Dərc edilib: 07-01-2022

https://www.nuh.az/30932-.html

Bakıda vəzifəli şəxs evində gizli kamera quraşdırdı...ŞOK

07.01.2022 11:23:06

Dünya

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən liseylərin birinin direktoru Sevinc Orucovanın evindən külli miqdarda pul oğurlanması hadisəsinin təfərrüatları üzə çıxıb. 

Bu barədə hüquq-mühafizə orqanlarından publika.az-a məlumat verilib. S.Orucova Yasamal rayonu H.B küçəsində yerləşən çoxmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşdirdiyi seyfdən özünə məxsus olan 50 min manatdan 20 min manatın, qardaşı Anara məxsus olan 41 min dollardan isə 34 mininin naməlum şəraitdə yoxa çıxmasından sonra qardaşı ilə plan qurub.
Belə ki, 2019-cu ilin sentyabrından 2020-ci ilin martınadək pulların hissə-hissə yoxa çıxdığını görən lisey direktoru evində dayə işləyən, həmçinin rəhbərlik etdiyi liseydə laborant kimi adı gedən və işə getməsə də, maaş alan 1990-cı il təvəllüdlü Gülnar Əliyevadan şübhələnib.
Bu məqsədlə o, qardaşı ilə birgə Gülnarın oğurluq əməlini sübuta yetirmək üçün dəlillər toplamağa başlayıb. Direktorun qardaşı mütəxəssis taparaq evə dəvət edib və mənzilə bir neçə yerdə gizli kameralar quraşdırılıb. Kameraların qeydə aldığı görüntülər S.Orucovanın telefonuna istiqamətləndirilib. Bir neçə gün sonra şübhələr özünü doğruldub və S.Orucova telefonla kameraları izləyərkən evində oğluna baxan və uzaq qohumu olan dayənin əlcək geyinərək seyfi açdığını və oğurluq etdiyini görüb. S.Orucova əvvəlcə Gülnarı özü mühakimə edib və onu kamera qarşısında danışdıraraq pulları geri verməsini tələb edib.
G.Əliyevanın ağlayaraq yalvardığı görüntülərdə o yalnız 11 min dollar götürdüyünü və pulu qardaşına verdiyini, bu hadisə barədə anasına heç nə deyilməməsini xahiş edib. Bundan sonra oğurlanmış pulları tam miqdarda geri ala bilməyəcəyini görən lisey direktoru bütün görüntüləri və digər sübutları toplayaraq qardaşı ilə birgə polisə müraciət edib. G.Əliyeva barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş açılıb.
Əldə olunan digər məlumata görə, oğurluq əməlindən sonra dayə təzə aldığı avtomobilin kreditini bağlayıb, özünə son model bahalı telefon alıb. Onun cinayət əməlinin üstünün açılmasından sonra isə G.Əliyevanın anası evini satıb və lisey direktoru ilə qardaşına dəymiş ümumilikdə 78 min manatlıq ziyanı ödəyib. Bundan sonra S.Orucova və qardaşı şikayətlərini geri götürüblər və Gülnarın azadlığa buraxılmasını xahiş ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə G.Əliyevaya hökm oxunub, ona şərti cəza verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib