Dərc edilib: 02-12-2021

https://www.nuh.az/30682-.html

Şirin Mirzəyev deyirdi ki, Fərrux dağı kimdədirsə, Ağdama da o, nəzarət

02.12.2021 08:45:59

Müsahibə

“Təəssüf ki, sonradan ermənilər Rusiya ordusunun dəstəyi ilə yenidən  Fərrux kəndini işğal etdi... Və bu gün  həmin yüksəklik və kənd Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarəti altındadır...”
 
"Dünən Moderator.az-da təqdim olunmuş Müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimovun müsahibəsində  Fərrux dağı uğrunda döyüşlər haqda oxuyanda rəhmətlik həyat yoldaşım Şirin Mirzəyevin həmin yüksəkliyi almaq üçün apardıqları əməliyyatlar barədə danışdıqlaını xatırladım. Onun ilk azad etdiyi kənd məhz Fərrux olub”. 
Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova söyləyib.
 
“Şirin Mirzəyev həmişə deyirdi ki,  Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək.  1991-ci ilin, səhv etmirəmsə, dekabrında erməni terrorçular Xocalı rayonunun Meşəli kəndinə hücum etmiş, bir yaşlı kişi ilə qadını yandıraraq qətlə yetirmişdilər.   Şirin də deyirdi ki, mən Fərruxu azad etməklə Meşəlinin qisasını aldım... 1992-ci ilin yanvarənda keçirdikləri əməliyyat nəticəsində Şirinin taboru həmin kəndi azad etmişdi... Bildiyimə görə, Fərrux kəndi  ermənilərin orada Rusiya imperiyası tərəfindən yerləşdirildiyi  və XX əsrin əvvəlində Qarabağda müharibələr başlayandan bəri  ilk dəfə idi ki, Azərbaycan tərəfindən azad olunurdu... 
 
Şirin onu da deyirdi ki,  Qarabağdakı, xüsusən Ağdam və Ağdərə istiqamətindəki hücum əməliyyatları zamanı kimlərinsə qurduğu hansısa müəmmalı oyunlar baş verirdi. Bir də görürdün, hücuma keçəndə bizə dəstək verməli olan birləşmələrimizdən biri kiminsə əmri lə geri çəkilir və bu minvalla bir sıra döyüşlərimiz uğursuzluqla nəticələnirdi... Təəssüf ki, məhz belə müəmmalı başıpozuqluqlar səbəbindən Şirin Mirzəyevin şəhidliyindən sonra ermənilər Rusiya ordusunun dəstəyi ilə yenidən  Fərrux kəndini işğal etdi... Və bu gün də hələ də  həmin yüksəklik və kənd Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarəti altındadır...  İnşallah, inanıram ki, yaxın müddətdə Qarabağdakı yerdə qalan digər məntəqələrimiz kimi Fərrux da dövlətimizin, ordumuzun tam nəzarətinə keçər və həmin yüksəklikdə yenə də üçrəngli Azərbaycan bayrağı dalğalanar. Onda Şirin Mirzəyevin ruhu daha da dinclik tapar”- deyə şəhid Milli Qəhrəman xanımı vurğulayıb.  
 
Zəruri arayış: 
 
Fərrux və ya Farux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir. Ermənilər tərəfindən “Parux” adlandırılır.
 
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə separatçı-terrorçu erməni rejiminin keçirdiyi əhalinin qanunsuz siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin, yəni ermənilərin sayı 42 nəfər təşkil edib. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiyanın sülhməramlı sayılan qüvvələrinin nəzarətinə keçib.
 
Dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin əsasını Farux adlı şəxs qoyduğu üçün belə adlandırılması ehtimal edilir. Kəndin yaxınlığında Farux golu və Farux yeri adlı obyektlər də qeydə alınmışdır. Oykonim 1907-ci və 1918-ci illərdə fəaliyyət göstərmış müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək məqsədi güdən Faruq (hərfi mənası "Ədalət tərəfdarı") sosial-demokrat qrupunun adı ilə də bağlı ola bilər. 
 
Tanınmış Qarabağ qazisi, Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu taborda döyüşmüş kəşfiyyatçı- döyüşçü Rey Kərimoğlu öz xatirələrində belə yazır:
 
“Fərrux Ağdam rayonu ilə keçmiş Əsgərən rayonunun (Xankəndi istiqamətində) sağ tərəfdən arasında yerləşən böyük bir dağ idi, dağın ətəyində isə eyni adlı balaca bir kənd idi. Fərrux Ağdamın Cinli kəndinin yaxınlığında yerləşirdi. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurumuş əsasən Yerevandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Cinli, Yetim Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Hər dəfə də yerli insanların və Ağdam milis şöbəsinin əməkdaşları, eyni zamandan Ağdam OMON-u tərəfindən onların qarşısı alınıb. O zaman Cinli ermənilərin bütün Qarabağdakı əsas hədəflərindən biri idi.
Qeyd edim ki, bu kənd və yüksəklik xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 1905 və 1918-ci ildə Qarabağda baş verən erməni-müsəlman davasında da Fərrux alınmayıb. Yəni ermənilər Fərruxun alınmaz bir qala olduğu haqqında mif yaratmışdılar. Erməni alimi Zor Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndinin Ağdama tərəfə olan hissəsindəki müdafiəsi sıra ilə inşa edilmiş bir neçə evin qarşısı boyu tikilmiş “topdağıtmaz” dəmir-beton istehkam idi. Kəndin ən böyük müdafiəsi isə Fərrux dağının düz zirvəsində yerləşən “daş başı” postu idi...
 
Umudludan qayıdandan sonra - 31 yanvar 1992-ci ildə Şirin Mirzəyevin batalyonu Ağdamın yerli OMON qüvvələri ilə birgə Fərrux kəndinin quldurlardan azad edilməsi əməliyyatında iştirak edib”.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib