iş adamlarının problemlərini, qayğılarını  dərindən bilir və lazım olan  köməyi əsirgəmirdi.

Bir sözlə, şirkətlər  tərəfindən xarici mütəxəssislərin ölkəmizə gəlişi ilə  bağlı Nazirlər Kabinetinə müraciət olunanda cənab Şahin Mustafayev anındaca reaksiya verirdi  və 2  gün  ərzində  lazımi tədbilrlər görülürdü.

Bunu iş adamları xüsusi qeyd edirlər.

Çox təəssüf ki, əcnəbi mütəxəssislərin ölkəmizə gəlişi ilə bağlı məsələlər Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovun səlahiyyətinə veriləndə   süründürməçilik  və iş adamlarının əzablı günləri başladı.

Şirkətlər  Rüfət Məmmədova müraciət edir, sonra müraciətlər  ötürülür  Nazirlər Kabinetinin  Beynəlxalq əlaqələr şöbəsinə. Beləcə, müraciətlərə həftələrlə  cavab almaq olmur, cavab da alanda məlum olur ki, həmin şirkətin məktubuna icazə verilməyib.

Çox maraqlıdır ki, pandemiyanın ən ağır  vaxtında, vaksinasiya  olunmayan  dövrdə  Şahin  Mustafayev xarici mütəxəssislərin  Azərbaycana gəlişini operativ həll edirdi və məqsədə müvafiq görüb  icazə verirdi.

İndi isə ölkəmizə gələn  xarici mütəxəssisin kovid pasportu olduğu, zəruri sənədlər qaydada olduğu halda belə Rüfət Məmmədov müraciətlərə imtina cavabı verir. Niyə, nə məqsədlə ?

Rüfət Məmmədov bilmir ki, onun belə münasibəti ölkədəki şirkətləri nə qədər ziyana salır ?

Daha bir vacib məqam odur ki, bir şirkət eyni xarici ölkənin vətəndaşı ilə bağlı müraciət edəndə Rüfət Məmmədov icazə verir, amma başqa bir şirkət həmin ölkənin vətəndaşı ilə bağlı müraciət edəndə NK-nın Aparat rəhbəri imtina edir.

Bunu necə başa düşək ?

Bu ayrı-seçkilik nəyə lazımdır

Niyə Rüfət Məmmədov hansısa mötəbər şəxslərin şirkətlərinə  “qəyyumluq” edir ?

Rüfət Məmmədovun “yaşıl işıq”  yandırdığı şirkətlərlə bağlı dürüst  məlumatımız var, sadəcə, zamanı deyil.

Biz bilirik ki, pandemiya dövrü çox məmurların  əlində qazanc  mənbəyinə çevrildi. Ancaq  əminik ki, bütün bu baş verən neqativ hallarla bağlı cənab Prezidentə məlumat çatan kimi dəmir yumruğunu işə salacaq.

İş adamları, şirkət rəhbərləri cənab Prezident İlham Əliyevdən xahiş edir ki, bu məsələ nəzarətə götürülsün və Rüfət  Məmmədovun  özbaşınalığına  son qoyulsun. NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib