Dərc edilib: 28-12-2021

https://www.nuh.az/30880-.html

Zeynəb Xanlarova 85 yaşında

28.12.2021 17:35:06

Cəmiyyət

Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir. 


“Qafqazinfo” xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”. 

 

 

Saysız-hesabsız sevilən, məşhur mahnıların ifaçısı olan Zeynəb Xanlarovanın həyat yoluna bir daha nəzər salaq.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Pedaqoji məktəbini və  A.Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb.

Arif Babayev və Zeynəb Xanlarova. “Leyli və Məcnun” operası, 1975.


Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Azərbaycan SSR Ali Sovetinin (XI çağırış və XII çağırış) və Azərbaycan Milli Məclisinin (I–IV çağırış) deputatı olub.

1980-ci ildə “SSRİ Xalq artisti” fəxri adına, 1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal”, 2016-cı ildə “Heydər Əliyev” ordenlərinə və s. mükafatlara layiq görülüb.

Z.Xanlarovanın iki oğlu, altı nəvəsi var.

Prezident İlham Əliyev Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edir

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib