Dərc edilib: 17-12-2021

https://www.nuh.az/30795-.html

Pinoçetin arvadı 99 yaşında dünyasını dəyişdi

17.12.2021 10:49:39

Dünya

Çili diktatoru Auqusto Pinoçetin (1915-2006) dul arvadı Lusiya İriart cümə axşamı 99 yaşında vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Çilinin “Tercera” qəzeti məlumat yayıb. İriart yaşadığı mənzildə dünyasını dəyişib. Son illərdə onun ağciyərlərində problemlər yaranıb.

 

Pinoçetin xanımı fırıldaqçılıq və büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə istintaq altında idi. O, 1973-cü ildən 2016-cı ilin avqustuna qədər rəhbərlik etdiyi CEMA fonduna dövlət tərəfindən bağışlanan əmlakı qanunsuz satmaqda şübhəli bilinirdi.

İriartın siyasi qərarlarında Pinoçetə əhəmiyyətli təsir göstərdiyinə inanılırdı.

Qeyd edək ki, Pinoçet 2006-cı ilin sonunda ev dustaqlığında vəfat edib. O, 1973-1990-cı illərdə rəhbərlik etdiyi hərbi rejim dövründə insan haqlarının pozulmasında, həmçinin vergi cinayətlərində ittiham olunub. Rəsmi məlumatlara görə, diktatura illərində 3,2 mindən çox insan siyasi motivlərlə öldürülüb və ya itkin düşüb, 37 mindən çox insan işgəncələrə məruz qalıb.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib