Dərc edilib: 08-12-2021

https://www.nuh.az/30735-.html

Qızdırması olan ölürdü... - Tarixdə COVİD-19-dan betər epidemiyalar

08.12.2021 10:57:34

LIVE

İki ildir ki, dünya COVID-19-a qarşı mübarizə aparır. Dünyanın bu virusdan nə zaman xilas olacağını isə hələlik təxmin etmək mümkün deyil. 


“Qafqazinfo” xəbər verir ki, bundan öncə də insanlıq tarixini formalaşdıran ən ölümcül epidemiyalar mövcud olub. Onlardan bir neçəsini təqdim edirik.

Antoninus (Galen) epidemiyası

Dünyada ən çox ölümə səbəb olan ilk epidemiya eramızdan əvvəl 165-180-ci illərdə Roma İmperatorluğunda qeydə alınıb. Həmin imperatorluqda yaşamış və şərq ekspedisiyalarından qayıdan əsgərlər tərəfindən gətirilən epidemik xəstəlik olan Antoninus taunu gündə 2000 insanın ölümünə səbəb olub. Bu, ilk məlum böyük vəba epidemiyalarından biridir.

Epidemiya Roma imperatorları Lusius Verus və Markus Aurelius Antoninusun da ölümünə səbəb olub. Ümumilikdə imperiya əhalisinin 30 faizini itirib.

Yustinian vəbası

541-ci ildə İmperator Yustinian Konstantinopolda taxtda oturarkən Avropada başlayan epidemiya əvvəlcə Misirə, daha sonra Fələstinə, Suriyaya, sonra da Anadoluya çatdı. 

Yustinian Konstantinopola bütün giriş-çıxışları bağlasa da, epidemiya şəhərə hərbi hissələrin gətirdiyi materiallar arasında olan siçovullar vasitəsilə daxil olmuşdu.

Bir millimetrdən kiçik olan və siçanların tükləri arasında gizlənmiş “Xenopsylla” adlı uçucu bir həşərat mədəsində “Pasteurella pestie” adlı ölümcül vəba bakteriyasını daşıyırdı. Bu böcəklər ətrafdakı digər siçanların tükləri arasında uçaraq yerləşmiş və sürətlə çoxalmışdılar.

Qara vəba

1346-1353-cü illər arasında baş verən Qara vəbanın 75-200 milyon insanı öldürdüyü güman edilir. Dəqiq rəqəmləri bilmək mümkün olmasa da, bu illərdə Avropa əhalisinin 30-60 faiz azaldığı bildirilir.

İnsan bədəninin hər hansı bir nahiyəsinə yerləşdirib dişləyərək vəba mikrobunu ötürən böcəklər, yoluxdurduqları insanların bir neçə gün ərzində ölməsinə səbəb olurdular. Əvvəlcə gündə bir neçə yüz olan ölənlərin sayı tezliklə minlərlə nəfərə çatdı. Qəbir yerləri dolduqca meyitlər dənizə atılmağa başladı.     

Xəstəlik normal gedişini davam etdirdi və zamanla öz-özünə yox oldu, lakin o zamana qədər dövrün ən sıx məskunlaşdığı şəhərlərindən biri olan Konstantinopol əhalisinin 40 faizini itirdi. Epidemiya, işçi qüvvəsini və əsgər sayını itirən Bizansın zəifləməsinə və hücumlara məruz qalmasına səbəb oldu və bu, Avropanın tarixini kökündən dəyişdirən inkişaflara gətirib çıxardı.

Amerika yerlilərinin suçiçəyi ilə qarşılaşması

XV əsrdə avropalılar yeni dünya kəşf etdilər. Amerika qitəsinin yerli sakinləri ilə təmasda olan avropalı tədqiqatçılar özləri ilə gətirdikləri virus və bakteriyaları buradakı insanlara ötürürdülər.

Suçiçəyi artıq Avropanın üçdə birini öldürmüşdü, lakin immunitet sistemi avropalılar kimi inkişaf etməmiş və dərmansız olan yerli amerikalıların şansı yox idi. O zaman milyonlarla insan öldü və yerli əhalinin 90 faizi məhv oldu. Bu vəziyyət Amerika qitəsinin avropalılar tərəfindən müstəmləkəçiliyini xeyli asanlaşdırdı.

19-cu əsrin əvvəllərinə qədər hər iki yerli amerikalıdan biri Avropadan gələn xəstəliklərdən ölürdü.

Yeddi müxtəlif xolera epidemiyası

Sivilizasiyamızın tarixində yeddi böyük vəba epidemiyası olub, lakin ən ölümcül 1852-1860-cı illər arasında baş verən üçüncü epidemiya olub. Vəbanın əsas səbəbi içməli suyun çirklənməsi idi, lakin bu üçüncü epidemiyaya qədər başa düşülmədi.

Uzun müddət ərzində insan ifrazatı və tullantıları da içmək və yemək bişirmək üçün istifadə olunan su mənbələrinə tökülürdü. Bunun böyük fəlakətə çevrildiyi yer o vaxt Hindistan idi.

2011-ci ildə aparılan araşdırmaya görə, bu gün də dünyanın ən çirkli çaylarından biri olan Qanq çayında 100 millilitrdə 1,1 milyard nəcisli bakteriya var. Bu nisbət, yuya biləcəyiniz ən pis suda olmaq üçün qəbul edilə biləcək nisbətin 500 min qatıdır. Hindular bu çayda çimməyin müqəddəs olduğuna inanır və gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən vəba bu bölgədə çox yayılmış bir xəstəlikdir.

Ancaq 19-cu əsrdəki böyük epidemiya ilə vəba bütün Hindistana, oradan Əfqanıstana və Rusiyaya yayıldı. Rəsmi məlumatlara görə, təkcə Rusiyada belə 1 milyon insanın ölümünə səbəb olan epidemiya Avropa və Afrikaya, nəhayət Amerikaya da çatıb.

Vəbaya yoluxan hər 5 nəfərdən 1-də təhlükəli ishal var. Bu insanların yarısı tez müalicə olunmazsa, ölür. Yeddi vəba epidemiyasında ölənlərin ümumi sayı dəqiq bilinməsə də, bunu milyonlarla ifadə etmək mümkündür.

Üçüncü epidemiya ilə həkimlər vəbanın səbəbini tapdılar və həmin tarixdən sonra içməli suyun təmizlənib qaynadılması ilə bağlı məlumatlar dünyada geniş yayıldı.

Üçüncü vəba epidemiyası

1855-1859-cu illərdə Çində başlayan, dünyaya yayılan və təkcə Çin və Hindistanda belə 12 milyon insanın ölümünə səbəb olan bu epidemiya, Avropanın Yustinian vəbası və Qara vəbasından sonra “Üçüncü vəba” adlandırıldı.

Təsiri bir əsrdir davam edən epidemiya uzaq şərqdən gələn siçanlar vasitəsilə Amerika qitəsinə daşınıb. Əvvəlki vəbalardan fərqli olaraq, qabaqcıl tibb elmi bu xəstəliyin öyrənilməsinə və müalicəvi dərmanların yaradılmasına imkan verdi. Onların arasında antibiotiklər də var idi.

Birinci Dünya Müharibəsi zamanı tif epidemiyası

1914-1918-ci illər arasında Tif bakteriyası daşıyan bitlərin yaratdığı epidemiya müharibənin gətirdiyi bir hadisə idi. Avropa və Asiyada, xüsusən də Sovet İttifaqı ölkələrində 25 milyon insan xəstələndi, 3 milyona yaxın insan öldü. Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını daha tez anladı və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü. Şərq ölkələri isə sonradan hərəkətə keçdilər və buna görə də dünyanın bu hissəsində daha çox insan öldü.

1918-ci il İspan qripi pandemiyası

Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insanı yoluxduran H1N1 qrip virusundan qaynaqlanan yüksək qızdırma bütün dünyada 50-100 milyon sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm birinci və ikinci dünya müharibələrində həlak olanların sayının cəmindən dəfələrlə çoxdur.

Bu virusu digərlərindən fərqləndirən cəhət onun hücum etdiyi orqanizmin immun sistemi nə qədər güclü olarsa, qızdırma da bir o qədər yüksək olması idi. İspan qripi tarixin ən dəhşətli fəlakətlərindən biri kimi qeydə alınıb.

1957-ci il Asiya qripi pandemiyası

Çində başlayan Qrip-A virusunun ördəklərdə mutasiyaya uğrayan və insanlara keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi kimi tanınan xəstəlik 4 milyona yaxın insanın həyatına son qoyub. Eyni olduğu aşkar edilən peyvəndlə epidemiyanın qarşısı alınıb. Bir il ərzində 40 milyon insan peyvənd olunub.

Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən mühüm nümunələrdən birinə çevrilib.

HİV (QİÇS) virusu

20-ci əsrin ortalarında meymunlardan insanlara keçdiyi anlaşılan HİV virusunun ilk aşkar edilə bilən nümunəsi 1959-cu ildə Konqoda görülüb. Ancaq diaqnozu 1980-ci illərdə qoyulub və adı çəkilib.

Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusu qəti şəkildə müalicə edə biləcək bir həll hələ də yoxdur. Yalnız ehtiyat tədbirləri görmək və xəstəliyə tutulduqdan sonra ömürlük dərman terapiyasından istifadə etmək lazımdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib