Dərc edilib: 27-12-2021

https://www.nuh.az/30871-.html

Eldar Əzizov 22 yaşlı gəncin şirkətinə 18.7 milyonluq tender verdi

27.12.2021 22:37:06

Günün sitatı

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti "Multi Supply Park" LLC ilə satınalma müqaviləsi imzalayıb.  

Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 18 745 000 AZN-dir. Qurum bu məbləğə kommunal təyinatlı maşın və mexanizmlər alacaq.
"Multi Supply Park” LLC yerli şirkət olmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməyib. Araşdırmalarımız zamanı bəlli olub ki, şirkət Gürcüstanda qeydiyyatdan keçib. Hüquqi ünvanı Kutaisi şəhəri, Avtomşenebeli küçəsi 88-də yerləşir. 
Şirkətin direktoru Abbasov Xəyal Qüdrət oğludur. Bu şəxs barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Gürcüstanın Ədliyyə Nazirliyinin reyestr məlumatlarında Xəyal Abbasovun 1999-cu il doğumlu olduğu göstərilib. Beləliklə, aydın olur ki, milyonluq tenderlərdə iştirak edən, deməli, kifayət qədər iri şirkət olan "Multi Supply Park” LLC 22 yaşlı gəncə məxsusdur. Bu isə o qədər də inandırıcı görünmür. Ehtimal olunur ki, şirkət hansısa məmura məxsusdur. 
Satınalma müqaviləsində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin konkret nə alacağı göstərilməyib. Bu da keçirilən tenderin şəffaflığına şübhə yaradır.
Ümumiyyətlə, Bakı Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlər barədə mediada mütəmadi olaraq neqativ materiallar dərc olunur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib