Dərc edilib: 10-11-2021

https://www.nuh.az/30480-.html

Baş verənlər TƏBİİ FƏLAKƏT deyil, cənab nazir, MƏMUR FƏLAKƏTİDİR

10.11.2021 14:03:39

Hadisə

Baş verənlər TƏBİİ FƏLAKƏT deyil, cənab nazir, MƏMUR FƏLAKƏTİDİR

 

Xətai rayon sakinlərinin  cənab nazir Kəmaləddin Heydərova müraciəti

 

Cənab Nazir !

Biz Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11 ünvanda yaşayan  sakinlər  xeyli müddətdir ki, Sizə və tabeçiliyinizdəki qurumlara müraciət etməkdən yorulub-bezmişik. Bu müddət ərzində DAŞDAN SƏS ÇIXIB, sizin nümayəndələrdən  səs çıxmayıb, daha doğrusu, sizin nümayəndələriniz   GÖRÜNTÜ  üçün gəlib-getsə də, onların  heç bir əməli-fəaliyyəti olmayıb, hətta yaşadığımız  binalarda adi bir ODSÖNDÜRƏN  balon da quraşdırılmayıb. Ona görə də məcbur olub şəxsən Sizə müraciət edirik.

Cənab nazir !

19 may  2015-ci ildə  Baklda Azadlıq prospektindəki çoxmərtəbəli  yaşayış  binasında  baş  verən dəhşətli yanğın 63  nəfərin  xəsarət alması və 16 nəfərin ölümü ilə nəticələndi. Ən dəhşətlisi o idi ki, ölənlər arasında tüstüdən  boğularaq  ölən 5 nəfər  azyaşlı, hətta 2 yaşlı da var idi.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan YANĞIN TƏHLÜKƏSİZLİYİ  QAYDALARINI POZMA, SƏHLƏNKARLIQ  və s maddələr  ilə cinayət işi başlandı.

Cənab nazir ! 

 

Bu  İNSANLIĞA QARŞI AĞIR CİNAYƏTDİR.

Hansı SƏHLƏNKARLIQ-dan söhbət gedə bilər ?


Həmin dəhşətli olaydan sonra  neçə-neçə Ticarət mərkəzində, yaşayış binasında  və digər obyektlərdə  yanğınlar baş verib və xeyli sayda  insan dünyasını dəyişib, vətəndaşlar külli miqdarda ziyan çəkiblər.

Cənab nazir !

Əgər  TƏBİİ FƏLAKƏT, zəlzələ, pandemiya olsaydı, biz vətəndaşlar baş verənləri təbii  qəbul edərdik və sizin nümayəndələri  zərrə qədər günahlandırmazdıq. Ancaq baş verənlər TƏBİİ FƏLAKƏT deyil, konkret olaraq  MƏMUR FƏLAKƏTİDİR.

Hörmətli Kəmaləddin müəllim !

Bəlkə də  bizi qınayacaqsınız. Amma  bir anlıq ÖZÜNÜZÜ  BİZİM YERİMİZDƏ hiss eləyin. Gecə yatanda da təlaş, qorxu içərisində yatırıq ki, birdən yaşadığımız  binada yanğın olar, insan fələfatı olar, uşaqlar yanar və s.

Cənab nazir !

Yuxarıda qeyd etdiyimiz kimi Binəqədidə baş verən dəhşətli yanğın zamanı xeyli sayda azyaşlı yanaraq dünyasını dəyişdi.

Konkret olaraq  Azadlıq prospektində baş verən yanğına görə,  YANĞIN TƏHLÜKƏSİZLİYİ  QAYDALARINI POZMA və SƏHLƏNKARLIQ maddələri ilə cinayət işi açıldı.

Cənab nazir !

Bu boyda fəlakət Sizin rəhbərlik etdiyiniz qurumun nümayəndələrinin   fəaliyyətsizliyi ilə bağlı idi.

Açılan cinayət işinin, yaxud kimlərinsə həbs olunmasının kimə və nə faydasl var idi? 

Bəlkə o tüstüdən  boğularaq ölən uşaqlar həyata qayıtdı ?

Mütləq fəlakət  baş verməlidir ki, tədbir görəsiniz ?

Əgər o boyda fəlakətdən sonra tədbir görülsəyidi, bu gün biz  Sizin qızıl kimi vaxtınızı alıb, Sizi narahat etməzdik. Cənab  nazir !

Sizə əbəs yerə FÖVQƏLNAZİR  demirlər, bu təkcə Sizin rəhbərlik etdiyiniz qurumun adı ilə bağlı deyil, daha çox SİZİN  sözübütövlüyünüz, dürüst insan olmağınız və sadə insanlar arasında  HÖRMƏT və NÜFUZUNUZLA  bağlıdır. İnanmırıq ki, tabeçiliyinizdə olan şəxslər Sizin göstərişlərinizi qulaqardına vurmağa cəsarət edə bilələr. Bəs onda  niyə  biz Xətai sakinlərinin Sizə dəfələrlə müraciətimiz  icra  olunmur, niyə konkret tədbir görülmür?

Axı, bizim YANĞIN TƏHLÜKƏSİZLİYİ  ilə bağlı tələb etdiyimiz və Sizin nümayəndələrin təsdiq etdiyi  problemlərin aradan qaldırılması üçün dövlət vəsaitinə ehtiyac yoxdur. Yalnız  “KAT-2020” MTK-ya ciddi tapşırıq verməyiniz, konkret müddət göstərməyiniz yetərlidir. 

Cənab nazir, Sizin nümayəndələrin gəlib MTK-nı 300-400 manat cərimə etməsi ilə TƏHLÜKƏ-PROBLEM aradan qalxmır e. Hətta yazılan cərimələr də icra olunmur, kağız üzərində qalır. 300-400 manat  cərimə yanğını söndürmür, sadəcə, Sizin nümayəndələr  cərimə etməklə özlərini gələcək sorğu-sualdan sığortalayırlar. Yəqin ki, yanğın baş verən Ticarət mərkəzləri də nə vaxtsa, özü də bir neçə dəfə cərimələniblər. Yanğının qarşısı alınıbmı ? Əlbəttə, yox. 

Hörmətli nazir !

Onu da bildirək ki, “KAT-2020” MTK-nın bu qanunsuz əməlləri Siz nazir olmazdan əvvəl  mövcud olub və  əbəs yerə deyil ki, Siz 15 ildir  haqqında bəhs etdiymiz  yaşayış kompleksini təhvil almırdınız. Deməli, ciddi problemlər  var imiş, yəni bu problemlər sonradan yaranmayıb, əvvəldən mövcud olub  və Sizin nümayəndələr bu problemlər  MTK  tərəfindən aradan qaldırılmadan yaşayış kompleksini qəbul ediblər.

Hörmətli Kəmaləddin müəllim !

Nəzərə alın ki, 2 ha sahədə yerləşən və 10 binadan ibarət yaşayış kompleksinin ərazisində uşaq bağçaları, məktəb yaşına qədər uşaqların kolleci, uşaqların idman meydançası, klinikalar  yerləşir, sakinlərin əksəriyyəti gənc ziyalı ailələrdir, hətta sakinlər arasında xeyli sayda xarici ölkə vətəndaşları da var.

Cənab nazir !

Sizə hörmət və etiramımızı bildirərək, ümid edirik ki, 2015-ci ildə Azadlıq prospektində  baş verən dəhşətli faciə  S.Vəzirov 11-də yerləşən yaşayış kompleksində baş verməyəcək və  körpə övladlarımız  gözümüzün qarşısında yanıb kül olmayacaq. Və biz sakinlər Sizin  konkret  tapşırıqlarınızdan sonra gecə-gündüz təlaş içərisində  MƏMUR FƏLAKƏTİ ilə üz-üzə qalmarıq, inşallah.

Dərin hörmətlə, Xətai sakinləri.

NUH informasiya agentliyi səhifəsindən çap edilib