Dərc edilib: 30-11-2021

https://www.nuh.az/30671-.html

Əli Həsənovun oğluna 600 min, baldızına 580 min manat vermişəm ŞOK

30.11.2021 21:34:06

Region

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 


“Qafqazinfo” xəbər verir ki, prosesdə şahidlər dindirilməsi mərhələsi başa çatıb.

Ümumilikdə beş şahid dinlənilib.  Bir şahidin isə ifadəsi elan olunub.

Şahidlərdən Kəmaləddin Abdullayev bildirib ki, Vüqar Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır:

“Mən “Portos” MMC-də baş mühasib işləmişəm. Pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manatı təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə də Gülər Vəliyevaya 580 min manat”.

Qeyd edək ki, “Portos” MMC KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb.

Prosesdə “jurnalistlər binaları”nın tikintisi ilə bağlı ekspertiza rəyi də elan olunub.

Daha sonra Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatətə baxılıb. Hakimlər vəsatəti təmin etməyiblər.

Cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Proses dekabrın 2-də davam etdiriləcək

Növbəti prosesdə dövlət ittihamçısı və vəkillər çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib